Ermənistanın sürətlə silahlanması yeni hərbi təhdid yaradır

post-img

Ermənistanda revanşist qüvvələrin son vaxtlar xüsusilə fəallaşdığı heç kəsə sirr deyil. Ölkənin media qurumlarının, siyasətçilərinin və ictimaiyyət nümayəndələrinin açıqlamaları bunun göstəricisidir. Onlar Azərbaycanla aparılan danışıqların Hayastanın mənafeyinə zidd olduğunu bildirir, itirilən ərazilərin geri qaytarılmasına çağırışlar edir, hayların səfərbər olmasının vacibliyini bildirirlər.

Hakimiyyət də sakit dayanmır, müxtə­lif ölkələrlə, əsasən Hindistan, Fransa və İranla silah-sursat alqı-satqısına dair mü­zakirələr aparır. Bu istiqamətdə müəyyən nəticə də əldə olunub. Müdafiə naziri Suren Papikyanın hərbi əməkdaşlığın genişləndirilməsi məqsədilə bir müddət öncə Dehliyə səfər etməsi diqqətdən qaçmır. İrəvan bir tərəfdən özünü sülh tərəfdarı kimi təqdim edir, digər tərəfdən isə silahlanmanı genişləndirir. Bu proses Azərbaycanda ciddi şəkildə izlənilir və la­zımi nəticə çıxarılır.

Prezident İlham Əliyev hələ mayın 19-da Hindistanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sri­dharan Madhusudhananın etimadnamə­sini qəbul edərkən bu məsələ ilə bağlı etirazını bildirmişdi. Dövlətimizin başçısı qeyd etmişdi ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir: “Ermənistanın sürətlə silahlanma­sı yeni təhlükələr yaradır. Əgər doğru­dan da Ermənistan Azərbaycanla sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır”. Azərbaycan Prezidenti vurğulamışdı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Dünən yayılan məlumatda Ermə­nistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini Edvard Asryanın qoşunların döyüş hazır­lığını yoxladığı bildirilir. Yoxlamalara həm ümumqoşun, həm qoşun növləri, həm də xüsusi təyinatlı qüvvə və vasitələr cəlb olunub. Erməni general-mayorun 2023-cü ilin birinci yarısında qoşunların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və yekunlaşdırılması çərçivəsində döyüş hazırlığının, hərbi hazırlığın, idarəetmə­nin təşkili və təminatı üzrə kompleks yox­lama apardığı vurğulanır.

***

Bu arada Hayastanın müdafiə nazi­ri Suren Papikyanın başçılıq etdiyi nü­mayəndə heyəti Parisə səfər edib. Nazir­lik Papikyanın səfəri ilə bağlı əlavə heç bir məlumat verməyib. Yalnız bu səfərin işgüzar xarakter daşıdığı qeyd olunub. Ancaq onlar açıqlamasalar da, səfər zamanı hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı məlumdur. Nəzərə almaq lazımdır ki, Paris bir ay əvvəl Er­mənistandakı səfirliyinin yanında yeni hərbi attaşenin təyin olunması barədə qərar qəbul etmişdir. Bu addım ilk dəfə yüksək səviyyədə 2022-ci ilin sentyabrın­da S.Papikyanın Fransaya səfəri zamanı müzakirə olunmuşdu. Həmin məlumatda bildirilirdi ki, fransalı hərbi attaşe Fransa ölümcül silahlarının Ermənistana tədarü­künə nəzarət edəcək. Parisin Ermənis­tana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi isə şəxsən Fransa Prezidenti Emmanuel Makron göstərib. Bununla da Avropa İt­tifaqının aparıcı ölkələrindən biri regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub. Fransa regionda hərbi balansın Ermənistanın xeyrinə ol­masına səy göstərir. Bu mənada Papik­yanın səfəri zamanı silah-sursat alışına dair yeni razılaşmaların əldə olunacağı gözləniləndir.

***

Qarabağda da separatçılar öz əməl­lərindən geri qalmırlar. “Hraparak” qə­zeti yazır ki, sabiq “dövlət naziri” Ruben Vardanyan mitinq hazırlıqlarına başlayıb. Onun təşəbbüsü ilə rəhbərlik etdiyi “Art­saxın təhlükəsizlik və inkişaf cəbhəsi”­nin şura üzvləri Qarabağın rayonlarına səfərə hazırlaşır. Məqsəd Qarabağda yaşayan hayları mövcud böhran vəziyyə­ti haqqında məlumatlandırmaq və onlara çağırış etməkdir. “Səfərlərdə Ruben Var­danyan da iştirak edəcək. Onun başçılıq etdiyi hərəkatın son məqsədi əhalini aya­ğa qaldırmaqdır ki, bu da özünü böyük ehtimalla mitinqlər şəklində göstərəcək”, – deyə qəzet yazır.

Beləliklə, aydın görünür ki, Ermənis­tan və Qarabağ separatçıları vurnuxurlar. Gah o tərəfə, gah bu tərəfə meyillənir, beynəlxalq güclərin timsalında özlərinə arxa-dayaq axtarırlar. Təbii ki, bu vurnux­ma real müharibəyə hazırlıq deyil, diplo­matik “təzyiq” xarakteri daşıyan gedişdir. Güman etmək olar ki, onlar bununla da­nışıqlar prosesində özləri üçün əlverişli vəziyyət yaratmağa, Bakıya üstün gəl­məyə cəhd göstərirlər. Həmçinin, sülh danışıqlarının vaxtını uzatmaqla nəyəsə nail olmaq istəyirlər. Ancaq onların bu vurnuxmaları elə vurnuxma olaraq da qa­lacaq. Azərbaycanın yürütdüyü fəal xari­ci siyasət kursu indiyədək Ermənistanın təşəbbüslərinin uğursuzluğa düçar ol­ması ilə nəticələnib. Hərbi potensialımız isə getdikcə daha da güclənir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2022-ci ilin aprelin 30-da Xüsusi Təyinatlı Qüvvələrin yaradılması­nın 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı bildirmişdi ki, bu gün bizim ordumuz müharibə dövründəki ordumuzdan daha güclüdür. Necə deyər­lər, “dəmir yumruq” nəinki yerindədir, hət­ta daha da möhkəmlənib. Gərək, haylar bunu unutmasınlar.

Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi

– Ermənistan, əslində, neçənci fürsət­dir ki, əldən verir. Azərbaycan 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistana və Qarabağda yaşayan ermənilərə sərfəli təkliflər vermişdi. Rəs­mi Bakı onlara iki dəfə dəvət göndərdi ki, gəlin, danışaq. Onlar bu təklifləri dəyərlən­dirmədilər. Ona görə də cənab Prezidentin dediyi ki, daha üçüncü dəvət olmayacaq. Separatçılar özlərini proseslərdə maraqlı olan üçüncü tərəflərin oyunlarına xərclə­dilər. Nəticə etibarilə bu gün Qarabağ ermə­niləri tərəf kimi yoxdur. Onların mövqeyi də heç bir formada nəzərə alınmır. İrəvan da separatçıların yolu ilə gedir. Onlar bir müddətdən sonra Qarabağ ermənilərinin aqibətini yaşaya bilərlər. Demək istəyirəm ki, Ermənistan-Azərbaycan məsələlərinin həlli İrəvansız da baş verə bilər. Əgər onlar öz mövqeyini ortaya qoya, əks etdirə bil­mirsə, Azərbaycanın diplomatiya yolu ilə həllini təklif etdiyi problemlər hərbi-siyasi yolla çözüləcək. Burada İrəvanın və ona ha­vadarlıq edən tərəflərin spekulyasiya etdiyi bir-iki məsələ var. Birincisi, Azərbaycan Qarabağdakı qanunsuz silahlı dəstələrin tərksilah olmalarını tələb edir. Onlar sila­hı yerə qoymalı və Azərbaycanın normal vətəndaşları olmalıdırlar. İkincisi, Qarabağ iqtisadi rayonunun bütün ərazisində Azər­baycanın suverenliyi bərpa olunmalı və Dövlət bayrağımız dalğalanmalıdır. Bütün bunlar xoşluqla olmadığı təqdirdə, güc yolu – hərbi-siyasi variantın köməyi ilə həllini tapacaq. Bundan sonra yeni reallıq yarana­caq. Yenə də danışıqlar davam edəcək. Ötən illərin təcrübəsi göstərir ki, danışıqlar pro­sesini hər zaman “irəli aparan” Azərbaycan Ordusu olub.

 

S.NAZİMOĞLU, “Xalq qəzeti”



Siyasət