Lobbiçilik – hamının istifadə etməyə çalışdığı strateji güc

post-img

Sentyabrın 14-də erməni “sevdalısı” Robert Menendezin təşəbbüsü ilə ABŞ Senatının Xarici əlaqələr komitəsində “Qarabağdakı böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr keçirildi. Diplomatik ciddiliyə sığmayan rəftarı ilə “Süngər Bob” kimi tanınan senator Bob Robert Menendez ABŞ-də Azərbaycanın və Türkiyənin ən qatı düşmənlərindən biridir.

Yəqin, unutmamısınız: Bob Menen­dez 2010-cu ildə diplomat Metyu Bray­zanın ABŞ-nin Bakıdakı səfiri olmasına qarşı çıxmışdı. Buna səbəb Brayzanın türk əsilli Zeyno Baranla evli olması idi. Həyat yoldaşı türk olan şəxsin Azərbay­canda Ermənistana qarşı daha aktiv mövqe tutacağından qorxan Menen­dez türklərə qarşı irqçi münasibətinin ilk işarəsini məhz o zaman vermişdi. Yax­şı, bu siyasətçinin türkü sevməməsinin arxasında tək arvadının erməni olmasımı dayanır, yoxsa ortada daha ciddi səbəb­lər var? Həmin ciddi səbəb lobbiçilikdir, bu gün ABŞ siyasətinə təsir göstərən basqı fəaliyyətidir.

Əslində, ortada gizlin heç nə yox­dur. Bob Menendezi bizə qarşı Səlib yürüşünə çıxmağa təhrik edən faktor pul və siyasi dəstəkdir. Məhz erməni lobbisinin göstərdiyi maliyyə yardımı və səsi ilə uzun illər Senatda yuva sal­mış bu senator demokratiyanın ana prinsipi sayılan ədalətə və həqiqətə arxa çevirir. Təəssüf ki, ABŞ-də siyasi lobbiçiliklə məşğul olan tək siyasətçi Bob Menendez deyil. Birləşmiş Ştatlar­da lobbiçilik sıradan bir fəaliyyət sayılır. Vaşinqtonda siyasətçilərə təsir etməyə çalışan lobbiçilər bunu adətən müxtəlif qruplar üçün və pul qarşılığında edirlər. Birləşmiş Ştatların siyasətinin dayağı sayılan və dünyada başqa nümunəsi olmayan lobbiçilik institutu uzun illərdir ayrı-ayrı şəxslərin və qrupların marağı­nın keşiyindədir. Təbii, ABŞ siyasətin­də böyük tarixə malik lobbiçilik həm də son dərəcə gəlirli bir işdir. 

Maraqlıdır ki, indiyədək lobbiçiliyin harada və kim tərəfindən yaradılması barədə mübahisələr aparılır. İngilislərin fikrincə, “lobbiçilik” və “lobbiçi” termin­ləri onlara aiddir. Belə iddia olunur ki, əvvəllər müxtəlif dövlət qurumlarına gələn adi ərizəçilərə məhz belə ad ve­rilirdi. O zaman, xüsusi qəbul otaqları yox idi, məmurlara və parlamentarilərə müraciət edənlərə ofisdəki otaqlara daxil olmağa icazə verilmirdi. Buna görə də ərizəçilər müraciətlərini yük­sək vəzifəli şəxsə çatdırmaq ümidi ilə keçidlərdə və dəhlizlərdə (lobbi) top­laşırdılar. Odur ki, ingilislərin fikrincə, lobbiçiliyin məhz “Dumanlı Albion”da meydana gəldiyini demək olar.

Okeanın o tayında isə ilk lobbiçi­lik fəaliyyətinin ABŞ-də olduğunu dü­şünürlər. Hətta “lobbiçilik” ifadəsinin ilk dəfə 1869-cu ildə ABŞ prezidenti Uilliss Qrant tərəfindən işlədildiyi iddia edilir. Rəvayətə görə, prezident Qrant Ağ Evin qarşısındakı “Willard” oteli­nin lobbisində dincəlir, viskisini içir və siqarından həzz alırdı. “Willard” oteli­nin ictimaiyyətlə əlaqələr üzrə mene­ceri Barbara Bahni həmin illəri belə təsvir edir: “Qrantın həyat yoldaşının onun Ağ Evdə siqar çəkməsindən xoşu gəlmirdi. Ona görə də Prezident Qrant “Willard” otelinin lobbisinə gəlməyi vər­diş halına saldı. Orada bir əlində siqar, digərində bir stəkan konyak ilə stulda əyləşirdi. Dövrün işbazları Prezidentin bu vərdişindən xəbər tutanda “Willard” lobbisinə axışmağa başladılar və növ­bə ilə prezidentə yaxınlaşaraq öz işlə­rini ona təqdim etdilər. Bu səbəbdən də Prezident Qrant onları “lobbiçilər” adlandırırdı”.

Bundan əlavə, indi dünyanın müxtəlif ölkələrində bu və ya digər dərəcədə qəbul edilən lobbiçilər üçün davranış qaydalarını ilk dəfə məhz amerikalılar hazırlamışdılar. “Lobbiçilik fəaliyyəti haqqında” ilk ümumamerika qanunu hələ 1876-cı ildə qəbul edil­mişdi. Buna uyğun olaraq, öz adından və ya üçüncü tərəfin adından fəaliyyət göstərən hər bir lobbiçidən Konqresin Nümayəndələr Palatasında rəsmi qey­diyyatdan keçməsi tələb olunurdu. 

1946-cı ildə bu gün də qüvvədə olan “Lobbiçilik fəaliyyətinin tənzim­lənməsi haqqında” federal qanun qə­bul edilmişdi. Hazırda rəsmi lobbiçilə­rin qeydiyyatının sərtləşdirildiyi iddia olunur. İndi onlardan nəinki hesabat vermələri tələb olunur, həm də kimin adından işlədiklərini, gördükləri işin müqabilində nə qədər pul aldıqlarını və lobbiçilik fəaliyyətinə nə qədər pul xərclədiklərini göstərməlidirlər. 

Bir sözlə, lobbiçilik ABŞ-nin siyasi sisteminin bir hissəsidir. Bu gün lobbi­çilərin Vaşinqtonda toplaşdıqları bildiri­lir. Lobbiçilərin ofisləri əsasən paytax­tın mərkəzindəki çox da uzun olmayan K adlı küçədə yerləşir. Siyasi proses­lərdə pul axınlarını izləyən mütəxəssis­lərin fikrincə, lobbiçilər ABŞ həyatının bütün aspektlərində böyük rol oynayır­lar. Buna görə də, ekspertlər son illər lobbiçilərin sayının xeyli artdığını da vurğulayırlar. Siyasət və pul münasi­bətlərini öyrənən analitiklər ABŞ-də, demək olar ki, hər kəsin lobbiçilərlə əlaqəsi olduğunu bildirirlər. 

Mütəxəssislərin sözlərinə görə, neft sənayesindən tutmuş əczaçılıq və müdafiə sənayesinə qədər hər bir sektorun öz lobbiçiləri var. Konqresdə qanunvericilərin lobbiçiliyi ilə yanaşı, “xüsusi maraq qrupları” icra hakimiyyə­tinə təsir göstərməyə çalışırlar. Çünki onların müştərilərinin taleyi konkret qa­nunun necə şərh edilməsindən və ya həyata keçirilməsindən asılıdır. 

Analitiklər, həmçinin vurğulayırlar ki, hazırda Vaşinqtonda ən nüfuzlu lob­biçilər keçmiş konqresmenlər, senator­lar və hökumət rəsmiləridir. Lobbiçilik vasitəsilə hökumətə təzyiq Amerika demokratik prosesinin bir hissəsinə çevrilsə də, bir çoxları lobbiçilərin fəa­liyyəti ilə bağlı bir sıra qalmaqalların bu peşənin reputasiyasını xeyli dərəcədə ləkələdiyi fikri ilə razılaşırlar. 

Zaman-zaman ABŞ-də korrupsiya qalmaqalları baş qaldırır ki, onların “qəhrəmanları” tanınmış siyasətçilər və məmurlar, həmçinin müəyyən “təz­yiq qrupları”nın maraqlarını təmsil edən lobbiçilər olur. Rəsmi lobbiçiliyin əleyhdarları hesab edirlər ki, peşə­kar lobbiçilər sistemi qüsurludur. Belə vurğulanır ki, böyük şirkətlərin öz lob­biçiləri var. Bundan əlavə, onlar uyğun qərarın qəbuluna nail olacaq istənilən mütəxəssisi işə götürə bilirlər. 

Beləliklə, deyə bilərik ki, ABŞ-də lobbiçilik ən nüfuzlu siyasi institutlar­dan biridir. Lobbi təşkilatları hazırda siyasi qərarların qəbuluna güclü təsir göstərirlər. Bunu erməni lobbisinin tim­salında aydın şəkildə görmək müm­kündür. Erməni lobbisinin ABŞ Konqre­si ilə əlaqələrinin həmişə güclü olması heç kimə sirr deyil. Amerikada maddi imkanları və əhalisi məhdud olsa da, ermənilər müəyyən seçki dairələrində cəmləşərək, seçki kampaniyalarında iştirak etməklə bunu kompensasiya et­məyə çalışırlar. Erməni lobbisi Türkiyə ilə yanaşı, Azərbaycana da qarşı ciddi təbliğat aparır. Ermənistanın Azərbay­can torpaqlarının işğal etdiyi müddətdə erməni lobbisi ABŞ administrasiyasına bu və ya digər qərarların qəbul edilmə­sində təsir göstərmişdi. 

Ancaq 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində erməni lob­bisi ABŞ-nin siyasətini səfərbər edə bilmədi. Bütün təzyiqlərə rəğmən Azər­baycan Ermənistanın 30 illik işğalına son qoymağı bacardı. Amma erməni lobbisinin bizə qarşı müharibəsinə son qoyulmadı və bu düşmən siyasət hələ də davam edir. Ona görə də, Azərbay­can və Türkiyə bu destruktiv qüvvəni neytrallaşdırmaq üçün bundan sonra da fəal siyasət yürütməlidir. 

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət