Öz dərmanlarımız çoxaldıqca qiymətlər də enəcək

post-img

Hələlik isə əczaçılıq məhsullarının idxalı azalmır

Ölkəmizdə dərmanların baha qiymətə satılması, keyfiyyətinin aşağı olması, eləcə də bəzi əczaçılıq mallarının qıtlığı əhalini həmişə narahat edib. Son illər bu sahədə müəyyən işlər görülsə də, Tarif (qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərarlar qəbul etsə də, problemin köklü həlli mümkün olmayıb. 

İnzibati tədbirlərə baxmayaraq, dər­manların qiyməti anbaan bahalaşıb. Bu azmış kimi, bəzi dərman vasitələri apteklərdən yoxa çıxıb. Əlacı həmin dərmanları xarici ölkələrdə axtarmaq­da görən vətəndaşlar əlavə xərc çək­məklə yanaşı, vaxt itkisi ilə də üzləş­məyə məcbur olublar.

Dərmanların əlçatan olmaması isə xəstə insanlar üçün, ümumilikdə, ölkə­nin səhiyyə sistemi üçün əlavə yükə çevrilib. Üstəlik, dərman vasitələrinə tələbat həmişə yüksək olduğundan bu sahədə mövcud qiymət sərbəstliyi ucuzlaşmanı təmin etmək əvəzinə, ba­halaşmaya rəvac verib. Ekspertlər bildi­rirlər ki, əczaçılıq sahəsi öz spesifikliyi ilə seçildiyindən burada vətəndaşın se­çim imkanı azdır. Çünki o, digər məh­sullardan fərqli olaraq əczaçılıq məhsul­larını öz istəyi və seçimi əsasında almır, həkimin təyin etdiyi dərman vasitələrini almağa məcburdur. 

Bu sahədə həyata keçirilən sər­bəst qiymət siyasətini fürsət bilən bəzi işbazlar isə ölkəyə gətirdikləri dərman vasitələrini və digər əczaçılıq malları­nı istədikləri qiymətə təklif edirlər. Bəzi hallarda isə, süni qıtlıq yaratmaqla dər­manların bahalaşmasına nail olurlar. Belə neqativ halların qarşısını almaq isə müəyyən inzibati metodlara əl at­mağı zəruri edir. Ekspertlər bildirirlər ki, hətta bir sıra inkişaf etmiş, liberal iqti­sadiyyata malik Avropa ölkələrində də qiymətləri bu və digər formada dövlət tənzimləyir. Bu halda dərman istehsal­çıları da həmin ölkələr üzrə daha mü­nasib qiymət siyasəti həyata keçirirlər. 

Ekspertlər onu da qeyd edirlər ki, ötən illər ərzində ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlən­məsi ilə bağlı həyata keçirilən dövlət siyasəti nəticəsində bu sahədə şəffaflıq təmin edilib, ictimai və dövlət nəzarəti güclənib. Məsələnin həm sosial, həm də iqtisadi əhəmiyyəti nəzərə alınaraq dərman vasitələri bazarında tənzim­ləmədən əvvəl müşahidə edilən xaotik vəziyyət aradan qaldırılıb.

İndən belə ölkəmizdə, həm də dər­man vasitələrini təsdiq olunmuş qiy­mətlərdən daha aşağı qiymətə almaq mümkün olacaq. Buna Tarif (qiymət) Şurasının dərman vasitələrinin qiymət­lərinin yuxarı həddini təsdiq etməsi ilə bağlı yeni qərarı imkan yaradacaq. 

Məlum olduğu kimi, ölkə Preziden­tinin 2023-cü il 14 iyul tarixli fərmanı ilə “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərlə 13 dövlət quru­munun təmsil olunduğu Tarif (qiymət) Şurasına dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin təsdiq edilməsi tapşırılıb. 

Dövlət başçısının tapşırığından irəli gələn məsələlərin icrası məqsədilə 2023-cü il sentyabrın 15-də Tarif (qiy­mət) Şurasının növbəti iclası keçirilib. İclasda indiyədək təsdiq edilmiş bütün dərman vasitələrinin topdan və pə­rakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərar qə­bul edilib. “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 15 sentyabr 2023-cü il tarixində qəbul etdiyi yeni qərarla “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tən­zimlənməsi barədə” 31 iyul 2023-cü il tarixli qərarında bir sıra dəyişikliklər olunub. Dəyişikliklərə əsasən, əvvəlki qərarda qeyd olunmuş “qiymətləri” sözü “qiymətlərinin yuxarı həddi” sözləri ilə əvəz edilib. 

Xatırladaq ki, yeni qərar qəbul olu­nanadək dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün aptek­lərdə dərman vasitələri həmin qiymətə satılırdı. Artıq dərman vasitələrinin va­hid qiymətləri yuxarı hədd olaraq təsdiq edilib. Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən ucuz satıla bilər. 

Tarif (qiymət) Şurasının Katibliyin­dən bildirilib ki, Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması və əc­zaçılıq sahəsinin inkişaf etdirilməsi prio­ritet istiqamətlərdəndir. Bu məqsədə nail olmaq üçün yeni istehsal müəssisələri yaradılır, qanunvericilik təkmilləşdirilir. Qəbul edilmiş qərar dərman vasitələ­rinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dər­man vasitələrinin tənzimlənmiş qiymət­lərdən aşağı qiymətə alınmasına imkan verəcəkdir. Xatırladaq ki, yeni tariflər 15 sentyabr 2023-cü il tarixindən qüvvəyə minir. 

Azərbaycanda dərman vasitələrinin ucuzlaşdırılmasına səbəb ola biləcək amillərdən biri də bu sahədə idxalın artmasıdır. Belə ki, 2023-cü ilin yan­var-avqust ayları ərzində ölkəmiz 401 milyon 483 min dollar dəyərində 20 min 232 ton əczaçılıq məhsulları idxal edib. Bu barədə Dövlət Gömrük Komitəsi mə­lumat yayıb. 

Komitənin məlumatına görə, bu, həcm baxımından 2022-ci ilin 8 ayı ilə müqayisədə 1166 ton və ya 6,1 faiz çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 30 milyon 669 min dollar və ya 7,1 faiz azdır. Xatırladaq ki, ötən ilin yanvar-avqust aylarında Azərbay­can xaricdən 432 milyon 152 min dol­lar dəyərində 19 min 656 ton əczaçılıq məhsulları idxal edib. Yeri gəlmişkən, cari ilin yanvar-avqust aylarında əczaçı­lıq məhsulları idxalı Azərbaycanın ümu­mi idxalının 3,6 faizini təşkil edib.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat