II MƏQALƏ
Elm siyasətinin “qızıl üçbucağı”
Azərbaycan Prezidentinin AMEA-nın 80 illik yubiley tədbirindəki nitqinin konseptual səviyyədə mənaları çox dərindir. Etiraf edək ki, hər lider elmlə bağlı konseptual xarakterli strateji məsələləri tam aydın müəyyən edə bilmir. İlham Əliyevin nitqində isə elm siyasətinin cari və strateji aspektləri sintez şəklində və dəqiq hədəflərin göstərilməsi xarakterizə olunur. Burada elmi intellekt üçün cəlbedici olan təməl tezislərin dərk edilməsi olduqca vacibdir. Çünki bu olmadıqda elmi təşkilat və elm adamları bütöv mənzərənin nə məntiqini tuta, nə də gerçək vəziyyəti qiymətləndirə bilərlər.
Bu yanaşma kontekstində Prezident İlham Əliyevin elm siyasətinin, şərti adlandırdığımız “qızıl konseptual üçbucağı” haqqında danışa bilərik. Onlar aşağıdakılardır: yeniləşən dünya, yeniləşən Azərbaycan və yeniləşən elm! Bu üç ifadənin semantik, nəzəri və praktiki cəhətlərinin qarşılıqlı münasibətləri mükəmməl konseptual sistem yaradır. Tezisin detallarına varmaq üçün dövlət başçısının nitqinin bir sıra fraqmentlərinə baxaq.
Dünya konteksti
Azərbaycan lideri nitqində dünya, Azərbaycan və elmin qarşılıqlı münasibətləri kontekstində aşağıdakı məqamları xüsusi vurğulamışdır.
Birincisi, dünya: “Mən 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir”.
Azərbaycan reallığı
İkincisi, Azərbaycan: “Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir... Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”.
Buradan dövlət başçısı çox mühüm strateji xarakterli nəticə çıxarır və onu aşağıdakı kimi ifadə edir: “Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik. Ona görə təbii ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir”.
Strateji konseptual qənaət
Azərbaycan lideri vurğulanan ciddi arqumentlər üzərində daha ümumi və əhatəli konseptual qənaət əldə edir: “Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrdən fərqlənir. Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür”.
Diqqət etsək görərik ki, ölkə rəhbəri dünya miqyasında baş verən yeniliklərin çox yığcam tezis formasında əsas məqamlarını aydınlaşdırılmasından sonra, onun Azərbaycana mümkün təsirlərini daha geniş kontekstdə izah edir. Bu, həm alimlərə və bütövlükdə cəmiyyətə çağırışdır, mövcud vəziyyətin incəliklərinə qədər özəlliklərini anlatmaqdır, həm də qarşıya qoyulan vəzifədir. Konseptual səviyyədə müəyyən edilən ümumi mənzərəni və onun əsasında qarşıya qoyulan əsas vəzifələri dəqiq ifadə etməklə faktiki olaraq Azərbaycan elmi üçün strateji hədəflər müəyyən edilmişdir. Eyni zamanda, dövlət başçısı dərhal vurğulayır: “Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun”.
İlham Əliyev elm siyasətində yeni intellektual situasiya yaradır
Belə alınır ki, Prezident İlham Əliyev elm siyasətində elm təşkilatları və yaradıcı insanlarla yanaşı dövlətin də məsuliyyəti məsələsini qoyur. Çox vacib nəzəri və praktiki məqamdır. Bütün sahələrdə olduğu kimi, İlham Əliyev elmdə də dövlətlə bu sahədə çalışanların tam birliyini yaratmaq xəttini seçmişdir. Obrazlı desək, dövlətlə yaradıcı kəsimin “dəmir yumruq” kimi birləşməsi Azərbaycanı ölkə olaraq yeni-yeni zirvələrə və qələbələrə çatdıracaqdır!
İlham Əliyevin bu siyasəti çox maraqlı və aktual yeni intellektual situasiya yaradır. Onun mahiyyəti yeniləşən dünyada yeniləşən ölkənin iqtidarı ilə elmi təsisatlar və yaradıcı insanlarının “intellektual vəhdəti”nə nail olmaqdan ibarətdir! Bu tezisin məna dərinliyinə varmaq üçün bir neçə məqama aydınlıq gətirmək gərəkdir.
Prezidentin “intellektual vəhdət” anlayışı: semantik yanaşma
Özlüyündə nəzəri-konseptual və praktiki aspektləri ehtiva edən mürəkkəb strukturlu anlayışdır. Zahirən “intellektual vəhdət” sırf nəzəri anlam təsiri bağışlaya bilər, ancaq müasir dövr üçün onun tətbiqi potensialı müəyyən deyilsə, nəticəverici funksiyası ola bilməz. Buna görə də, dövlət siyasəti kontekstində “intellektual vəhdət” elmi-nəzəri anlamı ilə yanaşı, praktiki-tətbiqi potensialı da ifadə etməlidir.
Prezident İlham Əliyevin elm siyasətinin yeni mərhələdə zəka gücü məhz bu məqamla bağlıdır. Çünki Azərbaycan Prezidenti intellektual vəhdətin mərkəzi faktorunu dəqiq müəyyən etmişdir. O, aşağıdakı kimidir: qlobal miqyasda baş verən yeniləşmə çətiri altında Azərbaycan mütləq yeniləşməlidir və bu prosesin başlıca aparıcı gücü iqtidarla yaradıcı kəsimin (təsisatlar, institutlaşma + yaradıcı elmi kollektiv) “intellektual həmrəylik” əsasında, ümumiyyətlə, “intellektual vəhdət” təşkil etmələrindən ibarətdir!
Deməli, “intellektual vəhdət” anlayışının semantikasına (məna sahəsinə, məna çalarlarının sisteminə) düzgün yanaşma, bütövlükdə İlham Əliyevin Azərbaycanda elm siyasəti kontekstində yaratdığı “yeni intellektual situasiya sahəsi”ndə çalışmalıyıq! Həmin çalışma sahəsi (“feili zona”) həm də “intellektual həmrəyliyin” formalaşdığı “konseptual məkandır”.
Bunlarla yanaşı, İlham Əliyev ölkə miqyasında formalaşdırdığı yeni intellektual situasiyanın əsas özəlliyini də nitqində vurğulamışdır. O, Prezidentin nitqinin aşağıdakı hissəsində ifadə edilmişdir: “Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır”.
AMEA-nın tükənməz intellektual potensialı
Əlbəttə, Azərbaycan Prezidentinin elm siyasətinin konseptual özəllikləri illərdir ki, dövlət başçısının fəaliyyətində formalaşmışdır. İlham Əliyev bütövlükdə 2003-cü ildən bu yana zəngin və qiymətli təcrübə toplandığını haqlı olaraq vurğulamışdır (III Şuşa Qlobal Media Forumu: “əldə etdiyim çoxillik siyasi təcrübə” (İlham Əliyev). Bu müddətdə AMEA Prezidentin fəaliyyətini elmi araşdırmış və lazım olan nəticələri çıxarmışdır. Ancaq həmin istiqamətdə konseptual səviyyədə ilk dəfə 2022-ci ilin payızından sistemli araşdırmalar əsasında ölkənin baş elmi təşkilatı sistemli və davamlı addımlar atmışdır. Bu da faktiki olaraq dövlət başçısının yeni intellektual situasiya və intellektual vəhdət tezislərinə elmi reaksiyadır. Onun yığcam və bütöv ifadəsi təşkilatın yeniləşmə kursunun müddəaları, prinsipləri və prioritetlərində aydın ifadə edilmişdir. Bununla faktiki olaraq AMEA tükənməz intellektual potensialını bir daha ortaya qoymuşdur.
Prezident İlham Əliyevin yuxarıda vurğuladığımız tezisləri fonunda sonuncu fikrin əsaslı olduğunu təsdiq edən bir neçə məqama baxaq.
Akademiyanın üç aspektdə fəaliyyəti
AMEA-nın Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf konsepsiyasının həyata keçirilməsində iştirakı təşkilatın üç aspektdə fəaliyyətinin qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. Onlar aşağıdakılardır.
Birincisi, Azərbaycanın baş elmi təşkilatı Prezident İlham Əliyevin müəyyən etdiyi yeni tarixi dövrün sosiohumanitar aspektdə geniş və dərin tədqiqini aparır. AMEA rəhbərliyi bu tədqiqlərin fəlsəfi, tarixi, sosioloji, kulturoloji, filoloji və ideoloji aspektləri əhatə etməsini ciddi vəzifə kimi alimlər qarşısında qoymuşdur.
İkincisi, AMEA ölkənin strateji inkişaf strategiyasının bütün istiqamətlər üzrə mütəmadi sosiohumanitar araşdırılmasını həyata keçirir. Bu, geniş və çoxşaxəli bir tədqiqat prosesidir. Özündə faktiki olaraq elmi fəaliyyətin təşkilini, AMEA daxilində tədqiqat institutlarının araşdırma istiqamətlərinin yeniləşdirilməsini və müxtəlif elmi təşkilatlarla AMEA-nın elmi əlaqələrini təkmilləşdirməklə müasir tələblərə uyğun səviyyəyə çatdırılmasını birləşdirir.
Üçüncüsü, AMEA strateji inkişaf konsepsiyası ilə bağlı əldə etdiyi elmi nailiyyətləri daim təkliflər paketi formasında rəsmi orqanlara təqdim edir.
Bu aspektlərin ümumi ruhundan belə alınır ki, AMEA faktiki olaraq yeniləşmiş formada elmi fəaliyyətin təşkili, tədqiqatların aparılması metodologiyası ilə alınan nəticələrin praktiki-tətbiqi istiqamətlərini sintez etməlidir. Burada başlıca məqsəd elmi-nəzəri aspektlə praktiki-tətbiqi aspektin optimal əlaqəsini təmin etməklə bağlıdır.
Əlbəttə, bunlar böyük zəhmət, təşkilatçılıq məharəti və yaradıcılıq tələb edən məsuliyyətli vəzifələrdir. AMEA rəhbərliyi onun öhdəsindən gəlmək üçün çox ciddi addımlar atır və onların uğurlu olduğuna şübhə yoxdur. Həmin amal naminə AMEA davamlı yeniləşmə prosesini aparır və bu əsasda özünün yeni inkişaf mərhələsinə qə-dəm qoymuşdur.
Burada iki səviyyədə, lakin bir-biri ilə sıx əlaqədə iki istiqamət reallaşdırılır.
Birinci istiqamət AMEA rəhbərliyinin Prezident İlham Əliyevin Azərbaycanın strateji inkişaf konsepsiyasına uyğun olaraq təşkilatın yeniləşməsinin ümumi prinsiplərini müəyyən etməsi ilə bağlıdır.
İkinci istiqamət isə müəyyən edilən yeniləşmə prinsiplərinin praktiki-tətbiqi aspektdə həyata keçirilməsidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

