Sülhməramlıların sülhdən sonrakı aqibəti

post-img

2020-ci il 10 noyabr üçtərəfli Bəyanatında göstərilir ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanan kimi Rusiya sülhməramlıları Qarabağı tərk etməlidirlər. Hazırda Bakı və İrəvan bu sazişin layihəsi üzərində işi davam etdirir və ola bilsin ki, yaxınlarda ölkələr sülhə gələcəklər. Bəs, rus sülhməramlılarının bölgədə qalma müddəti hansı hallarda və şərtlər daxilində uzadıla bilər? Ümumiyyətlə, Moskvanın belə bir qərarı təkbaşına qəbul etməsi mümkündürmü? 

Bu mövzu və onun ətrafında yaranan digər suallara “Caliber.Аz” aydınlıq gə­tirməyə çalışıb. Mövzu ilə bağlı saytda yer almış xarici analitiklərin fikirləri ilə ya­naşı, yerli mütəxəssisin də rəyini oxucu­larımıza təqdim edirik. 

* * * 

Cənubi Qafqaz məsələləri üzrə rusiyalı ekspert Konstantin Tasits he­sab edir ki, imzalanmış üçtərəfli bəya­nata uyğun olaraq Rusiya sülhməramlı kontingentinin Qarabağda qalması mü­vəqqəti xarakter daşıyır və bu müddət ermənilər və azərbaycanlılar arasında mövcud ziddiyyətlərin nizamlanmasın­dan asılıdır. “2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatda dəqiq göstərilib ki, tərəflərdən hər biri Rusiya sülhməramlı kontingentin fəaliyyətinin dayandırılması barədə niyyətini beşillik müddətin başa çatmasına yarım il qalmış bəyan edə bilər”, – deyən ekspert sözlərinə onu da əlavə edir ki, Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin noyabrında Qarabağ­dakı sülhməramlıların gələcək taleyi və onların mandatının uzadılması barədə qərarın digər məsələlərlə, o cümlədən sülh müqaviləsinin bağlanması, eləcə də Ermənistan və Azərbaycan arasında sər­hədin delimitasiya və demarkasiyası ilə bağlı olacağını qeyd edib. 

* * *

“Ukrayna siyasəti” Fondunun rəh­bəri, tarixçi Konstantin Bondarenko­ya görə, sülh sazişinin imzalanması ilə (münaqişənin başa çatmasının sənədli təsdiqi) Qarabağdakı sülhməramlılara ehtiyac da aradan qalxacaq. Ekspert bu məsələ ilə bağlı beynəlxalq təcrübəyə istinad edir: “Beynəlxalq hüquqa görə, sülhməramlı qüvvələrin mandatı bitdikdən sonra da bu missiya qısa müddətə uzadıla bilər. Bu da ona görə edilir ki, sülh sazişinin, həqiqətən də, qüvvəyə mindiyinə əminlik olsun. Amma mən Moskvanın Ermənistan və Azərbay­cana bölgədə Rusiya hərbi bazasının yaradılmasının hansısa variantını təklif edəcəyini istisna etmirəm”. K.Bonda­renkonun şəxsi mülahizəsinə söykənən, Bakının heç bir halda yol verməyəcəyi həmin variantın gerçəkləşmə ehtimalı ilə bağlı fikirləri də maraq doğurur: “Belə bir təklif, misal üçün, iqtisadi, yaxud siyasi preferensin müqabilində irəli sürülə bilər. İntəhası, Azərbaycanın bu variantla razı­laşmasından ötrü Rusiyanın ona nə təklif edə biləcəyini təsəvvürümə gətirə bil­mirəm. Ona görə çox güman ki, qoşunun Qarabağdan çıxarılması baş verəcək”. 

* * * 

“Mən əvvəlki kimi sülh sazişinin im­zalanacağına əmin deyiləm. Çünki, başa düşdüyüm qədər, Azərbaycan bu vəziyyətdən maksimum yararlanmağa, yəni təkcə Qarabağı qaytarmağa de­yil, həm də Naxçıvana dəhlizi təmin et­məyə çalışır. Atəşkəslə bağlı bəyanatda bundan söhbət gedir. Ermənistan da öz növbəsində Qarabağın erməni əha­lisinin təhlükəsizliyinin və hüquqlarının qorunacağına təminat istəyir. Axı Azər­baycan qanunvericiliyi nöqteyi-nəzə­rindən ötən son 30 ildə Qarabağda baş vermiş hadisələr yerli əhalinin əksər his­səsinə toxuna bilər”. Rusiya “Demok­rarik Seçki” Partiyasının həmsədri, “Lideral missiya” Fondu Şurasının üzvü Sergey Javoronkovun mövzu ilə bağlı fikirləri maraq doğurur. O, diqqəti bölgədə Rusiyanın maraqlarına toxuna biləcək vəziyyətin yaranması ehtimalına yönəltmək istəyir. Amma sülh müqavilə­sinin imzalanması ilə Qarabağda rus sülhməramlılarına nə ermənilərin, nə də azərbaycanlıların ehtiyacı olmayacağını qeyd edən siyasətçi bunun 2025-ci ilin noyabrından o tərəfə qalmayacağını da vurğulamağı unutmur: “Əslində, hüquqi cəhətdən sülhməramlılar, sülh sazişi ilə əlaqədar olmadan, 2025-ci ilədək bölgədə qalacaq. Güman edirəm ki, ondan sonra hərbi kontingenti orada saxlamağa Rusiya Federasiyasının nə hüquqi, nə də faktiki imkanı olacaq. Bu səbəbdən indiki hakimiyyət sülh müqa­viləsinin tez imzalanmasını istəməzdi, fəqət digər tərəfdən Kreml Ermənistan­dakı mövcud iqtidara tam dəstək vermək niyyətində deyil. İkincilərdə isə belə bir sual yarana bilər: Əgər Azərbaycanla qarşıdurmaya qarışmayacaqsa, bu kon­tingent (o cümlədən Ermənistanın öz ərazisindəki Rusiya hərbi bazaları) nəyə lazımdır? İrəvanın daxili siyasətinə görə isə sülhməramlılar bu işə qarışmalıdır”.

İrəvandakı revanşist qüvvələrin öz maraqları naminə iki il doqquz ay bundan əvvəl KTMT-nın birgə qoşunlarını Azərbaycanla müharibəyə cəlb etməyə çalışmasını, indi isə Rusiya sülhməram­lıları kontingentindən yararlanmaq ar­zusunu başa düşmək olar. Bu mənada Ermənistan Baş naziri Nikol Paşinyanın “Sülhməramlıların mandatının uzadıl­ması ilə bağlı sənədi imzalamağa ha­zıram” bəyanatı məhz daxili “bazara” hesablanmış diplomatik gedişdir. Paşin­yan bu açıqlamanı ötən ilin oktyabrında verib. Onun bu istəyinə Bakı üçtərəfli bəyanatda göstərilmiş konkret öhdəlik­lərə və şərtlərə söykənərək cavab ve­rib. “Üçtərəfli bəyanat bir çox məsələlə­rin həllinə cavab verir və o, qüvvədədir. Sülhməramlıların mandatı ilə bağlı isə hər hansı əlavə sənəd hazırlanmayıb və bununla bağlı iş aparılmır”. Azərbay­can Xarici işlər naziri Ceyhun Bayramov Paşinyanın açıqlamasına cavab sayıla biləcək bu sözləri 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

* * * 

2020-ci il noyabrın 10-da Azərbay­can, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanatla ordumuzun hərbi qələbəsinin diplomatik cəbhədə də rəsmiləşdirildiyini qeyd edən politoloq Yeganə Hacıyeva beynəlxalq təcrübədə BMT mandatlı 13 sülhməramlı missiyanın mövcud olduğunu vurğulayıb: “BMT mandatı altında fəaliyyət göstər­məyən daha yeddi sülhməramlı missiya var. Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhət­lər mövcuddur. Qarabağa Rusiya sülh­məramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentlə­ri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır. Ümumi mənzərə onu deməyə əsas verir ki, Kreml sülhməramlı missiyanın mahiyyətini düzgün başa düşmədi və bəzən bu öh­dəliyini təhrif etdi. Sülhməramlı missiya razılaşdırılmış qaydada münaqişə bölgə­sində sülhü təmin etmək məqsədilə fəa­liyyət göstərməlidir. Çünki sülhməramlılar müvafiq bölgəyə münaqişə tərəflərinin razılığı əsasında yerləşdirilir. Onlar qərəzsiz və neytral olmalı, yalnız man­datlarının hüdudları çərçivəsində və özü­nümüdafiə məqsədilə silahdan istifadə edə bilərlər. Missiyanın başlıca vəzifəsi əldə olunmuş razılaşmaların yerinə ye­tirilməsinə dəstək verilməsidir. BMT-nin sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün isə müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdi­yi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanmalıdır”. 

Yeganə xanım Ermənistanın 15 iyun hərbi təxribatını həm də Rusiya sülhmə­ramlılarının Qarabağda qalmasını “əsas­landırmaq” cəhdi kimi qiymətləndirdi: “Azərbaycan ilk gündən rus sülhməram­lılarının fəaliyyətindən narazıdır. Onların sərhəddə gərginlik yaratması özlərinin mövcudluğunun vacibliyini vurğulamaq siyasətidir. Ermənilərin Laçın yolu ətra­fında törətdiyi son hərbi təxribatdan da mandatlarını artırmaq naminə istifadə et­məyə çalışırlar. Amma bunlarlın faydası olmayacaq. İmzalanmış sənədə əsasən, ən geci 2025-ci ildə sülhməramlılar bölgədən çıxarılacaq”. 

* * * 

Beynəlxalq münasibətlər üzrə eks­pert Fərid Şəfiyev bu məsələdə proq­noz verməyin bir qədər çətin olduğunu söyləsə də, bununla bağlı Bakı özünün rəsmi mövqeyini konkret açıqladığını bil­dirdi: “Azərbaycan Rusiya sülhməramlı kontingentinin mandatının 2025-ci ildən sonrakı müddətə uzadılması məsələsinə baxmır. Bəli, biz iki il beş aydan sonra sülhməramlıların missiyasının başa çat­masını istəyirik. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin cəmiyyətimizə tam inteqrasiyasına nail olmağı hədəfləyirik”. 

* * * 

Azərbaycanın 2 il 5 aydan sonra de­yil, artıq bu gün sülhməramlılara ehtiyacı yoxdur. Qarabağda müvəqqəti yerləş­dirilmiş Rusiya sülhməramlı kontingenti adından doğan sülhü qoruma missiyası ilə yox, funksiyasından tamamilə kənar işlərlə – Ermənistandan separatçılara silah-sursat, mina daşımaqla, bağça tik­məklə, taksi fəaliyyəti ilə, bizneslə məş­ğul olub. Yəni, bu hərbi kontingent böl­gədə sabitliyin əleyhinə hərəkət edib, gərginlik yaratmaq məqsədini güdüb. Bu səbəblər kifayət edir ki, Bakı Rusiya sül­hməramlı kontingentinin torpaqlarımızı vaxtından əvvəl tərk etməsi barədə dü­şünsün. Azərbaycan daha 15-20 il göz­ləmək niyyətində deyil.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

 











Siyasət