Heydər Əliyev: şəxsiyyət və lider

post-img

IV MƏQALƏ

Paralellər və fərqlər

III məqalədə K.Adenauerin liderlik nümunəsinin əsas cəhətlərinin təhlili, onu ulu öndər Heydər Əliyevin liderlik nümunəsi ilə müəyyən məqamlarda müqayisə etməyə imkan verir. Hər iki lider ölkəsinin müstəqil və qüdrətli dövlət olması üçün çalışmışdır.

K.Adenauer uzun müddət güclü dövlət olmuş Almaniyanın dağıntıları üzərində yeni dövlət yaratmaq uğrunda mübarizə aparmışsa da, Heydər Əliyev uzun müddət dövlətçiliyi əlindən alınmış, müxtəlif istiqamətlərdən daim təzyiq altında saxlanan, müharibə alovu içində çırpınan və potensial bıxımından Almaniyadan xeyli az imkanlı olan bir ölkədə müstəqil dövlət qurmalı idi.

Bundan başqa, Heydər Əliyev ərazisinin bir hissəsi işğal altında olan və bir neçə böyük dövlətin təcavüzkara geniş yardım etdiyi şəraitdə Azərbaycanda müstəqil dövlət qurmalı idi. Nəhayət, beynəlxalq təşkilatlar Almaniyaya qarşı tam dəstək nümayiş etdirirdilərsə, Azərbaycana münasibət tamamilə fərqli idi.

Bu parametrlərin müqayisəsi prizmasında Heydər Əliyev liderliyinin K.Adenauer liderliyindən üstün olduğunu görə bilərik. Onu da nəzərə almaq lazımdır ki, Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasəti Azərbaycan Respublikasının dünya miqyasında mühüm yer tutmasını və əhəmiyyətli rol oynamasını da nəzərdə tuturdu.

Burada H.Kissincerin K.Adenaueri postmüharibə mərhələsində dünya strategiyasını müəyyən edən liderlər sırasında göstərməsinə heç bir nəzəri və praktiki etiraz yoxdur. Ancaq bu faktın fonunda belə Heydər Əliyev liderliyi həm zəkasına, həm də şəxsiyyət kimi sücaətinə görə daha üstün vəziyyətdədir. K.Adenauer böyük dahiliklə özündən öncəki güclü Almaniyanı böyük beynəlxalq dəstəyin yardımı ilə yenidən daha güclü etmişsə, yüksək nəticədir. Heydər Əliyevin xidməti məhz həmin aspektdə ikiqat çoxdur. Ulu öndər həm müstəqil olmayan bir ölkəni müstəqil etdi, həm də beynəlxalq miqyasda ona əks olan güclü qüvvələri neytrallaşdırdı.

Bu məqamda Heydər Əliyev liderliyinin nəinki K.Adenauerdə və həm də Ş.de Qoll, R.Nikson, M.Tetçer, Ə.Sadat və Li Kuan Yu liderliyində mövcud olmayan əhəmiyyətli özəlliyi vardır.

Yeni güc strategiyası

Henri Kissincerin “6 qəhrəman” liderin strategiyalarının xarakteristikasına təkrar nəzər salaq: Adenauer – barış strategiyası, Şarl de Qoll – iradə strategiyası, Riçard Nikson – tarazlıq strategiyası, Ənvər Sadat – üstünlük strategiyası, Li Kuan Yu – mükəmməllik strategiyası, Marqaret Tetçer – inandırma (əminlik, inanc, inamlılıq) strategiyası.

Bu strategiyaların hər birinin semantik sahəsində mövcud müstəqil dövlətin ya kardinal dəyişməsi, ya da keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəldilməsi məqamı mövcuddur. H.Kissincer təsnifində onların 5 liderin şəxsiyyət kimi daxili mənəvi-psixoloji özəlliyi ifadə olunur – K.Adenauerin reallığı cəmiyyət olaraq etiraf əsasında barışmağa can atması, Şarl de Qollun daxili iradi keyfiyyəti, Ənvər Sadatın müsəlman dövlətinin qarşı tərəfdən daha üstün keyfiyyətlərə malik olmasını nümayişi, Li Kun Yunun dövlətin mükəmməllik fəzilətinə layiq olması xətti, Marqaret Tetçerin toplumu inandırma, kollektiv miqyasda inam yaratma qabiliyyəti. Bunlar liderin şəxsi mənəvi, iradi, psixoloji, məntiqi empatiyalarının əsas keyfiyyətinin dövlətçilik müstəvisinə proyeksiyalarını ifadə edir. Yalnız Riçard Niksonda, bu, qarışıq halda, yəni daxili mənəvi keyfiyyətlə geosiyasi müstəvidə qüvvələr balansını təmin etmənin sintezi kimi təqdim olunmuşdur.

Dövlətin inkişafı sanki aksiom kimi bu ideyaların semantik və kommunikativ sferalarının özəlliklərində yer alır. Lider şəxsi keyfiyyətləri və mənəvi-psixoloji gücü ilə qarşıya qoyulan məqsədə çatmağı hədəfləyir. Konkret olaraq, K.Adenauer yeni güclü və barışçıl Almaniya, Şarlq de Qol yeni güclü və qlobal nüfuzu olan Fransa, R.Nikson dünya geosiyasətində tarazlıq yarada bilən yeni lider – ABŞ, Ə.Sadat Misirin müstəqil dövlətçiliyinə xidmət kontekstində regionda hər bir qüvvəyə qarşı (o cümlədən İsrailə) üstünlüyü saxlayan dövlət formalaşdırmaq, Li Kuan Yu Sinqapurun müstəqil dövlət olaraq, mövcudluğunun təsdiqi kimi mükəmməl inkişaf səviyyəsinə yüksələ bilməsi imkanlarını reallaşdırmaq, Marqaret Tetçer ingilis cəmiyyətini kəskin böhrandan xilas olub, yenidən qüdrətli dövlətə çevrilməyə inamını bərpa etmək xəttini seçmişdilər. Və bunların hər biri, H.Kissincerə görə, onların dünya miqyasında strategiyanın müəyyən edilməsi miqyasında əhəmiyyəti vardır!

Heydər Əliyevin strategiyası isə onların fonunda daha mükəmməl və dövlət quruculuğunun siyasi aspektinə aid olan kursdur. Onu biz “yeni güc strategiyası” adlandıra bilərik. Bu ifadənin anlamları çoxdur. Özündə bir neçə aspekti – mənəvi-psixoloji, iradi, mədəni, siyasi, ideoloji və geosiyasi cəhətləri birləşdirir. Bu məqam Heydər Əliyevin konseptual olaraq “yeni güc” anlayışına verdiyi mənadan görünür. Heydər Əliyev “yeni güc” ifadəsini müxtəlif kontekstdə və konkret dövlət quruculuğu aspektində işlətmişdir. Məsələn, Ulu öndərin “güclü müstəqil milli dövlət”, “Azərbaycan bundan sonra heç bir dövlətin təsiri altında olmayacaq”, “biz güclü iqtisadiyyat, güclü cəmiyyət, güclü ordu yaratmalıyıq”, “Azərbaycan müstəqil hüquqi və demokratik dövlət olmalıdır”, “Azərbaycan nəinki regionda, həm də bütün dünyada münaqişələrin dinc yolla həllinə tərəfdardır”, “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” və digər kəlamlarını xatırlaya bilərik.

Bu fikirlərin hər birinin ana məna xəttini güclü dövlət, yəni müasir şərtlər daxilində müstəqil və suveren ola biləcək milli mahiyyətli dövlət qurmaq təşkil edir. Güclü dövlət anlamının Heydər Əliyev təqdimatında xarakteristikasının geosiyasi kontekstdə ümumi ifadəsi isə bizim nəzərdə tutduğumuz “yeni güc” anlamıdır. Azərbaycan Respublikası indi mövcud olan nüfuzlu güclərdən fərqli mənada “yeni güc” olmalı idi.

Çox əhəmiyyətlidir ki, Heydər Əliyev “yeni güc” anlayışını ümumnəzəri və siyasi-ideoloji səviyyədə saxlamadı, onun daha konkret aspektlərdə siyasi strategiya və diplomatik hədəf kimi anlamlarını açdı. Bizim üçün baxılan mövzu kontekstində məsələnin bu tərəfi çox önəmlidir. Onun üzərində bir qədər geniş dayanaq.

Təməl amillər

Dövlət quruculuğunun dərin qatlarında Ulu öndər təməl istiqamətverici və müəyyənedici siyasi-diplomatik prinsipləri müəyyən etmişdir. Bu prinsiplərin ümumi mahiyyəti Azərbaycanı ölkə, cəmiyyət və dövlət olaraq xilas etmək əsasında öncə tam müstəqil və suveren dövlətə çevirməkdən ibarət idi. Bu məqsədə çatmanın iki mühüm əlaməti olmalı idi – birincisi, milli ideyanın tam reallaşamsı, ikincisi, Azərbaycan Respublikasının regional liderliyinin real təmini və həm də onun qəbul edilməsi.

Milli ideyanın reallaşması özlüyündə Azərbaycan daxilində dövlət kimi uğurlu olmaq sərhədini aşmalı idi, çünki söhbət ərazi bütövlüyünün bərpasından gedirdi. Onun yanında bütün ölkədə Azərbaycanın dövlət olaraq suverenliyini təmin etmək vəzifəsi vardı. Bu məqsədlərin mühüm aspektini güclü istisadiyyat, sosial birlik, ordu qurmaq təşkil edirdi. Bununla siyasi prinsiplərin əmələ gətirməli olduğu bir sistem formalaşmalı idi.

Heydər Əliyev realpolitika çərçivəsində həmin sistemi formalaşdırdı. Onun komponentlərinə baxsaq, görərik ki, daxili və xarici mühitlərə aid olan müxtəlif faktorların vahid məqsədə fokuslandırılmış dinamik parametrləridir. Doğrudan da, “müstəqil hüquqi, demokratik milli dövlət”, “milli ideya”, “suverenlik”, “ərazi bütövlüyü”, “güclü iqtisdiyyat”, “güclü ordu” və digər anlayışlar Ulu öndərin siyasi ritorikasında mühüm yer tuturdular və eyni zamanda, onların siyasi semantikası ilə funksional cəhətləri Azərbaycanın daxili və xarici maraqlarının məntiqi kontekstində sistemləşirdi.

Bununla müasir Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq müstəqil demokratik dövlət quruculuğu kursunun təməlinə bir-biri ilə məna və funksiya bağlantısında olan müxtəlif parametrlərin sistemi qoyuldu. Həmin sistem həm müstəqilliyin siyasi, geosiyasi, fəlsəfi və sosial-mədəni aspektlərini yığcam ifadə edirdi, həm də konkret praktiki siyasi-diplomatik fəaliyyətin milli maraqlar hüdudunda “dinamika dəhlizini” müəyyənləşdirirdi.

Əlbəttə, Heydər Əliyevin liderlik nümunəsi bu mərhələ ilə məhdudlaşa bilməzdi. Çünki təməl sistemin mahiyyəti və funksional hədəfləri göstərirdi ki, qarşıda milli ideyanın reallaşmasından sonra başlayacaq daha geniş miqyası nəzərdə tutan mərhələ olacaqdır. Heydər Əliyev dühası onun da öhdəsindən böyük strateji düşüncə və liderlik məharəti ilə gəldi. Baxılan mövzunun bu aspekti bizim üçün o dərəcədə önəmlidir ki, xüsusi təhlil edilməlidir. Çünki Heydər Əliyevin həmin xidməti bugünün deyil, gələcəyin perspektivli ssenarisi ilə birbaşa bağlıdır. Azərbaycan lideri dünyada yeganə şəxsiyyət və dövlət başçısıdır ki, bunu bacarmışdır. Faktlara və məntiqi sübutluluq müstəvisnə keçək.

Öncə, qısa olaraq Ulu öndərin yaratdığı siyasi fəaliyyət sisteminin regional və qlobal miqyaslarda proyeksiyasını təqdim edək.

Yuxarıda vurğulanan və Azərbaycanın daxili mühiti ilə xarici mühiti (əsas olaraq, regional miqyasda) birləşdirən, daha doğrusu, dövlətdaxili reallıqlardan regional və qlobal miqyasa nüfuz etməyə imkan verən xətlər üzrə Heydər Əliyev əvvəlcə dövlətin regional siyasətinin əsas istiqamətlərini müəyyən etdi. Burada aparıcı olan məqamlar da sistem təşkil edir.

Milli ideya avtomatik Cənubi Qafqaz kontekstində dəqiq və uğurlu siyasi prinsipi formalaşdırmağı tələb edirdi. Çünki təcavüzkatı məğlub etmək mütləq region miqyasında əks-səda verəcəkdi və mövcud şərtləri köklü surətdə dəyişəcəkdi. Səbəbi onunla bağlı idi ki, Azərbaycan qələbə çaldığı halda 300 ildir türk-müsəlman dövlətçiliyinə, cəmiyyətinə, demoqrafiyasına, mədəniyyətinin nüfuzuna qarşı aparılan məkrli oyunlara son qoyulacaqdı. Bu isə yüzillərdir özlərini bu regionda böyük və güclü sayanların özlərini dəyişmələrini tələb edəcəkdi.

Baxın, məsələnin bu tərəfi onlar üçün öncədən qəbuledilməz sayılırdı. Təcrübə İranın, kollektiv Qərbin, hətta Hindistanın (qismən Rusiyanın) nümunəsində göstərdi ki, Ulu öndər proqnozunda qətiyyən yanılmamışdır və Azərbaycan Prezidenti, çox güclü və zəkalı lider İlham Əliyev həmin məqamı dərin qatlara qədər nəzərə almışdır!

Sistemin bu iki substantiv və funksional səviyyələri üzərində üçüncü, ümumiləşdirici və reallaşması daha mürəkkəb proses olan son pilləsi (yüksək altsistemi) qurulmuşdu. Onun substantiv və funksional potensialı indi dünyanın aparıcı siyasi liderlərini belə heyrətləndirir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət