Qış Parkında əsl idman bayramı

post-img

6 Aprel - İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən Qış Parkında və Böyükşor Bulvarında quraşdırılan xüsusi zonalarda “Sağlam həyat” günləri adlı idman tədbirləri davam edir. İştirakçılar 14 yaş qrupunda (6-8, 9-10, 11-12, 13-15, 16-17, 18-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59 və 60+ yaş), iki müxtəlif məkanda quraşdırılan xüsusi zonalarda güclərini sınayırlar.

Biz də Qış Parkını ziyarət edib, əlamətdar idman tədbirində iştirak edənlərlə görüşdük. Onların arasında bir qrup məktəbli və müəllimələri diqqətimizi cəlb etdi. Öyrəndik ki, aksiyaya qoşulan yeniyetmə fidanlar arasında Bakı şəhəri Nəsimi rayonu Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbin şagird və müəllim heyəti də yer alır.

Onlarla həmsöhbət olub, fikirlərini öyrəndik. 44 nömrəli tam orta məktəbin fiziki tərbiyə məllimi, İxtisaslaşdırılmış Bakı Gimnastika Məktəbinin məşqçi-müəllimi, akrobatika üzrə SSRİ  idman ustası, eyni zamanda, “Gimnastika hamı üçün” hərəkatında “Qızıl yaş” (“Golden Age” - 50 yaş və yuxarı) komandasının üzvü Rəna Manafova dedi:

 – Bu gün buraya gəlişimizin məqsədi cəmiyyətdə əhali arasında sağlam həyat tərzinin təbliği olan, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən “Sağlam həyat” günləri adlı idman tədbirində iştirak etməkdir. Bizim təmsil etdiyimiz məktəbin 5, 7 və 8-ci sinif şagirdləri idman tədbirində həvəslə çıxış edirlər. Burada uşaqlar iki zonada yarışırlar. Həm atletika, həm də gimnastika hərəkətləri üçün quraşdırılmış qurğularda məktəblilər güclərini sınayırlar. 

Həmsöhbətim əlavə etdi ki, ərazidə müxtəlif yaş qrupları üçün atletika  və gimnastika hərəkətlərinin sərbəst icrası məqsədilə qurğular quraşdırılıb, xüsusi zolaqlar yaradılıb. 

Qeyd edək ki, 30, 60, 100 və 500 metr məsafəyə qaçış, yerindən uzunluğa (məsafəyə) tullanma, tibbi topun (1 kq) məsafəyə atılması, tennis topunun hədəfə atılması, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi üzrə müvafiq normativlərin yerinə yetirilməsi üçün turnik və döşəklərdə uşaqlar hərəkətləri uğurla yerinə yetirirdilər. Bütün idman hərəkətlərində uğurlu nəticə göstərən 44 nömrəli tam orta məktəbin şagirdlərinə sonda “qızıl” stikeri olan sertifikatlar təqdim olundu.

Əlavə edək ki, gimnastika hərəkətlərində “Sağlam həyat” günlərində ədaləti Atletika və Gimnastika federasiyalarının hakimləri –Kamal Əhmədov, Sevda Əlizadə, Sadıq Sadiqov, Heydər Yaqubov, Aysu İmanzadə , Teymur Zəkiyev, Alla Timofeyeva, Səbinə Xairova, Ruslan Quliyev qoruyurdular. 

Elçin AĞAMİRZƏ,

“Xalq qəzeti”

Fotolar müəllifindir.

 













İdman