Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-2025) MDB məkanında ilk dəfə Azərbaycanda keçirilir və bu fakt özü-özlüyündə tarixi əhəmiyyət daşıyır. Belə mötəbər tədbirə ev sahibliyi hüququnun qazanılması ölkəmizin telekommunikasiya sahəsində artan nüfuzunun və uğurlu əməkdaşlığın nəticəsidir. Konfransa dünyanın 150-dən çox ölkəsindən 2 mindən artıq nümayəndənin, o cümlədən 300-dən çox gənc iştirakçının qatılacağı gözlənilir. Bu, Azərbaycanın beynəlxalq rəqəmsal forumlar üçün etibarlı məkana çevrildiyini göstərir.
WTDC BMT-nin Telekommunikasiya İttifaqı tərəfindən 4 ildən bir təşkil olunan qlobal sammitdir. Məqsəd ölkələr arasında rəqəmsal fərqliliyi aradan qaldırmaq, rəqəmsal transformasiyanı təşviq etmək və telekommunikasiya sahəsində qlobal inkişaf strategiyalarını müəyyənləşdirməkdir. Bakı Konqres Mərkəzində reallaşan WTDC-2025 həm də gənclər üçün açıq beynəlxalq platforma olaraq diqqət çəkir. Gənc iştirakçılar dünya üzrə texnoloji yeniliklər barədə biliklər əldə edir, aparıcı mütəxəssislərlə tanış olur və qlobal rəqabət mühitində öz bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar. Eyni zamanda, bu tədbir Azərbaycanın İKT sahəsində əldə etdiyi inkişafı bir daha dünyaya nümayiş etdirir və informasiya-kommunikasiya texnologiyaları üzrə beynəlxalq əməkdaşlığın güclənməsinə təkan verir.
Cari konfrans “İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” mövzusuna həsr olunub. Bu mövzu qlobal rəqəmsal inkişaf gündəliyinin əsas prioritetini – hər kəs üçün əhatəli və dayanıqlı rəqəmsal bağlantının təmin olunmasını əks etdirir. WTDC-2025 çərçivəsində müzakirələr əsasən bütün dünyada universal və sərfəli internet bağlantısına nail olmaq yönündə aparılır. Qeyd edək ki, BTİ Baş katibi Dorin Boqdan-Martin vurğulayıb ki, dünyada 2,6 milyard insanın internetə çıxışı yoxdur və rəqəmsal inkişaf texniki məsələ olmaqdan çox, hamı üçün inklüziv və davamlı gələcəyin qurulması yolunda kollektiv iradənin sınağıdır. Bu səbəbdən, Bakıdakı konfrans rəqəmsal transformasiya öhdəliklərini konkret fəaliyyətə çevirmək üçün qlobal ictimaiyyət üçün mühüm məqam hesab olunur.
Bakı görüşündə BTİ-yə üzv dövlətlər qarşıdakı 4 il üçün Telekommunikasiya İnkişaf Sektorunun (ITU-D) prioritetlərini müəyyən edəcək, regional təşəbbüsləri təsdiqləyəcək və 2026-2029-cu illər dövrü üzrə fəaliyyət planını qəbul edəcəklər. Bu qərarlar rəqəmsal transformasiyanın davamlı inkişafı üçün yol xəritəsi rolunu oynayacaq.
Azərbaycan son illərdə telekommunikasiya və rəqəmsal inkişaf sahəsində böyük irəliləyiş əldə edib. Ölkədə genişzolaqlı internet infrastrukturu əhəmiyyətli dərəcədə modernləşdirilib, rəqəmsal xidmətlər və elektron hökumət həlləri sürətlə tətbiq olunur. Nəticədə, hazırda əhalinin təxminən 88-89 faizi internet istifadəçisidir ki, bu göstərici bölgə üzrə orta göstəricidən xeyli yüksəkdir. İnternet sürətləri də mühüm dərəcədə artaraq son beş ildə 7 dəfədən çox yüksəlib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə ölkədə Technest, Technion, Digital Academy kimi proqramlar icra edilir – bu layihələr gənc azərbaycanlıların rəqəmsal dövrdə tələb olunan bilik və bacarıqlara yiyələnməsini təmin edir. Hökumətin elektron xidmət platforması “MyGov” vətəndaşlara müxtəlif dövlət xidmətlərindən vahid pəncərə vasitəsilə onlayn faydalanmaq imkanı yaradır və cəmiyyətin rəqəmsallaşma prosesinə aktiv qoşulmasını təmin edir. Bundan əlavə, dövlət orqanları arasında sənədlərin real vaxt rejimində təhlükəsiz mübadiləsi üçün "Rəqəmsal Sənəd Dövriyyəsi" kimi sistemlər qurulub. Telekom sektorundakı bu nailiyyətlər sayəsində Azərbaycan beynəlxalq hesabatlarda da ön sıralarda qərarlaşır və regional rəqəmsal mərkəzə çevrilməkdədir.
Ölkəmiz telekommunikasiya sahəsində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və texnoloji yenilikləri tez mənimsəyir. Son onillikdə Azərbaycanın ilk süni peyklərinin orbitə buraxılması (məsələn, Azerspace-1 və Azerspace-2 telekommunikasiya peykləri) ölkənin informasiya mübadiləsi imkanlarını genişləndirib və regionda rəqəmsal yayıma töhfə verib. Eyni zamanda, mobil rabitə və fiber-optik şəbəkələrin genişləndirilməsi sayəsində həm şəhərlərdə, həm də kənd rayonlarında yüksək sürətli internetə çıxış imkanı yaxşılaşıb. Bu inkişaf göstəriciləri WTDC-2025-də də diqqətə çatdırılıb. Azərbaycanın rəqəmsal transformasiya sahəsində təcrübəsi digər ölkələr üçün nümunə kimi təqdim olunur.
WTDC-2025-ə ev sahibliyi etməklə Azərbaycan beynəlxalq arenada imicini daha da gücləndirir. Həqiqətən də, Azərbaycan son illərdə bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə qlobal arenada öz yerini möhkəmləndirib. Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində bildirdiyi “Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır” fikri ölkəmizin artan rolunu aydın ifadə edir. Yəni paytaxtımız artıq qlobal rəqəmsal gündəliyin formalaşdığı əsas məkanlardan birinə çevrilib.
Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq telekommunikasiya mərkəzi kimi imicini gücləndirməklə yanaşı, konkret praktiki nəticələr də verir. Belə ki, konfrans çərçivəsində Bakıda BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılması planlaşdırılır. Bu mərkəz BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq və regionda innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəkdir. Sözügedən təşəbbüs, Azərbaycanın rəqəmsal innovasiya habına çevrilməsi yolunda növbəti addımdır və beynəlxalq təşkilatların ölkəmizə artan etimadının göstəricisidir.
Nəticə etibarilə, WTDC-2025-in Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq imicinə və telekommunikasiya sektoruna mühüm töhfələr verməkdədir. Bu tədbir bir tərəfdən qlobal rəqəmsal inkişaf üçün yol xəritəsinin müəyyənləşdiyi platformadırsa, digər tərəfdən Azərbaycana öz rəqəmsal gündəliyini təqdim etmək, tərəfdaş ölkələrlə yeni əməkdaşlıq imkanları yaratmaq şansı verir. Dünyanın dörd bir yanından gələn dövlət və hökumət nümayəndələri, ekspertlər ölkəmizin nailiyyətləri ilə tanış olur, ölkəmizi regional rəqəmsal lider kimi qəbul edirlər. WTDC-2025 Azərbaycan üçün rəqəmsal tarixində yeni bir zirvə olmaqla yanaşı, qlobal telekommunikasiya ailəsindəki mövqeyimizi daha da möhkəmləndirən əlamətdar bir hadisədir.
Elvin ABBASOV,
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri
WTDC-2025-in Bakıda keçirilməsi Azərbaycanın regional və qlobal rəqəmsal gündəmdəki rolunu bir daha təsdiqləyir. Bu konfransın MDB məkanında ilk dəfə ölkəmizdə təşkil olunması təsadüfi deyil; Azərbaycanın telekommunikasiya infrastrukturunda əldə etdiyi nailiyyətlər, rəqəmsal transformasiyaya verdiyi prioritet və regionda etibarlı data tranzit mərkəzi kimi mövqeyi bu seçimi şərtləndirib.
Tədbirin əhatəliliyi, 150 ölkədən 2 mindən çox nümayəndənin və 300-dən artıq gəncin iştirak edəcəyi faktı, Azərbaycanın qlobal telekommunikasiya və rəqəmsal inkişaf ekosistemində etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Bu, yalnız prestij göstəricisi deyil, həm də ölkənin strateji hədəfləri, regional telekommunikasiya liderliyi, rəqəmsal iqtisadiyyatın inkişafı və innovativ texnologiyalara çıxışın genişləndirilməsi baxımından real töhfə deməkdir.
Belə bir platforma həm beynəlxalq təcrübə mübadiləsi, həm də yerli təşəbbüslərin qlobal standartlarla uyğunlaşdırılması üçün fürsət yaradır. Eyni zamanda gənclərin aktiv iştirakı, Azərbaycan üçün yeni nəsil rəqəmsal kadrların və ölkənin davamlı rəqəmsal liderlik vizyonunun reallaşmasına dəstək verir. Bu mənada WTDC-2025-in Bakıda keçirilməsi Azərbaycanın telekommunikasiya sahəsindəki inkişafını və regional rolunu beynəlxalq səviyyədə möhkəmləndirir.
XQ


