İMEC, yoxsa “Orta dəhliz”?

post-img

Qlobal logistik marşrutlar uğrunda mübarizə güclənir

Məlum olduğu kimi, “Böyük iyirmiliy”in bu günlərdə Dehlidə keçirilən sammitində yeni meqanəqliyyat dəhlizi təqdim edilib. Hindistandan başlayaraq, Yaxın Şərq üzərindən Avropaya qədər uzanan yeni dəhliz İMEC (abbreviatura Hindistan, Yaxın Şərq və Avropa coğrafi adlarının ingilis dilindəki baş hərflərindən götürülüb-müəllif) adlanır. 

İMEC mal və əmtəələrin Hindistanın Mumbai liman şəhə­rindən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay limanına, oradan isə Səudiyyə Ərəbistanının səhralardan ibarət ərazi­sində 2 min kilometr uzunluğunda tikiləcək dəmir yolu vasitə­silə İordaniya Krallığına, qonşusu İsrailin Hayfa liman şəhə­rinə, daha sonra isə gəmilərlə Yunanıstana və digər Avropa ölkələrinə hər iki istiqamətdə çatdırılması üçün nəzərdə tu­tulub.

Bu möhtəşəm ideyanın icrası, şübhəsiz, müəyyən vaxt apacaq və iri ma­liyyə vəsaiti tələb edəcək. Təbii ki, belə böyük, ağır işə girişmək hər “oğulun işi deyil”. Amma neftlə zəngin regionda bu nəhəng işləri maliyyələşdirmək im­kanı olan dövlətlər var. Məsələn, Səu­diyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman jurnalistlərə bildirib ki, onun ölkəsi ilkin mərhələ­də layihənin uğurla həyata keçirilməsi üçün 20 milyrad dollar ayırmaq fikrin­dədir. 

Yəqin ki, belə meqalayihələrin yü­künün altına “çiyin vermək” istəyən beynəlxalq maliyyə təşkilatları, iri transmilli korporasiyalar da tapılacaq. Layihənin ideya müəllifləri olan ABŞ hökuməti və rəsmi Dehli iddia edir ki, İMEC işə düşərsə, Hindistandan Avro­paya malların “səyahəti”nə sərf olunan vaxt, azı, 40 faiz azala bilər. 

Yeri gəlmişkən, İMEC-in səmərəli nəqliyyat dəhlizi olacağını təsdiq et­mək çətindir. Ən azından ona görə ki, müxtəlif ölkələrdən, dəniz və limanlar­dan gəmi və dəmir yolları vasitəsilə daşınacaq mal və əmtəələrin vahid gömrük tariflərini təyin etmək heç də asan deyildir. Bundan başqa, dəhliz boyu zəruri infrastruktur yaradılmalıdır. Bütün bunları qısa zamanda həyata keçirmək o qədər də asan deyil. 

Bir çox təhlilçilər iddia edirlər ki, Hindistandan malların Avropaya çat­dırılması üzrə marşrut, ilk növbədə, Türkiyə üzərindən keçməlidir. Belə ki, qardaş ölkənin Mersin liman şəhəri bu dəhlizin əsas dayanacaqlarından biri olmalıdır. Türkiyənin coğrafi mövqeyi onu regionun təbii coğrafi və iqtisadi mərkəzinə çevirib və bu amil mütləq nəzərə alınmalıdır. Avropaya aparan yol ən yaxın Türkiyədən keçir. Bunu görmək üçün yeni bir Amerika icad et­məyə ehtiyac yoxdur. 

Nədənsə, bu marşrut İMEC-in ide­ya müəlliflərinin “yadına düşməyib”. Bu, sadəcə, “texniki bir səhv” ola bil­məz. Böyük ehtimalla, Vaşinqton bura­da müstəqil xarici siyasət kursu həyata keçirən Türkiyəni məqsədli şəkildə rən­cidə salmaq istəyib. 

Görünür, Vaşinqtonda rəsmi An­karaya belə bir mesaj vermək istə­yiblər: “Bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, bunu layiq olduğunuzu əməldə sübut edin!” Türkiyə hökuməti­nin buna nə cavab verəcəyi bəlli deyil. Böyük ehtimalla, Ankara yeni layihənin rentabelli olacağına şübhə edir. 

Fakt budur ki, İMEC iqtisadi maraq­lardan daha çox siyasi hədəflərə xid­mət edir. Böyük biznes isə maddiyyat və qazanc üzərində qurulub. Heç kim ziyana düşmək istəməz. Türkiyə də bunu yaxşı başa düşür və hadisələrin sonrakı gedişatını gözləyir. 

Bakı Dövlət Universitetinin xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov bildirdi ki, Türkiyə üçün hazırkı şəraitdə İMEC o qədər də maraqlı və cəlbedici ola bilməz. Çün­ki ona alternativ olan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində “Orta dəhliz” mövcuddur ki, onun reallaşması daha faydalıdır. 

Bu layihə çərçivəsində malların zəngin təbii və iqtisadi resurslara ma­lik olan Orta Asiya dövlətləri üzərindən Azərbaycana, buradan da Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana və Tür­kiyəyə daşınması üçün nəzərdə tutu­lub. Əslində, Avropa İttifaqı da bu la­yihəni dəstəkləyir. 

Böyük Britaniya hökuməti də “Orta dəhliz”in tezliklə həyata keçirilməsində maraqlı olduğunu gizlətmir. London yaxşı başa düşür ki, Çinin Mərkəzi və Orta Asiyada qarşısına çıxa bilə­cək əsas qüvvə Böyük Turandır. O da nəzərə alınır ki, Çindən fərqli olaraq çox sayda türk xalqlarının tarixən ya­şadığı böyük bir coğrafi məkanda türk mədəniyyəti və sivilizasiyası hazır­da ciddi təsir gücünə, necə deyərlər, “yumşaq güc”ə malikdir. 

Burada başqa bir incə məqam da var. Tanınmış siyasi şərhçi, professor Mübariz Məmmədli hesab edir ki, son vaxtlar Cənubi Qafqazda siyasi və hər­bi gərginlik yaratmaq istəyənlərin əsas niyyətlərindən biri məhz Zəngəzur dəh­lizinin açılmasına mane olmaq, Türkiyə ilə qardaş türk dövlətləri arasında bir­başa quru yolun açılmasının qarşısını almaqdır. 

Bununla bərabər, professor M.Məmmədli əmindir ki, yaxın gələcək­də Zəngəzur dəhlizinin açılmasına heç bir qüvvə mane ola biməyəcək. Belə ki, regionda söz sahibi olan müstəqil Azə­rabycan dövləti bu məsələdə siyasi ira­də ortaya qoyub. Cənubi Qafqaz döv­lətləri və xalqları, eləcə də ermənilər, nəhayət, dərk etməlidirlər ki, dəhlizin açılması və fəaliyyət göstərməsi regi­ona sülh və sabitliklə bərabər, rifah və tərəqqi gətirəcək. 

Atamoğlan MƏMMƏDLİ, 
BDU-nun professoru, siyasi şərhçi

– İMEC-in əsas məqsədi Yaxın Şərq ölkələrini dəmir yolu və limanlar vasitəsilə birləş­dirərək, onlarla Hindistan arasın­da əlaqə yaratmaq, bununla da xərcləri və yanacaqdan istifadəni azaltmaqla, İran körfəzindən Av­ropaya enerji və ticarət axınına yardım etməkdir. 

Bu, geniş ictimaiyyət üçün nəzərdə tutulan rəsmi açıqlama­dır. Təbii ki, burada siyasi motiv­lər də var və bir qədər sonra bu barədə bəhs edəcəyəm. 

Əvvəlcə, İMEC-in iqtisadi səmərəsi barədə danışaq. Layihə Hindistandan Avropaya BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən dəmiryol xət­ləri və liman infrastrukturunun in­teqrasiyasını nəzərdə tutur. Pre­zident Co Bayden hesab edir ki, bu razılaşma regionda aşağı və orta gəlirli ölkələr üçün çox fayda­lı olacaq, həmçinin Yaxın Şərqin qlobal ticarətdə əhəmiyyətli rol oynamasına imkan yaradacaq. 

Qeyd edək ki, bu, olduqca mürəkkəb və genişmiqyaslı la­yihənin həyata keçməsi üçün son dərəcə böyük maliyyə vəsaitləri tələb olunacaq. Saziş Çinin məş­hur “Bir kəmər, bir yol” layihəsi­nin aktuallığına kölgə salmaq məqsədi daşıyır. 

Məlumdur ki, son illər rəsmi Pekin Qədim İpək Yolunun bər­pasını nəzərdə tutan “Bir kəmər, bir yol” layihəsinin icrası üçün da­vamlı işlər görməkdədir. Hindis­tandan Avropaya qapı açan yeni layihə isə, fikrimcə, Çinin qlobal səylərinə ciddi rəqib kimi görünür. 

Hesab edirəm ki, yeni dəh­liz ideyası Səudiyyə Ərəbistanı ilə Amerika Birləşmiş Ştatlarının beyin mərkəzlərində meydana gəlib. Bir daha vurğulamaq istə­yirəm: İMEC, ilk növbədə, Çi­nin iqtisadi qüdrətini azaltmaq məqsədi daşıyır. 

Azərbaycan dövləti “Orta dəh­liz”in işə düşməsində çox maraq­lıdır. Bu layihə türk dövlətləri ara­sında iqtisadi əlaqələri daha da gücləndirəcək. 

Görünür, Böyük Turanın su­per qüvvəyə çevrilməsinə qarşı çıxan qüvvələr var. Lakin belə səylər əbəsdir. Fikrimcə, “Orta dəhliz” iqtisadi cəhətdən daha səmərəlidir. Siyasət və diploma­tiya isə iqtisadiyyatın maraqlarını ifadə etmək üçündür. 

Ceyran CƏFƏRLİ,
Məsaim ABDULLAYEV
XQ



Dünya