Böyük filosoflar, siyasi fikir tarixinin tanınmış simaları liderlik institutunun rolunu aydınlaşdırmağa çalışıb, bir-birindən maraqlı və cəlbedici elmi qənaətlər irəli sürüblər: fərqli yanaşmalar, elmi nəzəri baxışlar isə bir ortaq nöqtədə üst-üstə düşüb: liderlik bir çox keyfiyyətlərinə görə seçilən şəxsiyyətin yüksək xarizması, fitri idarəçilik keyfiyyətləri, kütlələri ideya, məram və məqsədlər ətrafında səfərbər edib inandırmaq, ətrafında sıx toplamaq, arxasınca aparmaq bacarığıdır.
Bu kontekstdə xalqımızın düşüncəsində əsrlər boyu formalaşan güclü, istiqamətverici, gerçək lider obrazı da məhz ulu öndər Heydər Əliyevin şəxsiyyətində parlaq təcəssümünü tapır. Ümummilli lider ölkəmizin çağdaş tarixində təkcə milli müstəqillik idealını reallaşdırmış şəxsiyyət kimi deyil, həm də yaratdığı dövləti hər cür cinayətkar qəsddən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün geniş zəmin hazırlayan böyük strateq kimi əbədiyaşarlıq qazanıb.
Bu günlərdə anadan olmasının 102-ci ildönümü ərəfəsində Ulu öndərin fenomenal xüsusiyyətlərindən, fitri idarəçilik keyfiyyətlərindən, dövlətçilik fəaliyyətindən bəhs edən çoxsaylı müəlliflər, əsasən, bir sual üzərində düşünməli olurlar: Görəsən, Heydər Əliyevin böyük siyasətdə məğlubedilməz və xarizmatik lider kimi uğurlarını təmin edən əsas amillər hansılar idi? Əksəriyyət bu sualın ən sadə, lakin dərin məzmun yükünə malik bir cavabı üzərində dayanır: Şübhəsiz, tarixə möhürü vurmuş bir çox liderlər kimi, Heydər Əliyevin də böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər. ilk növbədə, xalqın səmimi dəstəyinə, ictimai inam amilinə əsaslanıb. Böyük strateq qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanıb, ən böyük dəstəyi xalqdan alıb.
Bu gün birmənalı qəbul edilən həqiqətlərdən biri də odur ki, Azərbaycanın müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən xilas olması məhz ümummilli lider Heydər Əliyevin fenomenal liderlik keyfiyyətləri sayəsində mümkün oldu. Böyük strateqin qətiyyətli addımları sayəsində 1993-cü ildən ölkədə ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilidi, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoydu. Bu mərhələdən iqtisadi, siyasi, hüquqi və digər sahələrdə kompleks islahatlar həyata keçirən, ölkənin milli iqtisadi inkişaf modelinin xüsusiyyətlərini açıqlayan, yeni neft strategiyasını irəli sürən, cəmiyyətdə sabitliyin qarantı olan orta təbəqənin – sahibkarlar sinfinin formalaşması yönümündə ardıcıl addımlar atan Ümummilli lider dövlət müstəqilliyinin möhkəmləndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin dövrün başlıca milli ideyasına çevirdi.
Ümumilikdə, 1993–2003-cü illərdə ölkədə həyata keçirilən siyasət deməyə əsas verir ki, Heydər Əliyev milli ideyanın təcəssümü olan məqsədlərin gerçəkləşməsi, müstəqillik amilinin praktik şəkildə bərqərar olması baxımından, ilk növbədə, iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün iqtisadi bazisin formalaşmasını vacib sayırdı. Məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyuldu, gələcəkdə müasir dünyaya sürətli inteqrasiyasına şərait yaradıldı.
İstənilən yeni müstəqil dövlətin milli inkişaf yolunun başlanğıcdan düzgün müəyyənləşdirilməsi onun mövcudluğunun qorunub saxlanılması və gələcək tərəqqisi baxımından vacib amildir. 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin bərpa etmiş Azərbaycan Respublikasında dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan sosial-mənəvi problemlər məhz milli strategiyasının olmaması üzündən meydana çıxmışdı. Müstəqilliyin bərpasını bəyan edən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Konstitusiya aktında hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri rəsmən elan edilmişdi. Lakin 1991–1993-cü illərdə bir tərəfdən ictimai-siyasi sabitliyin, qanunçuluğun kövrək xarakter daşıması, xalqla hakimiyyət arasında mənəvi-siyasi uçurumun dərinləşməsi, qanunsuz silahlı qüvvələrin baş alıb getməsi, digər tərəfdənsə iqtisadi tənəzzülün şiddətlənməsi bu məqsədlərin praktik surətdə gerçəkləşməsinə imkan vermirdi.
1993-cü ilin iyununda, kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli çağırışına biganə qalmayaraq Naxçıvandan Bakıya dönən, vəziyyəti sabitləşdirərək ölkəyə rəhbərlik missiyasını inamla həyata keçirməyə başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail oldu, sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti istiqamətində mühüm addımlar atdı.
Ümummilli liderin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ilk addımlarından biri 9 avqust 1994-cü il tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” fərman oldu. Həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirildi, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirildi.
Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyaya əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təminatını, sosialyönümlü siyasətin yürüdülməsini dövlətin ali məqsədləri kimi bəyan etdi. Konstitusiya bu deklarativ norma ilə kifayətlənməyərək, başqa bir maddədə insan və vətəndaş hüquqlarını, azadlıqlarını qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoydu.
Xatırlatmaq yerinə düşər ki, Ulu öndər humanist və insanpərvər şəxsiyyət olaraq müstəqil Azərbaycana rəhbərliyi dövründə ciddi siyasi iradə göstərərək cəza siyasətinin humanistləşdirilməsi sahəsində inqilabi islahatların gerçəkləşdirilməsini də təmin etdi. Bu baxımdan 1993-ci ilin iyun ayından ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasını, 1998-ci ilin 10 fevralında bu cəzanın tam ləğv edilməsini xüsusi vurğulamaq lazımdır.
Xatırlatmaq lazımdır ki, Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı Protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı əksini tapıb. Yaradılışın ali varlığı, əşrəfi sayılan insanın hər hansı səbəbdən edamı humanizm və insanpərvərlik prinsipləri baxımından sivil dünyada qəbul olunmur.
Azırbaycanda ölüm hökmü ləğv olunmazdan əvvəl məsələ cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarıldı, eyni zamanda, hüquqşünaslarla geniş məsləhətləşmələr aparıldı. Prezident Heydər Əliyev 1998-ci il fevralın 3-də ölüm hökmünün ləğvi təşəbbüsü ilə Milli Məclisə müraciətində ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla, ölüm cəzasının ləğvinin zəruriliyi qənaətinə gəldiyini bildirmiş, tarixi bəyanatını hüquqi-siyasi baxımdan əsaslandırmışdı. Həmin tarixi müraciətdə deyilirdi: “Cinayət-hüquq siyasətinin hümanistləşdirilməsi ilə bağlı görülən işlər, o cümlədən cinayət məcəlləsinin ölüm cəzasını nəzərdə tutan iyirmi bir maddəsinin sanksiyalarından bu cəzanın çıxarılması, qadınlara, 65 yaşına çatmış kişilərə ölüm cəzasının tətbiqinin qadağan edilməsi, 1705 məhbusun əfv edilməsi, o cümlədən ölüm cəzasına məhkum edilmiş 12 şəxsin əfv olunaraq cəzalarını azadlıqdan məhrumetmə ilə əvəz edilməsi və amnistiya qaydasında 17 mindən artıq şəxsin müxtəlif cəzalardan azad edilməsi və onların yenidən cəmiyyətə qayıtması üçün şərait yaradılması ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun təzahürüdür”.
Milli Məclis gərgin müzakirələrdən sonra 10 fevral 1998-ci ildə ölüm hökmünün ləğvi təklifini dəstəklədi və tarixi qərar qəbul etdi. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə bu cəzanı ilk ləğv edən ölkə kimi tarixiləşdi. Ölkəmiz ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini təsdiqlədi.
Ölüm cəzasının ləğvi mühüm tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım oldu. Bu addım xalqımızın çoxəsrlik ənənələrindən irəli gəlməklə, insan həyatının dövlət tərəfindən qorunmasına təminat verdi, cəmiyyətə mərhəmət hissini aşıladı, insan ləyaqətinə hörmət və ehtiramı, bütünlükdə ölkəmizdə demokratiyanın inkişafını nümayiş etdirdi.
Hüquqi dövlət quruculuğu xəttinə sadiqliyin növbəti təcəssümü olaraq, Azərbaycanda məhkumların əfvi, bağışlanması da müsbət ənənəyə çevrildi. 1995-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yaradılması və əfvetmə institutunun bərpası humanist ümümbəşəri dəyərlərin təşviqinə, habelə respublikamızın beynəlxalq nüfuzunun yüksəldilməsinə zəmin yaratdı.
Xatırlatmaq lazımdır ki, 1995– 2003-cü illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7 amnistiya, 32 əfv sərəncamı imzalandı, o cümlədən cəza siyasətinin humanistləşdirilməsi məsələləri xüsusi diqqət mərkəzində saxlanıldı. Bu amnistiya aktları, ümumilikdə, 77 mindən çox insana şamil edildi, 21 mindən çox məhkum cəzasının çəkilməmiş hissəsindən azad olundu. Eyni zamanda, 32 əfv fərmanı nəticəsində 3100-dən çox məhkum bağışlanıldı.
Cəzadan azadetmənin digər növlərindən fərqli olaraq, ali dövlət orqanlarının səlahiyyətlərinə aid amnistiya və əfvetmə məsələləri ölkə Konstitusiyasında öz əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciət etmək hüququ vardır.
Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə müvafiq olaraq, amnistiya məsələlərinin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş institutlardan biri olan cəzadan azadetmənin əsasları həmin məcəllənin 76-82-ci maddələrində nəzərdə tutulur. Bu əsaslara cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə; cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzetmə; xəstəliyə görə cəzanı çəkməkdən azadetmə; hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması; ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azadetmə, amnistiya və əfvetmə aiddir.
Amnistiya və əfvetmə hüquqi təbiətinə görə humanizm, mütənasiblik prinsipləri və cinayətkarlıqla mübarizə sahəsində Konstitusiya dəyərlərinin tarazlığı nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən mərhəmət aktıdır. Bu Konstitusiya səlahiyyətinin həyata keçirilməsi nəinki siyasi və iqtisadi məqsədəuyğunluqdan, ilk növbədə ədalət və xeyirxahlığa olan inamdan irəli gəlir. Bununla belə, həmin səlahiyyətlər həyata keçirilərkən Konstitusiyadan irəli gələn insan hüquqlarının birbaşa qüvvəsi, sağlamlıq, mənəviyyat, ictimai asayişin qorunması, təhlükəsizlik və s. dəyərlərə xüsusi diqqət yetirilir.
2001-ci il 18 iyul tarixli “Əfvetmə haqqında Əsasnamə”, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 82-ci maddəsi (Əfvetmə) əfvlə bağlı qərarların qəbulu məsələlərini tənzimləyir və dövlətin cəza siyasətinin humanist mahiyyətini əks etdirir. Məcəllənin 82-ci maddəsinə uyğun olaraq, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla, cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
Ulu öndər möhkəm təməllər üzərində əsasını qoyduğu humanist və insanpərvər siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 22 ildə əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etdi. Cənab İlham Əliyevin ötən müddətdə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması istiqamətində atdığı addımlar onun ədalətli və humanist rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Ötən dövrdə ölkə başçısının 39 əfv fərmanı imzalanması da ölkədə yürüdülən humanist, insanpərvər siyasətinin bariz təzahürüdür.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-2016-cı illərdə Milli Məclisin 4 amnistiya aktı qəbul etməsi cəzanın tərbiyəvi əhəmiyyətinin ictimasi şüurda möhkəmlənməsini təmin edən addımlar kimi yüksək qiymət aldı. Yüksək mərhəmət və humanizm məfkurəsindən çıxış edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktı 40 minə yaxın insana şamil edilib, bu tədbirlər cinayət törətmiş şəxslərin islah olunması və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətli oldu.
Son 20 ildə imzalanan əfv fərmanları və amnistiya aktları əsasında adı qondarma “siyasi məhbus siyahıları”nda olan, əslində isə konkret cinayət əməlinə görə məhkəmə qərarı əsasında azadlıqdan məhrum edilən bir sıra tanınmış şəxslərin bağışlanmasına da imkan yaratdı. Belə mühüm amnistiya aktlarından biri 2021-ci ildə Zəfər Günü (8 Noyabr) ərəfəsində təsadüf etdi. Amnistiya aktı layihəsinin preambula hissəsində göstərilirdi ki, Vətən müharibəsindəki Qələbə Azərbaycan xalqının özünə inamını, güvənini daha da artırıb, Azərbaycan dövlətçiliyini daha da gücləndirib.
Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” 8 may 2023-cü il tarixli Sərəncamı şamil edildiyi şəxslərin əhatə dairəsinə görə müstəqil Azərbaycan tarixində ən böyük əfv sənədi oldu. Sərəncama əsasən, 801 məhkum əfv olundu, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edildi. Nəhayət, dövlətimizin başçısının 2024-cü il mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam əsasında, ümumilikdə, 154 nəfər əfv edildi.
Təcrübə göstərir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiqi və həmin cinayətlərə görə azadlıqdan məhrumetmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Bu vəziyyət təkcə insan hüquqları baxımından deyil, iqtisadi nöqteyi-nəzərdən də dövlət üçün əlverişli deyil.
Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının qayəsində yer alan strateji məqsəd də məhz cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması idi. Sərəncam əsasında Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradıldı, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqi məhdudlaşdırıldı, qanunvericiliyə dəyişikliklər və elektron nəzarət tədbirləri (elektron qolbaq) təmin edildi.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu əfvetmə institutu məhkumların islah olunmasına xidmət etməklə yanaşı, mahiyyətcə cəmiyyəti humanistləşdirir, insan ləyaqətinə hörmət və ehtiramı təşviq edir. İmzalanan əfv fərmanları və aministiya aktları cəmiyyətdə rəğbətlə qarşılanır, məhkumların bağışlanması, normal həyata dönüşü humanist addım kimi dəyərləndirilir. Bu, ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi baxımından da əhəmiyyətlidir.
İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor