Azərbaycan–Vyetnam diplomatik əməkdaşlığı

post-img

Mayın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyetnamın Baş nazirinin müavini, xarici işlər naziri Bui Tan Son ilə görüşüb.

Görüşdə Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Ölkələrimiz arasında qarşılıqlı səfər və təmasların, xüsusilə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin, habelə sözügedən səfər çərçivəsində Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsinin əməkdaşlıq gündəliyimizdə müstəsna əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar sahələr üzrə əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu qeyd edilib, bu imkanlardan istifadənin stimullaşdırılması üçün bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Hökumətlərarası Komissiya kimi platformalardan istifadənin zəruriliyi qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

***

Həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı baş tutub.

Nazirlər iki ölkə arasında mövcud gündəlik üzrə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər. Nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin XİN-lərarası məsləhətləşmələrin vacibliyi qeyd olunub.

Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

XQ

Son xəbərlər