Paşinyan hindistanlıların ümidinə qalıb

post-img

Bu gün İrəvan Ağsaqqallar Şurasına seçki keçiriləcək. Kollegial qaydada İrəvanı idarə edən 65 üzvdən ibarət şuraya seçki haylar üçün ona görə əhəmiyyətlidir ki, daha çox yer qazanan siyasi partiya sonradan şəhər merinin kim olacağını müəyyənləşdirəcək. Şura üzvlərinin say tərkibi və merin hansı düşərgəyə mənsub olması Ermənistandakı siyasi qüvvələr üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Bu baxımdan, siyasi qüvvələr seçkiqabağı təşviqat kampaniyasına start verildiyi avqustun 22-dən etibarən 25 gün ərzində İrəvan sakinlərini onlara səs verməyə inandırmağa çalışıblar.

Seçkiqabağı təbliğat-təşviqat kam­paniyası sentyabrın 15-də başa çatıb. Dünən İrəvanda “sükut günü” idi. Seç­kidə, ümumilikdə, 14 siyasi qüvvə – 13 partiya və 1 blok iştirak edir.

Hakim “Mülki müqavilə” partiyası­nın siyahısındakı bir nömrəli namizəd indiyədək İrəvan merinin müavini olan Tiqran Avinyandır. Onun hakimiyyətin namizədi olacağı bir il əvvəldən açıq­lanmışdı.

Qeyd edək ki, T.Avinyan baş nazir Nikol Paşinyanın yaxın silahdaşların­dan biridir. O, 1989-сu ildə İrəvanda doğulub. 2009-cu ildə Rusiya–Ermə­nistan Universitetinin tətbiqi riyaziyyat fakültəsindən məzun olub. 2014-cü ildə Londonda yerləşən Kraliça Mariya Universitetini iqtisadiyyatın riyazi mo­delləşdirilməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-2011-ci illər­də “Irigate” suvarma sistemlərinin qu­raşdırılması və landşaft dizaynı üzrə kompaniyaya rəhbərlik edib. 2014-cü ildən “Cyber Vision” proqram təmina­tı şirkətinin baş direktoru olub. Hakim “Mülki müqavilə” partiyasının yaradıcı­larındandır. 2017-ci ildə “Yelk” blokun­dan Ağsaqqallar Şurasının üzvü seçi­lib. 2018-ci ilin mayından 2021-ci ilin avqustunadək Ermənistan baş naziri­nin müavini olub. 2022-ci il sentyabrın 23-də Ağsaqqallar Şurasının qərarı ilə İrəvan merinin müavini təyin edilib.

2021-ci ildə hakim qüvvə tərəfin­dən İrəvan meri vəzifəsindən uzaqlaş­dırılan Hayk Marutyan “Milli tərəqqi” partiyasının siyahısında bir nömrəli namizəddir. O, istefa verdikdən sonra mer kimi fəaliyyətinin nəticələrinə ye­kun vuran monotamaşa ilə çıxış edib. Son tamaşadan sonra elə teatr səh­nəsindən seçkilərdə iştirak edəcəyini açıqlayıb. Son günlər yumoristik tama­şadan müxtəlif fraqmentlər dərc edib, onlardan birində İrəvanı bürüyən qa­nunsuz tikililərdən danışıb.

Bələdiyyə seçkilərində “Ana Ermə­nistan” blokuna rəhbərlik edən “Ha­yastan” müxalifət fraksiyasının depu­tatı Andranik Tevanyan da paytaxtın meri olmaq istəyir. Tevanyan deputat mandatından imtina edib. Blok İrəvan Ağsaqqallar Şurasına seçkilərə haki­miyyət dəyişikliyinə nail olmaq vasitəsi kimi baxır.

“Respublika” partiyasının siyahısı­na keçmiş ədliyyə naziri, hüquqşünas Artak Zeynalyan başçılıq edir.

“Həyat üçün ölkə” partiyasının sədri Mane Tandilyan da mer postuna namizəddir. Bu qüvvəni Qarabağda­kı qondarma separatçı rejimin sabiq “dövlət naziri”, oliqarx Ruben Vardan­yan dəstəkləyir. Vardanyan İrəvan Ağ­saqqallar Şurasına seçkiləri Qarabağ məsələsi ilə əlaqələndirərək, bunun “Artsaxdan imtina edən qüvvənin si­yasi səhnədən kənarlaşdırılması is­tiqamətində ilk addım ola biləcəyini” deyib.

Tandilyan özü də Paşinyanın devril­məsi məsələsində Vardanyandan geri qalmır. O, seçkiqabağı kampaniya za­manı bildirib ki, mandatı hakimiyyətin dəyişdirilməsinə xidmət edəcək siyasi qüvvəni seçmək lazımdır. “Azadlıq” radiosunun erməni xidmətinin sualını cavablandıran Tandilyan qeyd edib ki, onların siyasi qüvvəsi İrəvanın prob­lemlərini Ermənistanın üzləşdiyi təh­lükəsizlik problemlərindən ayırmaq istəmir, Qarabağ məsələsi isə partiya­nın diqqət mərkəzində (?) olacaq.

Merliyə namizəd onu da deyib ki, 50 faizdən çox səs toplamasa, “Mülki müqavilə”yə qoşulmayacaq. Ancaq o, müxalif qüvvələrə, xüsusən də müxa­lifətin əsas namizədi olan Hayk Marut­yanın rəhbərlik etdiyi “Milli tərəqqi”yə qoşulub-qoşulmayacağı sualına cavab olaraq bunu istisna etmədiyini bildirib.

“İşıqlı Ermənistan” partiyası da seçkilərdə iştirak edir. Bu partiyanın siyahısında birinci yerdə dayanan Ağ­saqqallar Şurasının üzvü David Xacak­yandır.

Seçkidə, həmçinin Ermənistan Av­ropa Partiyası, “Vahid Ermənistan”, “Demokratik konsolidasiya”, “Sosi­al ədalət uğrunda”, “Vətənin gücü”, “Qələbə”, “İctimai səs” və “Ədalətli Er­mənistan” partiyaları da iştirak edirlər.

***

Qeyd edək ki, “Mülki müqavilə” seç­kiqabağı dövrdə aktiv təbliğat-təşviqat kampaniyası aparıb: media subyekt­lərində və sosial şəbəkələrdə müxtəlif videroliklər, reklamlar yayımlanıb, seçi­cilərlə görüşlər keçirilib və sair. Ancaq hüquq müdafiəçiləri kampaniya zama­nı Avinyanın xeyrinə inzibati resurslar­dan sui-istifadənin olduğunu bildirirlər. Xüsusilə, seçkiləri müşahidə edən “Müstəqil müşahidəçi” bloku T.Avinyan barədə il ərzində İrəvan meriyasının rəsmi səhifələrində çox tez-tez müsbət xəbərlər paylaşıldığını sübut edən ge­nişhəcmli araşdırma dərc edib. Belə ki, paylaşımlarda Tiqranın adı keçmiş mer Qraçya Sarkisyanın və hazırda mer sə­lahiyyətlərini icra edən Levon Ovannis­yanın adından daha çox çəkilib.

“Hakim partiyanın namizədinin İrə­van Ağsaqqallar Şurasına seçkilərdə əldə etdiyi üstünlüyü qeyd olunan inzi­bati resursdan istifadə etməklə ölçmək çətindir. Lakin bu resurslardan istifadə­nin məqsədyönlü, sistemli şəkildə təş­kil olunduğu göz qabağındadır”, – deyə seçki prosesini izləyən təşkilatın koor­dinatoru Daniel İoannisyan bildirib. O əlavə edib ki, Avinyan bu yolla İrəvan meri postuna əsas iddiaçıya çevrilib. Onun rəqibləri isə Tiqranın başlanğıc üstünlüyü şəraitində hərəkət etməyə məcbur olublar.

Onu da qeyd edək ki, sentyabrın 15-də “Mülki müqavilə”nin İrəvanda yürüşü olub. Yürüş təbliğat mitinqi ilə başa çatıb. Ermənistan mediası və seçkidə iştirak edən digər qüvvələr, ha­belə müstəqil ekspertlər dövlət işində çalışan işçilərin avtobuslarla hakimiy­yətin mitinqinə aparıldığını bildiriblər.

“Müstəqil müşahidəçi”nin koordi­natoru D.İoannisyan deyib ki, inzibati resursdan bu cür sui-istifadə halları­nı görmək onlar üçün bir az gözlənil­məz olub: “Bizə bugünkü (sentyabrın 15-dəki-S.H.) mitinqlə bağlı çox adam müraciət edib. Nəinki anonim siqnallar daxil olub, həm də konkret adlar var. İnsanlar hətta, adlarının dərcinə də hazırdırlar. Hər halda, biz bu şəxslərin verdiyi məlumatları yoxlamaq məcbu­riyyətindəyik”.

İoannisyan bildirib ki, seçki kampa­niyası dövründə hakimiyyətin namizə­dinin İrəvanın inzibati rayonlarında ke­çirilən mitinqlərində çoxlu sayda dövlət qulluqçusunun iştirakı qeydə alınıb. Onun sözlərinə görə, bu, onların mü­şahidəçiləri tərəfindən də təsdiqlənib: “Tiqran Avinyan seçki kampaniyasının son günü Politexnik İnstitutunun tələ­bələri ilə görüşüb. Avinyanla görüşən tələbələrin bəziləri onları heç kimin bu görüşdə iştiraka məcbur etmədiyini, bəziləri isə dekanlığın görüşdə iştiraka çağırdığını, dərsə gəlməmələrini üzür­lü sayacaqlarını vəd etdiyini bildirib”.

“Müstəqil müşahidəçi” seçki kam­paniyası dövründə inzibati resurslar­dan istifadə ilə bağlı hüquq-mühafizə orqanlarına 4 müraciət edib ki, onlar­dan da ikisi hakimiyyətlə bağlıdır.

“Luys” Fondunun nümayəndəsi Narek Tadevosyan isə hakimiyyətin inzibati resurslardan istifadəsi ilə bağ­lı sentyabrın 15-də səhər “Facebook” səhifəsində yazıb: “Bu gün səhərdən İrəvan meriyasının “başbilənləri” yü­rüş-mitinqdə iştirak etmək üçün adam toplamaq kimi mühüm işlə məşğuldur­lar. Rəhbər işçilərə mümkün qədər çox işçinin iştirakını təmin etmək tapşırı­lıb. Həmçinin yürüş və mitinq zamanı ictimaiyyətin diqqətini cəlb etməmək üçün işə qeyri-rəsmi geyimdə gəlmələ­ri tapşırılıb. Eyni zamanda, işçilərə bu gün işi bir saat tez bitirib lazımi yerdə ola biləcəkləri bildirilib. Onların yoxlu­ğunun gələcək karyeralarına təsirsiz ötüşməyəcəyi barədə xəbərdarlıq edi­lib. İrəvan meriyasında çalışan keç­miş həmkarlarımı təslimçi hakimiyyət orqanları tərəfindən təşkil olunan heç bir yürüş-mitinqdə nəyin bahasına olur­sa-olsun iştirak etməməyə çağırıram. Eyni zamanda, xatırladıram ki, hüquq və vəzifələriniz Ermənistanın “Dövlət qulluğu haqqında” qanununda təsbit olunub”.

Politoloq Narek Samsonyan isə yazıb ki, “Mülki müqavilə”nin yürüş-mi­tinqində iştirak edənlərin sayı əsas müxalifət qüvvələrinin keçirdiyi aksiya­larda iştirak edənlərdən dəfələrlə aşa­ğıdır və bu, hətta adi gözlə də aydın gö­rünür: “Faktiki olaraq, işdən çıxarılma hədələrindən və inzibati resurslardan istifadədən sonra belə Paşinyanla ya­naşı duranların sayı müxalifəti dəstək­ləyən vətəndaşların sayından dəfələrlə azdır. Kütləvi yürüşdə iştirak edənlərin sayından hindistanlıları çıxsaq, şəhər­də Paşinyanı dəstəkləyənlərin sayının on dəfə azaldığını deyə bilərik”.

O, yürüşdə iştirak edən Hindistan vətəndaşlarının fotosunu da paylaşı­mına əlavə edib. Vahe Movsisyan adlı istifadəçi isə yürüşə qatılan hindistan­lıların hər birinə 800 dram ödənildiyini bildirib.

Onu da qeyd edək ki, İrəvan Ağ­saqqallar Şurasına seçki sonuncu dəfə 2018-ci il sentyabrın 23-də keçi­rilib. Həmin seçkidə Paşinyanın “Mül­ki müqavilə” partiyasının daxil olduğu “Mənim addımım” bloku böyük qələbə qazanmışdı. Blok şuradakı 65 yerdən 57-nə sahib olmuşdu. Baş nazirin son illərdə yürütdüyü uğursuz xarici siyasət, o cümlədən, Azərbaycanla münasibətlərdəki destruktiv mövqeyi onun reytinqinin xeyli aşağı düşməsinə gətirib çıxarıb. Paşinyanın bu seçkidə əvvəlki uğuru təkrarlamağı bacarıb-ba­carmayacağı şübhəlidir.

Zaur MƏMMƏDOV,
politoloq

– İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkiyə həm iqtidar, həm də müxalifət ciddi yanaşır. Ona görə ki, qarşıdakı dövrdə Ermənistanda keçi­riləcək parlament seçkilərinin nəticə­si, həm də, bu gün keçiriləcək seçki­dən asılı olacaq. Ölkənin paytaxtında toplanan səslər olduqca mühüm əhə­miyyət daşıyır.

Nikol Paşinyan onun hakimiyyəti illərində Ermənistanda keçirilən bu və ya digər seçkiləri demokratik ad­landırır və ölkəsini sivil dövlət kimi qələmə verməyə çalışır. Əslində isə seçkiqabağı təbliğat-təşviqat kam­paniyasından da göründüyü kimi, inzibati resurslardan hakimiyyət na­mizədinin xeyrinə sui-istifadə olu­nur. Şansı böyük olan namizədlər sıxışdırılır. Namizədlərə bərabər im­kanlar yaradılmır. Bu, Ermənistanda uzun illər sınaqdan çıxarılmış siyasi texnologiyadır. Təəssüf ki, Paşinyan iqtidarı da ondan istifadə edir. Seç­kinin nəticəsinə müxtəlif vasitələrlə təsir edirlər. Paşinyan rəqiblərinin önünü müxtəlif qanunazidd üsullarla kəsir. Ancaq “Mülki müqavilə”nin son yürüş-mitinqi də göstərdi ki, İrəvan sakinləri daha Paşinyanı əvvəlki kimi dəstəkləmirlər. Eyni zamanda, seç­kilər saxtalaşdırılsa, dinc yürüş-mi­tinqlər kütləvi iğtişaşlara çevrilə bilər.

Səxavət HƏMİD
XQ



Siyasət