ABŞ-nin işğalçı Ermənistana dəstəyi Azərbaycana xəyanətdir

post-img

Bu addım Azərbaycanın son 30 ildə Ağ Evin sədaqətli tərəfdaşı olmasının mükafatıdırmı?

Bu sətirləri qələmə alarkən rusların amerikaşünas mütəxəssislərindən birinin 15–16 il əvvəl yazdığı məqalədən yadımda qalan bir məqamı xatırladım. Rus müəllif ABŞ prezidentlərindən birinin öz ölkəsinin siyasəti barədə dediyinə diqqət yetirmişdi.

Prezident öz xanımıyla iqamət­gahın eyvanında oturub çay içirmiş. Aşağıda – həyətdə isə onların 2 azyaşlı oğlu oynayırmış. Böyük qardaş balaca qardaşı döyəndə xanım ərinə deyib ki, ona xəbərdarlıq elə, kiçik qardaşını döy­məsin. Prezident isə xanımına ABŞ-nin dövlət siyasətini xatırladıb: “Əgər kiçi­yin gücü çatırsa, cavab versin, gücü çatmırsa, onun dediklərinə əməl etsin”. Rus müəllif bu əhvalatı yazandan sonra əlavə eləmişdi ki, həmin münasibət ABŞ dövləti yaradıldıqdan bəri onun xarici siyasətinin təməl prinsiplərindəndir və amerikanlar həmişə belə olublar. 

Yazını rus müəllifin məqaləsi ilə başladıq, Rusiya siyasətçisinin fikirləri ilə də davam etdirək. Prezident Vladi­mir Putin bir neçə gün əvvəl Şərq İq­tisadi Forumunun plenar iclasındakı çıxışında deyib ki, Vaşinqtonun dostla­rı yoxdur, yalnız öz maraqları var: “On­lar öz müttəfiqlərinə və tərəfdaşlarına təzyiq göstərirlər”. Əslində, bu tezis bi­zim üçün o qədər də yeni deyil. Çünki ötən əsrin son onilliyində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə, bir miyondan çox soydaşımız qaçqın-köçkün taleyi yaşamalı olanda özünü demokratiyanın qoruyucusu, himayədarı adlandıran Ağ Ev Ermənis­tanı cəzalandırmaq əvəzinə, Azərbay­cana yardım göstərilməsini əngəlləyən “907-ci” düzəliş adlı bədnam sənəd imzalamışdı.

Lakin 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı məşum terror aktından sonra ABŞ-nin yaratdığı anti-terror kolalisiyaya qoşulan ilk ölkə Azərbay­can olmuşdu. Əvəzində, Minsk qrpu­punun həmsədri olan ABŞ Qarabağ münaqişəsinin həlli istiqamətində bircə addım da olsun atmadı. 

Bu gün dünya şahiddir ki, ABŞ rəs­miləri Ukraynanın, Moldovanın, Gür­cüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Biz bundan nara­hat deyilik, əksinə, sevinir və alqışla­yırıq. Ancaq bizi narahat edən odur ki, ölkəmizin BMT-nin də tanıdığı ərazi bü­tövlüyü pozulanda, açıq-aşkar işğal 30 il davam edəndə öz maraqlarını əsas tutan ABŞ Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanı dəstəkləyən addımlar atdı. Azərbay­canlı mütəxəssislər haqlı olaraq ya­zırlar ki, bu gün ABŞ-dən Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbay­cana olsaydı, torpaqlarımız uzun onil­liklər işğal altında qalmazdı. 

Yəni Vaşinqtonun son onillərdə səsləndirdiyi “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”, “Azərbay­can dövləti ilə bundan sonra da əlbir işləməyə hazırıq” kimi ifadələr, sadəcə, riyakarlıq, başaldatmaq əlamətləri idi. Vaşinqton həmin tezisləri bir məqsəd­lə dilə gətirirdi: “Azərbaycan Ağ Evin Avropadakı müttəfiqlərinin enerji təh­lükəsizliyinin təmin edilməsində fəal iş­tirak etsin.” Ancaq bu, o demək deyil ki, onlar bizi aldadıblar və ya rəsmi Bakı öz dövlət maraqlarımıza uyğun olma­yan hansısa addımı atıb. Qətiyyən elə deyil. 

Azərbaycan öz karbohidrogen eh­tiyatlarını kiməsə satmalı idi və xalqı­mızın, dövlətimizin maraqlarını nəzərə alaraq biz həmin sərvətimizi Avropaya çatdırmaq üçün lazım olan bütün ad­dımları atmışıq. Məhz həmin uğurlu siyasətimizin nəticəsidir ki, Avropa İtti­faqına üzv olan dövlətlərdən 9-u Azər­baycanın strateji tərəfdaşıdır. 

Biz ölkəmizin karbohidrogen eh­tiyatlarını ABŞ-nin Avropadakı müt­təfiqlərinə göndərəndə işğalçı Ermə­nistanın emissarları da ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altın­da vəsait toplayırdılar. Məhz ABŞ-də Qarabağdakı cinayətkar rejimin ofisi yaradılmışdı. Rejimin “nümayəndələri” Amerikaya səfər edərək ayrı-ayrı sə­viyyələrdə görüşlər keçirirdilər. Bütün bunlar Ermənistan – Azərbaycan mü­naqişəsinin həllinə ABŞ-nin tormozla­yıcı münasibətinin göstəricisidir. 

ABŞ rəsmiləri üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edərək, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə yardım edəndə rəsmi Bakı Əfqanıstandakı antiterror əməliy­yatları üçün öz hava yollarını koalisiya qüvvələri üçün açmışdı. Bütün bunları ABŞ və Ermənistan da daxil olmaqla, dünyada bilməyən yoxdur. İndi ABŞ rəsmilərinin 2020-ci ildə böyük məğlu­biyyətlə üzləşmiş Ermənistan ordusu­nu dirçəltmək istəyi və cəhdi, sadəcə, üzdəki “dostun, tərəfdaşın, həmfikirin” öz tərəf-müqabilinə xəyanətidir. Vəs­salam. 

Sonda bir məqamı da yada salaq. SSRİ dağlandan sonra, guya, dünyada haqq-ədaləti bərqərar etmək missiya­sını üzərinə götürən ABŞ mövcud və yeni daxil olduğu hansı ölkəyə xoşbəxt­lik gətirib? Son 30 ildə dünyada hansı problem həll olunub? İraqda, Suriyada, Əlcəzairdə, Əfqanıstanda, Liviyada, Misirdə, guya, özlərinin dedikləri kimi diktatura rejimini dəyişirdilər. Məgər bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hələ də bu ölkələrdə hər gün yüzlərlə dinc insan ölür. Elə Ermənis­tanda da nəyəsə nail ola bilməyəcək­lər. 

Azərbaycanlı ekspertlər, haqlı ola­raq, soruşurlar ki, həmin qara günə qoyulmuş ölkələrdəki insanların haqqı, hüququ yoxdurmu? Amerika hansı üzlə bizə demokratiya, insan hüquq­larının qorunması dərsi keçmək istə­yir? Azərbaycanın 1 milyon insanı 30 ilə yaxın qaçqın, köçkün vəziyyətində yaşadı. Onların günahı nə idi? Erməni vandalları 20 faiz ərazimizi cəhənnəmə döndərəndə ABŞ rəsmiləri niyə buna etiraz etmədi? Bizim şəhər və kəndlə­rimizin günahı nə idi ki, yerlə- yeksan elədilər? İndi ABŞ-nin həmin vəhşiliklə­ri törətmiş qəbilə xislətli toplumun yağ­maçı ordusunu yenidən dirçəltməkdə niyyəti nədir?

Hansı məqsədləri güdürlərsə, gü­dsünlər. Azərbaycan artıq onların gü­man etdikləri dövlət deyil. Elə ermənilər də onların güman və etibar etdikləri kimi deyil. Ermənilər günün birində mütləq ABŞ-yə də xəyanət edəcəklər. Azərbaycana, Türkiyəyə, Gürcüstana, Rusiyaya xəyanət edərək çox “böyük təcrübə” qazanmış ermənilərin tezlik­lə Ağ Evin də üzünə ağ olacaqları gün kimi aydındır. 

İttifaq MİRZƏBƏYLİ
XQ



Siyasət