Türk dünyasında yeni strateji infrastruktur və “yaşıl” enerji dəhlizi

post-img

Noyabrın 16-da Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak edib. Dövlət başçısı çıxışında Azərbaycan ilə Mərkəzi Asiya regionu arasında qarşılıqlı əlaqələrin dinamik inkişafını vurğulayıb və birgə həyata keçiriləcək layihələr barədə məlumat verib.

Ölkə başçısı bildirib ki, rəqəmsal rabitə sahəsində əməkdaşlığımız böyük potensiala malikdir: “Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir. Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır...”.

Qeyd edək ki, “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) - NEQSOL Holdinqin təşəbbüsü, AzerTelecomun iştirakı ilə həyata keçirilən iri infrastruktur layihəsidir. Təşəbbüsün əsas məqsədi Avropa ilə Asiyanı birləşdirən müasir, yüksək ötürmə qabiliyyətinə malik rəqəmsal dəhlizin qurulmasıdır və bu çərçivədə həm quruda, həm də Xəzər dənizinin dibində fiber-optik magistral xətlərin çəkilməsi nəzərdə tutulur. Trans–Xəzər Fiber-Optik Kabel Xətti layihəsi Sumqayıt ilə Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 km fiber-optik kabel planlaşdırılır. Bu kabelin ötürmə gücü çox yüksək olacaq. Bəzən 400 Tbit/s (terabit/saniyə) səviyyəsi göstərilir. Layihənin dəyəri 50,6 milyon ABŞ dollarından çox həcmdə qiymətləndirilir.

Bu proqram regionda dayanıqlı magistral rabitə infrastrukturunun yaradılmasını, Azərbaycan və Gürcüstanda regional Data Mərkəzlərinin tikintisini, eləcə də marşrut boyunca yerləşən ölkələrin internet və kontent tələbatını qarşılayacaq rəqəmsal telekommunikasiya koridorunun formalaşdırılmasını əhatə edir. Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistandan keçəcək bu meqa-rəqəmsal xətt məlumat ötürülməsini daha sürətli, təhlükəsiz və minimal gecikmə ilə təmin edəcək, regionun internet xidmətlərinin keyfiyyətini yüksəldəcək və artan trafik tələbatını ödəməyə imkan verəcək.

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində AzerTelecom ölkənin rəqəmsal infrastrukturunun inkişafı istiqamətində genişmiqyaslı işlər aparır. Şirkət “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq edərək ölkənin müxtəlif bölgələrində dəmir yolu xətləri boyunca magistral fiber-optik kabel şəbəkəsinin qurulmasını təmin edir.

“Rəqəmsal İpək Yolu” layihəsi həm regional, həm də beynəlxalq səviyyədə böyük maraq doğurur. Türk Dövlətləri Təşkilatı da bu layihəyə xüsusi diqqət ayırır. “2022–2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda isə Xəzərin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel xəttinin sürətləndirilməsi, Avropa ilə Asiyanı birləşdirəcək yüksəkötürmə qabiliyyətli internet xəttinin qurulması prioritet vəzifə kimi göstərilir.

“Rəqəmsal İpək Yolu” layihəsi Avropa və Asiya arasında məlumat mübadiləsinin Azərbaycan üzərindən təmin olunması baxımından region üçün strateji əhəmiyyət daşıyır. Layihə ABŞ-da keçirilən “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyanın ən yaxşı beş strateji infrastruktur təşəbbüsündən biri kimi qiymətləndirilib. “Rəqəmsal İpək Yolu” təşəbbüsü bir çox beynəlxalq sənədlərdə dəstəklənib.

2021-ci il İstanbul Bəyannaməsində Xəzərdən keçəcək Trans–Xəzər Fiber Optik Kabel Xəttinə dəstək ifadə olunub. 2022-ci il Səmərqənd Bəyannaməsi isə bu dəstəyi bir daha təsdiqləyib. 2023-cü il Şuşa Bəyannaməsi, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 2023 və 2024-cü il iclaslarının protokolları, eləcə də 2024-cü ilin Qarabağ və Bişkek bəyannamələri layihənin regional önəmini xüsusi vurğulayıb. Bütün bunlar “Rəqəmsal İpək Yolu”nun Avrasiyanın gələcək iqtisadi və rəqəmsal arxitekturasını formalaşdıracaq strateji təşəbbüs olduğunu göstərir.

Məlumat üçün bildirək ki, Qazaxıstandan Azərbaycana Xəzər dənizin dibi ilə fiber-optik kabelin çəkilməsinə gələn ilin yay aylarında başlanılması planlaşdırılır. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin sonuna qədər kabelin çəkilişi üzrə işlərin tam yekunlaşması və kabelin istifadəyə verilməsi nəzərdə tutulur: “Hazırda Xəzər dənizində həmin bu kabelin keçəcəyi dib ərazisində marşrutun analizləri yekunlaşıb. Yaxın zamanlarda bu işləri həyata keçirən şirkət tərəfindən hesabat operatorlara və layihə iştirakçılarına təqdim olunacaq. Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabelin artıq istehsalı üzrə də işlərə başlanılıb. Kabelin istehsalı 2026-cı ilin yay aylarına qədər bitəcək”.

Nazir müavini bildirib ki, bu kabel Xəzər dənizinin altından keçməklə böyük bir rəqəmsal dəhlizin əhəmiyyətli bir parçasıdır: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq biz layihənin operatorlarına dəstəyimizi davam etdiririk və həmçinin əminik ki, bu rabitə əlaqəsinin yaradılması ölkəmizin çox yaxın gələcəkdə, regional müstəvidə, İKT sahəsində və o cümlədən də süni intellektin istifadə olunması sahəsində haba çevrilməsində əhəmiyyətli rol oynayacaq”.

Azərbaycan və Mərkəzi Asiya regionu arasında əməkdaşlığın mühüm layihələrindən biri Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsidir. Bu təşəbbüs qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün geniş imkanlar yaradır. Bu elektrik kabeli layihəsi “yaşıl enerji” (bərpa olunan enerji) ixracına yönəlib. Sözügedən planlara görə, Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına gedir və üç ölkə Xəzərin dibi ilə yüksəkgərginlikli sualtı elektrik kabeli çəkmək barədə razılığa gəlib. Bu layihədə əsas məqsəd Mərkəzi Asiyada (Qazaxıstan, Özbəkistan) bərpaolunan enerji (külək, günəş və s.) potensialından istifadə edib, bunu Avropa bazarlarına ixrac etməkdir.

Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Müvafiq layihə üzrə üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramının həyata keçirilməsinə dair növbəti əhəmiyyətli addım da atılıb. Belə ki, yaxın aylarda Energetika Nazirliyində “Azərbaycan–Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistan Milli Elektrik Şəbəkəsi” ASC arasında “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması və nizamnaməsinin təsdiqi ilə bağlı tədbir keçirilib.

Məlum olduğu kimi, Azərbaycan, Qazaxıstan və Özbəkistan da böyük bərpaolunan enerji potensialına malikdir. Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ilkin qiymətləndirmələrinə görə, ölkənin ümumi bərpaolunan enerji potensialı 27 QVt-dir. Texniki (maksimal nəzəri) potensial isə quruda 135 QVt, dənizdə 157 QVt kimi göstərilir. Qazaxıstan 2025-ci ildə elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı, 2050-ci ilə qədər isə ümumi istehlakın ən azı yarısını bərpaolunan enerji ilə təmin etməyi planlaşdırır. Ölkənin külək enerjisi potensialı ildə 1,82 trilyon kVt/saat, günəş enerjisi potensialı isə 1 trilyon kVt/saatdır. Özbəkistan isə 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 25 faizə çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisi potensialı 520 QVt, günəş enerjisi potensialı isə 2,058 trilyon kVt/saatdır.

Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert

Hesab edirəm ki, Daşkənd Sammiti Türk dünyasının iqtisadi inteqrasiya prosesində yeni mərhələ yaratdı və bu istiqamətdə mühüm bir səhifə açdı. Belə ki, noyabrın 16-da Daşkənddə keçirilən toplantıda ölkə Prezidenti çıxışında əsasən tranzit qovşağı imkanlarının genişləndirilməsi, nəqliyyat-logistika marşrutlarının şaxələndirilməsi və regiondakı iqtisadi aktivliyin artırılması məsələlərinə xüsusi diqqət yönəltdi.

Xüsusilə Rəqəmsal İpək Yolu Təşəbbüsü çərçivəsində vurğulanan fiber-optik kabel xəttinin çəkilməsi Türk dövlətləri arasında məlumat ötürülməsinin sürətini və kibertəhlükəsizliyi artıracaq, həmçinin rəqəmsal ticarət imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradacaq. Bununla paralel olaraq Xəzər dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabelləri Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanın enerji xəritəsində strateji yenilik olacaq. Bu infrastruktur sayəsində Türk dövlətləri elektrik enerjisinin birgə ixracını həyata keçirə, qlobal bazarlarda rəqabət imkanlarını və rəqabət qabiliyyətini yüksəldə, eyni zamanda, Avropanın enerji şaxələndirilməsinə ciddi töhfə verə biləcək.

Bu layihə həm də regionun yüksək enerji potensialı olan külək və günəş enerjisindən istifadə imkanlarını sürətləndirə və bölgəyə, o cümlədən ölkəmizə uzunmüddətli iqtisadi üstünlüklər qazandıra bilər. Hesab edirəm ki, Daşkənd görüşü Türk dünyasının nəqliyyat, rəqəmsal və enerji sahələrində bir-birinə daha sıx bağlı yeni strateji xəttinin konturlarını ortaya qoydu və bu, gələcəkdə Türk dövlətlərinin Asiya və Avropa istiqamətində inteqrasiya imkanlarını daha da genişləndirəcək.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat