Ermənistan üçün sentyabr “hesabatları”

post-img

Son illər payızın ilk ayı haylara düşmür 

Delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. 

Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşdəki çıxışından

28 may 2023-cü il.

Azərbaycanda deyirlər ki, “cücəni payızda sayarlar”. Yəni başlanılmış işə əvvəlcədən qiymət vermək yanlış addımdır. Son illər Ermənistanda isə hərbçi itkilərini payızda sayırlar. Yəni hər sentyabrda bir təxribata əl atırlar və dərhal da burunları əzilir. Sonra da övladı itkin düşmüş və ya həlak olmuş əsgər anaları Nikol Paşinyanın yaxasından yapışaraq orta ballıq zəlzələ kimi, onu silkələyirlər ki, bacarmayacaqdınsa, nə üçün balalarımızın qanına bais oldun? 

Bədbəxt baş nazir cavab verə bil­mir. Daha doğrusu, necə desin ki, mən özbaşına deyiləm, deyirlər təxribat törət, törədirəm. Demək olmur. Amma bilmək olur ki, son zamanlar Nikola əmr və göstəriş verənlərin sayı çoxalıb. Hətta, Ermənistan rəhbəri artıq eyni anda müxtəlif istiqamətlərə baxmaq­dan elə çaşıb ki, nə danışdığını bilir, nə də hərəkətlərini. Bir gün Rusiyanın əleyhinə asıb-kəsir, ertəsi günü deyir ki, Ermənistandakı anti-Rusiya motivli çağırışların Vladimir Putinə dəxli yox­dur. Artıq bu hərzələrə ruslar da gülür­lər, ermənilər də. 

Qərəz, qayıdaq sentyabr məsələ­sinə. 2020-ci ilin sentyabrında Paşin­yanın rəhbərliyi altında “irəli gedən” Ermənistanının təxribatları Azərbay­can tərəfindən necə qarşılanmışdısa, artıq dünyada bunu bilməyən yoxdur. Ona görə də detallara keçmədən xa­tırladaq ki, həmin ilin payızında Er­mənistan üçün hesablanmalı faktlar o qədər çox oldu ki, hətta, sayıb qurtara bilmədilər. 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, 2020-ci il sentyabrın 7-də ( yəni bizim cavab həmləmizin başlanmasından 20 gün əvvəl) Ermənistan silahlı qüvvələ­rinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı atıcı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 50 dəfə pozublar. Ertəsi gün də işğalçı ölkənin silahlı qüvvələri sutka ərzin­də cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan və snayper tüfəng­lərindən də istifadə etməklə atəşkəs rejimini 57 dəfə pozmuşdular. Daha bir gün sonra – sentyabrın 9-da isə düş­mən tərəfi atəşkəs rejimini 51 dəfə po­zaraq hərbi təxribatlar törətmişdi. Yəni bizim səbr kasamızı daşırmaq istəyir­dilər ki, cavab verək və “yeni ərazilər tutmaq üçün yeni müharibəyə başla­mağa” bəhanələri olsun. 

Bəs sonra nə oldu? İşğalçıların ar­tan təxribatlarına cavab olaraq Azər­baycan Ordusu 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına baş­layaraq 44 gün ərzində torpaqlarımızı erməni işğalından azad etdi. Həmin ilin 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq, hərbi əməliyyatlar dayandırıldı. Ermənistan bu müharibədə maddi-tex­niki baxımdan nələri və nə qədər itirdi­yini hələ də erməni xalqından gizlədir. Amma on illər boyu uydurduqları məğ­lubedilməz erməni ordusu mifi darma­dağın oldu. Status məsələsi gorbagor edildi, beynəlxalq aləmdəki nüfuzları sıfırlandı və sair. Yəni həmin ilin payız hesablamaları onlara çox böyük prob­lem yaratdı. O qədər itkinin hesabını necə aparmaq olardı ki? 

2021-ci ilin payızında yenə də baş qaldırmaq istədilər və çox tez də geri çəkildilər. Daha doğrusu, irəli getməyə halları, imkanları yox idi. Ona görə də sadəcə fasilələrlə ərazilərimizə atəş açmaqla kifayətləndilər. Həmin il he­sablamaları asan olmuşdu. 

Dünyanın müxtəlif ölkələrindən və bir çox siyasi dairələrdən ruhlandırılan revanşistlər 2022-ci ilin sentyabrında da baş qaldırdılar. Düşmən həmin il sentyabrın 12-də ağır silahlarla ordu­muzun mövqelərini atəşə tutdu. Azər­baycan əsgərinin cavabı isə sarsı­dıcı oldu. 12-14 sentyabr tarixlərində davam edən döyüşlərdə erməni tərəfi 250-dək hərbçisini, xeyli texnikasını və mövqeyini itirdi.

Hərbi ekspertlər yazırlar ki, 2022-ci ilin sentyabrında Ermənistanın təxri­batlarına cavab olaraq ordumuzun hə­yata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən Araz sahilindən Murova qədər 74 döyüş mövqeyini itirdi. 11 strateji yüksəklik və onların ətrafındakı onlarca hakim yüksəkliklər də Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu döyüşlərdən sonra Azərbay­can Ordusu hazırkı Ermənistanın əra­zisində yerləşən tarixi torpaqlarımıza geniş müşahidə imkanları əldə etdi. 

İndi növbə 2023-cü ilin sentyabrına çatıb. Builki sentyabrın ilk iki günün­də də Ermənistan “ənənəsinə” sadiq qalaraq, ordumuzun mövqelərini ağır silahlardan atəşə tutub. Müdafiə Nazir­liyinin məlumatında bildirilir ki, düşmən tərəf sentyabrın ilk iki günündə Azər­baycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini mi­naatanlardan, artilleriya silahlarından atəşə tutub, eləcə də zərbə PUA-lar­dan istifadə edib. Bu dəfə də rəşadət­li ordumuz qarşı tərəfə layiqli cavab verdi. Belə ki, düşmənin 3 hərbçisi öldürüldü, biri isə yaralandı. Həmçinin bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi va­sitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib. Eləcə də Ermənistan ordusuna aid PUA-ların səyyar yerüstü idarəetmə stansiyası məhv edilib və əməliyyatın videogö­rüntüsü Müdafiə Nazirliyi tərəfindən yayılıb. Rəsmi məlumatlarda bildirilir ki, sentyabrın 2-dən sonra vəziyyət nisbətən səngisə də, erməni tərəfi hər gün bir neçə dəfə təxribatlar törədir, mövqelərimizi atəşə tutur. Ordumuz isə qarşı tərəfə tutarlı cavablar verir.

Yəni, düşmən Azərbaycan dövlə­tinin yaratdığı yeni reallıqlarla barışa bilmir və iddialarını davam etdirir. Bü­tün bunları nəzərə alan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu günlərdə yaydığı bəyanatda bildirilir ki, bu gün, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edil­məsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir. Rəsmi İrəvan bölgədə “humanitar və­ziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurası­na müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, bey­nəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir.

Xarici İşlər Nazirliyinin bəyanatında o da vurğulanır ki, Ermənistan Azər­baycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istis­mar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermə­nistan bütün dünyada təbliğat kam­paniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam–Xankəndi” yolu kimi digər marşrutlar­dan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədir.

Bu zaman diqqət çəkən başqa bir məqam da var. Belə ki, hərdəmxəyallığı ilə məşhur olan Nikol Paşinyan Ermə­nistan ordusunun istənilən təxribatın­dan sonra növbəti cəfəng bəyanatlarını dilə gətirir: “Bu əməlləri törədənlər re­vanşist, ruspərəst generallardır”. 

Sonda Ermənistan rəhbərliyinə xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kən­dində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyandan sonra çıxışın­da demişdir ki, bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd ver­məlidir, and içməlidir ki, biz müstəqilli­yimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq: “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymaya­cağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən, hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın tə­minatçısıdır, onun qarantıdır”.

Bəli, Azərbaycan dövləti, xalqımız və ordumuz işğalçı Ermənistandakı re­vanşistlərin bir daha baş qaldırmasına imkan verməyəcək. Onlara tövsiyəmiz odur ki, gedib son dörd ilin sentyabr he­sabatlarına (əgər varsa–red.) diqqət­lə baxsınlar. Nədənsə, son zamanlar sentyabr ayı onlara düşmür. 

İttifaq MİRZƏBƏYLİ
XQ

Siyasət