Azərbaycan Mərkəzi Asiyanın Avropaya körpüsüdür

post-img

Son 3 ildə Orta Dəhliz üzrə daşımalar 90 faiz artıb

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü baş tutdu. Bu toplantı regional əməkdaşlığın yeni mərhələsinə qapı açdı və Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əlaqələrə əlavə dinamika verdi.

Son illər dünyada baş verən geosiyasi dəyişikliklər ölkələri daha yaxın əməkdaşlığa sövq edir. Azərbaycan bu prosesdə fəal rol alır. Dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə keçirilən görüşlər, imzalanan sənədlər münasibətlərin genişlənməsinə güclü təkan verir.

Daşkənddə keçirilən görüşdə Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat və logistika habı rolunu xüsusi diqqətə çatdırdı. Ölkəmiz Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas marşrutların kəsişməsində strateji bir mövqedə dayanır. Bu mövqe geniş coğrafiya üçün əhəmiyyət daşıyır və Azərbaycan bu üstünlüyü əməkdaşlıq platformalarının genişləndirilməsinə yönəldir. Beləliklə, Daşkənd görüşü həm siyasi, həm iqtisadi, həm də nəqliyyat baxımından yeni əməkdaşlıq xəttini dərinləşdirən mühüm hadisə oldu.

Ölkə başçısının dediyi kimi, son 3 ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar 90 faiz artıb. Dəhliz boyu gediş vaxtları xeyli azaldılıb. Son illərin rəqəmləri bu dəyişimin təsadüfi olmadığını sübut edir. 2019-da ölkə üzərindən 5,7 mln. ton tranzit yük daşınmışdısa, 2024-də bu rəqəm 14,5 mln. tona çatıb. Yəni cəmi bir neçə il ərzində tranzit həcmi təxminən 2,5 dəfə artıb. Onun 4,3 milyon tonu Orta Dəhliz vasitəsilə həyata keçirilib – bu isə Xəzərin sahilində yerləşən ölkənin Avropa ilə Asiyanı birləşdirən körpü funksiyasını açıq şəkildə göstərir.

Bu nəhəng axının dayaq nöqtəsi isə Xəzər sahilində – Ələtdə yerləşir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilk mərhələdə illik 15 milyon ton və 100 min TEU konteyner tutumu ilə fəaliyyətə başlamışdı. Bu gün artıq ikinci mərhələnin konturları cızılır: yaxın perspektivdə limanın buraxılış qabiliyyəti 25 milyon tona, konteyner tutumu isə 500 min TEU-ya çatdırılacaq. Bu, Ələti faktiki olaraq Xəzərin ən böyük logistika mərkəzinə çevirir.

Bununla yanaşı, Ələtdən çıxan yüklər Bakı–Tbilisi–Qars dəmir yolu ilə Qafqaz dağlarını aşır, Qara dənizsahili limanlara, oradan isə Avropanın daxili bazarlarına açılır. 2024-də Gürcüstan seqmentində modernizasiya başa çatdıqdan sonra BTQ-nin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılıb. Növbəti mərhələdə bu xəttin tutumunun 17 milyon tona qədər artırılması planlaşdırılır.

Səmada da Azərbaycan bu gün 9 beynəlxalq hava limanının üzərində formalaşan hava şəbəkəsi ilə regionu bir-birinə bağlayır. Silk Way West Airlines – Xəzər hövzəsinin ən böyük yük aviaşirkəti hər ay təxminən 350 reys yerinə yetirir, illik yük dövriyyəsi 420 min tondan çoxdur. Bu şirkətin 14 ədəd iri təyyarədən ibarət donanması Azərbaycanın göylərini faktiki olaraq qlobal logistika xəritəsinin ayrılmaz hissəsinə çevirib.

Tranzit dedikdə bu siyahıya gələcəkdə Zəngəzur dəhlizi də əlavə olunacaq. Horadiz–Ağbənd dəmir yolu xəttinin dizayn işlərinin 85 faizi tikintinin təxminən 68 faizi artıq tamamlanıb. Yoxuşlu dağ relyefi üzərində 8 stansiya, 22 körpü, 2 tunel və 550-dən çox mühəndis qurğusu inşa edilir. Bu xətt Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, eyni zamanda Orta Asiya–Cənubi Qafqaz–Türkiyə üçbucağında tamamilə yeni logistik nəfəs yolu açacaq.

Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur” fikirləri Azərbaycanın regional və qlobal müstəvidə mərkəz funksiyasının əyani göstəricisidir.

Sürətli inteqrasiya prosesləri ilə xarakterizə olunan müasir dövrdə insanların və yüklərin hərəkətliliyinin artması, daşıma proseslərinin intensivləşməsi uzunmüddətli iqtisadi inkişafın əsas çağırışlarından biridir. Beynəlxalq nəqliyyat dəhlizləri üzrə daşımaların həcm və dövriyyəsində ilbəil müşahidə edilən dinamik artımlar da bunu bir daha təsdiq edir.

Dünyanın əsas istehsal – yük mərkəzi olan Çin dövlətini Avropa ilə birləşdirən Orta dəhliz üzrə daşımaların təkcə son üç ildə 90 faiz artması, dəhliz boyunca limanlarda və müxtəlif ərazilərdə yerləşən “darboğaz”larda aparılan təkmilləşdirmə işləri, gömrük proseslərinin rəqəmsallaşdırılması, elektronlaşdırma tədbirləri nəqliyyat-tranzit xidmətlərinin prioritetliyini bir daha önə çıxarır.

Orta Dəhlizin əsas nəqliyyat-tranzit qovşağı olan Azərbaycanda illik buraxılış qabiliyyəti 25 milyon ton olan Ələt Beynəlxalq Limanının tikintisi, 400 hektar ərazidə avtomobil, dəmir yolu, su, hava daşımalarının birləşdiyi əhəmiyyətli bir qovşağın formalaşdırılması, tranzit daşımaların daha çevik təşkili və infrastruktur təminatının davamlı şəkildə təkmilləşdirilməsi istiqamətində ardıcıl həyata keçirilən layihə və proqramlar ölkəmizdə nəqliyyat sektoruna dövlət qayğısının, eləcə də bu sektordan gözləntilərin real nümunələridir.

Regionda doqquz beynəlxalq hava limanı, ən böyük mülki yük aviasiya donanmasına malik olmaqla yanaşı, Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyi məsələsində də Mərkəzi Asiya dövlətləri ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycan Respublikası işğaldan azad edilmiş əraziləri “yaşıl enerji zonası” elan edib, ölkəmizdə alternativ enerji potensialından istifadə istiqamətində genişmiqyaslı işlər aparılır, beynəlxalq investisiyalar cəlb edilir, o cümlədən Mərkəzi Asiya respublikaları da zəngin alternativ enerji potensialına malikdir, onda adıçəkilən fiber-optik kabel şəbəkəsinin strateji əhəmiyyəti aydın olur.

Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya arasında çoxşaxəli münasibətlərin uzunmüddətli inkişafının prioritetləridir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması isə inkişaf perpektivlərini daha da gücləndirəcək. İlk dövrlərdə 15 milyon tona yaxın yükaşırma qabiliyyətinə malik Zəngəzur dəhlizi həm daşımaların həcm və intensivliyini artırmaqla iqtisadi münasibətləri inkişaf etdirəcək, həm də TDT üzvləri arasında birbaşa bağlantını təmin etməklə strateji əhəmiyyət daşıyacaq.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat