Ulu öndər ehtiramla yad edilir

post-img

DTX Akademiyası

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə DTX-nin Mədəniyyət Mərkəzində “Heydər Əliyevin dövlət təhlükəsizlik siyasəti: tarixi nailiyyətlər və müasir çağırışlar” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Tədbir Ümummilli liderin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.

Konfransda DTX rəhbərliyi, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, akademik Rasim Əliquliyev, millət vəkilləri, elm və təhsil müəssisələrinin rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları və digər rəsmi şəxslər iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Akademiyanın rəisi general-mayor Elşad Nəsirov DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin adından iştirakçıları salamlayaraq qeyd edib ki, bu tədbir yalnız təhlükəsizlik orqanları üçün deyil, ümumən milli təhlükəsizlik sisteminin strateji mahiyyətini dərk edən hər kəs üçün əhəmiyyətlidir.

Natiq çıxışında vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiya Azərbaycanın suverenliyinin və hüquqi dövlət modelinin əsasını qoydu. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da bu dəyərlərin təbliği baxımından mühüm addımdır. Azərbaycanın 2020-ci il Vətən müharibəsində və 2023-cü ilin lokal antiterror əməliyyatlarında qazandığı uğurlar, eləcə də kibertəhlükələrə qarşı mübarizə sahəsində atdığı addımlar təhlükəsizlik sisteminin çevikliyini və müasirliyini göstərir.

Konfransda Ümummilli liderin dövlətçilik fəlsəfəsinin davamı olaraq Prezident İlham Əliyevin bu siyasəti uğurla inkişaf etdirdiyi qeyd olunub. E.Nəsirov bildirib ki, DTX-nin şəxsi heyəti bu irsi qoruyub inkişaf etdirmək üçün səylə çalışır.

Tədbirdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov “Müstəqillik dövründə Azərbaycan Respublikasının konstitusion inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, Ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması və ilk Konstitusiyanın qəbul olunmasını xatırladıb.

Akademik Rasim Əliquliyev isə “Qlobal rəqəmsal transformasiyalar şəraitində Azərbaycan dövlətinin kibersuverenliyinin təmin olunması zəruriyyəti haqqında” mövzusunda çıxış edərək informasiya texnologiyalarının milli təhlükəsizlikdəki rolundan danışıb. O bildirib ki, bu sahədə əsaslı dövlət siyasətinin təməli də məhz Heydər Əliyev tərəfindən qoyulub.

Konfransda digər çıxışçılar — Arzu Nağıyev (Milli Məclis), Canpolad Daanov (Polis Akademiyası), Əziz Ələkbərli (Qərbi Azərbaycan İcması) və Arif Həsənov (Milli Müdafiə Universiteti) — Heydər Əliyevin təhlükəsizlik, daxili işlər, Qərbi Azərbaycan və hərbi siyasət sahələrindəki strategiyasını əhatə edən məruzələrlə çıxış ediblər.

Tədbir çərçivəsində konfrans mövzusuna dair videoçarx da nümayiş olunub.

Şuşa

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfrans Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin büstü önünə gül dəstələri düzərək onun xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən və şəhidlərin anımından sonra Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Konfransda Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, deputatlar Mübariz Qurbanlı və Elman Məmmədov, YAP-ın mərkəzi aparatı və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər Heydər Əliyevin müstəqil Azərbaycanın banisi kimi tarixi xidmətlərindən, onun siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Həştərxan

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətində silsilə tədbirlərdə iştirak edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə anım tədbirləri keçirilib.

Mayın 5-də nümayəndə heyəti “Ümumrusiya Azərbaycan Gənclər Təşkilatı”nın (AMOR) Həştərxan bölməsi ilə görüşüb. Görüşdə Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycanın inkişafında əvəzsiz rolu vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilən torpaqlarda genişmiqyaslı bərpa işləri həyata keçirilir.

Tədbirdə Heydər Əliyev Fondunun Rusiya regionlarında, o cümlədən Həştərxanda reallaşdırdığı layihələrə diqqət çəkilib. Vilayət rəsmiləri Fondun fəaliyyətini yüksək dəyərləndirib, vitse-prezident Leyla Əliyevanın səfərlərini minnətdarlıqla xatırlayıblar.

Mayın 6-da nümayəndə heyəti və Həştərxan rəsmiləri Heydər Əliyev xiyabanını ziyarət edib, ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Ardınca parkda ağacəkmə aksiyası keçirilib. Həmin gün nümayəndələr II Dünya müharibəsində həlak olanların “Qardaşlıq məzarlığı”nı da ziyarət ediblər.

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə də görüşüb. Tərəflər Azərbaycan–Rusiya münasibətlərinin dostluq və əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyini bildiriblər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səmimi qəbula görə Həştərxan vilayəti hökumətinə təşəkkürünü bildirib.

Səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta məktəbi də ziyarət edib, dahi liderin büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.

XQ



Son xəbərlər