Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş rəsmi və bədii hissədən ibarət tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi hissədə Naxçıvan Muxtar Respublikası Təhsil Naziri Elxan Nəcəfov, Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Naxçıvan Polis Məktəbinin direktoru, polkovnik Kamil Məmmədəliyev və Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov çıxış edərək, ümummilli liderin dövlətçilik fəaliyyətindən və onun Azərbaycanın inkişafında oynadığı mühüm roldan bəhs ediblər.
Bədii hissədə Naxçıvan Dövlət Universitetinin müəllimi, Prezident mükafatçısı Sevinc Babayevanın rəhbərliyi ilə “Sevincin inciləri” musiqi ansamblı milli və xarici rəqslərdən ibarət maraqlı kompozisiyalar təqdim edib.
Tədbir çərçivəsində keçirilən “Zəka Qılıncı” adlı tarixi zəka oyunlarında fərqlənən kursantlar 1-ci, 2-ci və 3-cü yerə layiq görülərək diplom və hədiyyələrlə təltif olunublar.
Həmçinin, bu oyunların təşkilində və keçirilməsində fəal iştirak edən kollecin kitabxanaçıları fəxri fərmanla mükafatlandırılıblar.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.