Neftin qiymətinin artması böhrana səbəb ola bilərmi?

post-img

Analitiklər Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarları üzrə aylıq hesabatından son dərəcə narahatdırlar. Hesabatda qlobal neft tələbatının davamlı artdığı qeyd olunub. Amma bazara tələbata uyğun həcmdə neft çıxarılmır. Bunun da səbəbkarı Səudiyyə Ərəbistanı və Rusiyadır. Səudiyyə Ərəbistanı könüllü olaraq neft hasilatını, Rusiya isə ixracını azaldır. Artıq Ər-Riyad hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. 

Rusiya isə ilin sonuna qədər neft ixracını könüllü olaraq gün­dəlik 300 min barel azaldacaq. Bundan əvvəl Rusiya avqus­tun 1-dən gündəlik hasilatı 500 min barel azaltmışdı. Beləliklə, bu iki ölkə tədarük ixtisarları­nı 2023-cü ilin sonuna qədər uzadıb. Nəticədə, Ər-Riyad və Moskva dünya bazarında son 10 ildə ən böyük neft kəsiri ya­radıblar. Bu o deməkdir ki, qlo­bal neft ehtiyatları azalmaqda davam edir və yüksək qiymətlər qalır. Məsələn, “Brent” nefti 36 sent bahalaşaraq 92,24 dol­lar, ABŞ-nin Qərbi Texas nefti (WTI) isə 35 sent bahalaşaraq 88,87 dollar olub. “Azeri Light” markalı Azərbaycan nefti 0,09 dollar artaraq 98,73 dollar təş­kil edib. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), mak­simal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Qarşıdakı aylarda nef­tin ucuzlaşması görünmür. 2024-cü ildə bir barelin qiyməti­nin 107 dollar olacağı proqnoz­laşdırılır.

Aydındır ki, bu dövlətlərin hər ikisi yanacağın yüksək qiy­mətlərində maraqlıdırlar. Birin­cisi, neftin qiymətinin artması onların valyuta gəlirlərini, vergi və gömrük rüsumlarından büd­cəyə daxilolmalar artır. İkincisi, səudiyyəlilər daxili islahatlar aparır, Rusiya isə Ukraynada hərbi əməliyyatları davam et­dirirlər. Həm müharibə, həm də islahatlar ucuz başa gəlmir, böyük məbləğdə vəsait tələb edir. Məsələn, Rusiya 2023-cü il üçün müharibə xərclərini iki dəfə artırıb. Bu xərclər 100 milyard dolları ötüb və döv­lət xərclərinin üçdə birini təşkil edir. Bunu Reuters agentliyi əldə etdiyi Rusiya hökumətinin sənədinə istinadən yazır. Rəs­mi olaraq bu xərclər “müdafiə” xərcləri adlanır.

Sənəddən belə çıxır ki, tək­cə 2023-cü ilin birinci yarısında Rusiya “müdafiə” üçün 5,59 tril­yon rubl (60 milyard dollardan çox) xərcləyib: Rusiya hakimiy­yətinin planlaşdırdığı 4,98 mil­yard rubldan (54 milyard dollar) 12 faiz çox. 

Analitiklər qeyd edirlər ki, neft hasilatı hazırkı səviyyədə qalarsa, növbəti rübdə tələblə təklif arasında fərq iki dəfə ar­tacaq. Nəzərdə tutulan dövrdə istehsalçıların gündə təxminən 30,7 milyon barel neftə ehtiyacı olacaq. OPEK-in proqnozlarına görə, kommersiya neft ehtiyat­ları dördüncü rübdə gündə təx­minən 3,3 milyon barel azala­caq və bu, 2007-ci ildən bəri ən kəskin azalmadır: o zaman ma­liyyə böhranı ərəfəsində həm dünya iqtisadiyyatı, həm də nef­tin qiymətləri çox artmışdı. 

Neft qıtlığı adambaşına düşən avtomobil yanacağına da təsir edir. “Grafonomics” ka­nalının ekspertləri hesab edirlər ki, son 50 ildə adambaşına neft istehlakı faktiki olaraq dəyişməz qalıb. Yəni, inkişaf etmiş ölkələ­rin enerji səmərəliliyi proqram­ları, elektromobilləşdirmə və s. adambaşına avtomobil yana­cağı sərfinin azalmasına səbəb ola bilməmişdir. Bəs niyə? Əgər “yaşıl enerji”dən istifadə hər il artırsa, neftə (benzinə) tələbat da azalmalıdır. Amma əksinə, adambaşına düşən avtomobil yanacağı artır. Bu proqramlar yalnız Asiyada artan tələbatı kompensasiya edə bilir. Sadə dillə desək, alman maşınının “yemədiyi” hər şeyi Çin maşın­ları “yeyir”. Həm də 1,5 milyard hindli, yüz milyonlarla pakis­tanlı, nigeriyalı və indoneziyalı şəklində bir ehtiyat da var. Ha­mısı gündə bir neçə litr benzin tələb edirlər. Ən azından artan əhali hesabına tələbat da artır. Bazara çıxarılan azalan neftin həcmi onun qiymətinə də təsir edir. Bu, özünü benzin isteh­salının azalması və qiymət ar­tımında göstərir. Tələbatı isə təmin etmək çətinləşir. Bu sə­bəbdən hazırda Rusiyanın bir çox vilayətlərində benzin qıtlığı yaranıb. ”.

Beləliklə, ruslar və səudilər üçün qara qızılın bahalaşması büdcə daxilolmalarının artması və rublun möhkəmlənməsinə ümiddirsə, Qərb ölkələri üçün bu, ilk növbədə, inflyasiyaya meyilli təhlükədir.

Pünhan ƏFƏNDİYEV
XQ

Dünya