“Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyerin 5 iyul 2001-ci ildə Prezident Heydər Əliyevdən aldığı müsahibə müstəqil Azərbaycanın qurulmasında Azərbaycan dilinin əhəmiyyətinə həsr olunub. Müsahibədən bir neçə həftə əvvəl, Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci ilin avqustun 1-nə qədər “Kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına məcburi keçidlə” bağlı fərman imzalayıb. Həmin ildə jurnalın ingilis dilində oxuculara təqdim etdiyi “On il sonra” başlıqlı müsahibənin aktuallığını nəzərə alaraq ingiliscədən Azərbaycan dilinə tərcüməsini ilk dəfə qəzetimizdə dərc edirik.
Betti Bleyer: –Xarici mətbuat ən çox bu hadisəyə xüsusi əhəmiyyət verərək yazdı ki, latın qrafikasına keçidi Azərbaycanın özü təxminən 10 il əvvəl, 25 dekabr 1991-ci ildə qərara aldı və latın qrafikasının seçimi Azərbaycanın XX əsrdə (1923-1940) istifadə etdiyi latın qrafikalı Azərbaycan əlifbasına qayıtma idi. Azərbaycanda Prezident Heydər Əliyev bütün rəhbərliyi dövründə səylərini Azərbaycan dilinin dövlət dili kimi müəyyən edilməsi və işlədilməsini gücləndirməyə yönəldir.
Prezident Əliyev, həmçinin ötən 10 il ərzində Azərbaycanının sosialist sistemdən demokratikaya keçid prosesi haqqında Qərbin, həqiqətən, səhv qavrayışına dair fikirlərini müzakirə edir.
– Cənab Prezident, bundan əvvəl, 1993-cü ildə mən ilk dəfə sizinlə müsahibə aparanda əksər xarici jurnalistlərin iqtisadiyyat və siyasətlə əlaqəli soruşduğu ənənəvi sualları deyil, şəxsi həyatınızla bağlı sualları soruşdum. Bu illər ərzində, bizim birlikdə müxtəlif görüşlərimizdə, siz uşaqlıq illəriniz haqqında, böyüdüyünüz Naxçıvan haqqında, Memarlıq İnstitutunda universitet tələbəsi kimi rus dilini öyrənməyiniz haqqında, Moskvada Siyasi Büroda işləriniz haqqında və Sovet İttifaqı dağılandan sonra bu çox çətin keçid dövründə müstəqil ölkənin necə idarə edilməsi haqqında şəxsən danışmısınız.
– Bu gün sizdən millətin formalaşması baxımından dilin rolu haqqında soruşmaq istərdim. Sizin çoxsaylı çıxışlarınızdan görünür ki, Azərbaycan dilinə son dərəcə dərin bir məhəbbətiniz var. Azərbaycanda bəzi dil mütəxəssisləri ilə danışanda mən başa düşürəm ki, sizin səyinizlə ana dilinin rəsmi dil kimi qəbul edilməsi keçmişdə 1960-1970-ci illərin axırlarına aid edilə bilər. Bu gün sizin Kirill əlifbasından latın qrafikasına keçid məqsədilə 14 iyunda imzalanan 2001-ci ilin avqustun 1-nə qədər son müddət müəyyən edilmiş yeni fərmanınız mənim üçün maraqlıdır Nəyə görə siz əlifba haqqında narahatsınız və kiril qrafikasının latın qrafikasına dəyişilməsi prosesini olduqca qısa müddətə müəyyən etməyi necə qərara aldınız?
Heydər Əliyev: – Mənim bu yaxınlardakı fərmanım keçmiş onilliklər ərzində Azərbaycan dili haqqında mənim arzularımın və gördüyüm işlərin – Azərbaycan dili ilə bağlı bütün səylərimin məntiqi nəticəsidir. Siz mənim 1960 və 1970-ci illərdəki fəaliyyətimə toxundunuz. Hətta baxmayaraq ki, biz o zaman müstəqil deyildik və Sovet dövründə yaşayırdıq, mən Azərbaycan dilinin rəsmi dövlət dili kimi işlədilməsini gücləndirmək uğrunda çalışırdım.
1977-ci ildə Sovetlər yeni Konstitusiya qəbul etdi. Bir il sonra, Sovet hökumətinin tərkibində 15 respublikanın hər biri ayrıca öz konstitusiyasını qəbul etdi. O zaman mən Konstitusiyamızda Azərbaycan dilinin Respublikanın dövlət dili olmasını təkid etdim. Əlbəttə, biz həmin statusu rus dili ilə bölməli olduq. Doğrudur, Azərbaycan dilinin dövlət dili adlandırılması Moskvada bəzi narahatlığa səbəb oldu.
Moskvada Konstitusiya Komissiyası var idi və biz müzakirələr üçün oraya gedərdik. Mən xatırlayıram ki, Ukraynanın rəhbəri Vladimir Şerbitski bizim nə etdiyimizi görəndə, dedi ki, bu o deməkdir ki, onlar Konstitusiyalarında dövlət dili kimi Ukrayna dilini göstərməlidirlər.
Mən ondan soruşdum ki, “bunu həyata keçirməkdə sizə nə maneə olur? Ukraynanın 50 milyon əhalisi var, sizin üçün bunu etmək altı milyon əhalisi olan Azərbaycan kimi kiçik respublikadan daha asandır”. Əlbəttə, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi göstərilməsinə bəzi maneələr oldu, ancaq əgər siz xalqımızın müstəqilliyimizdən sonra referendum yolu ilə qəbul etdiyi 1995-ci il Konstitusiyasına baxsanız, Azərbaycan dili yeganə rəsmi dövlət dili kimi göstərilir. Bunu mən etmişəm.
Dil millətin formalaşmasında əsas amillərdən biridir. Əgər millətin öz dili yoxdursa, millətlərin tanınmasına problem olacaq…
Qədim zamanlardan bəri, Azərbaycanın öz dili olub. Doğrudur, fasilələr olub. Məsələn, ərəblər gələn zaman onların dili burada istifadə olunmağa başladı, yaxud farslar gəldi, eyni hal baş verdi. Buna baxmayaraq, bizim öz dilimiz yaşadı.
Mən fərmanımda göstərmişəm ki, 500 il əvvəl Səfəvi Sülaləsi (1499-1736) hakimiyyətə gələndə, birinci padşah bütün İranı idarə edirdi. Onun adı Şah İsmayıl Xətai idi. Yeri gəlmişkən, onun atasının adı da Heydər idi, Şeyx Heydər! Xətai Azərbaycan dilinin bütün saray daxilində işlədilməsi üçün bir fərman verdi. Və o, bunu etməyə çalışdı.
Ancaq sonralar Azərbaycan İranın təzyiqi nəticəsində müstəqilliyini itirdi və biz növbəti 200 il ərzində Rusiya imperiyasının bir hissəsi olduq. Beləliklə, hətta bizim öz dilimizi işlətməyimizə baxmayaraq, ana dilimiz rəsmi dövlət dili deyildi. Buna görə də mənim səyim nəticəsində sovet dövründə, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi göstərilməsi ilk dəfə idi.
İkincisi, siz nəzərə almalısınız ki, 1991-ci ildə Azərbaycan müstəqil respublika olanda, hətta mən prezident seçilməmişdən əvvəl, Azərbaycan dili ana dili və dövlət dili kimi göstərildi və 1991-ci ilin dekabrında latın qrafikalı əlifba rəsmi əlifba elan edildi. Ancaq yenə də mən həmin dil qanununun Konstitusiyaya daxil edilməsini təmin edən yeganə şəxs idim.
Xalq Cəbhəsi ciddi səhv etdi. 1992-ci ilin oktyabr ayı ərəfəsində, onlar parlamentdə yalnız 26 deputatın lehinə səs verməsi ilə dilimizin türk dili olması haqqında bir qanun qəbul etdilər. Bu böyük bir xəyanət idi və Azərbaycanda ciddi narazılığa səbəb oldu.
Azərbaycanda yaşayan insanların əksəriyyəti mənşə etibarı ilə türklərdir. Bizim dilimiz Türk dili ailəsinə aiddir. Ancaq onlar Azərbaycan dilini türk dili kimi göstərdiyi zaman bu Azərbaycanda səs-küyə səbəb oldu.
Doğrudur, Hind–Avropa dil ailəsi, Slavyan dil ailəsi və bir çox başqaları var, ancaq Azərbaycan dili bu gün dünyada mövcud olan digər 22 dil kimi kökləri Türk dili ailəsinə mənsubdur. Amma türk dilinin özü təkcə Türkiyədə işlədilir.
Özbək, Qazax, Qırğız, Türkmən, Uyğur, Tatar və başqa dillər türk dili köklərinə malikdirlər. Ona görə də bu dillərdə sözlər bir-birinə oxşardır. Bununla yanaşı, bizim hər birimizin öz dilimiz var: özbək dili, qazax dili, türkmən dili, tatar dili və digərləri. Bizim dilimiz Azərbaycan dilidir.
Doğrudur, türk dilləri ailəsinə daxil olan dillər içərisində Azərbaycan və türk dilləri bir-birinə daha çox oxşardır. Ona görə də biz bir-birimizi tamamilə yaxşı başa düşürük. Ancaq özbəklər Türkiyəyə gedəndə, onlar rus dilində danışırlar və kimsə onların danışıqlarını rus dilindən türk dilinə tərcümə etməlidir. Yaxud, hesab edin ki, biz altı ölkənin – türkdilli ölkələrin hər hansı biri ilə görüşlər keçirəndə, yeganə olaraq mən və Türkiyə Prezidenti öz ana dillərimizdə ünsiyyət qura bilirik. Mən Azərbaycan dilində danışıram və o, türk dilində danışır.
Ancaq Türkiyənin prezidenti Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın və ya Qırğızıstanın dövlət başçıları ilə görüşəndə onlar rus dilində ünsiyyət qurmalıdırlar. Türklər, sadəcə, o dilləri başa düşmür. Yaxud onların başa düşməsi çox çətin olur.
Türkiyədə Atatürkün (1881–1938-ci il, 1923-cü ildən 1938-ci ilə qədər hakimiyyətdə olub) rəhbərliyi altında 1920-ci illərin sonunda yenidən dil islahatı oldu. Ancaq o zaman onlar səhv etdilər. Mən əvvəl bu faktı turklərə demişəm. Türk dilinin islahat məsələsi erməni əsilli türk Akop Dilacara tapşırıldı.
Bu gün türk xalqı bu barədə bilmir. Mən bir neçə dəfə türklərlə danışanda dedim ki, Akop onların dillərini mövcud vəziyyətə salıb, türklər bunu bilməlidirlər. Ancaq daha yaşlı nəsil bilir. Süleyman Dəmirəl (Türkiyənin keçmiş prezidenti,1993-2000-ci illərdə hakimiyyətdə olub) bilir.
O zaman onların dilinə dəyişikliklər edildiyi üçün bizim dillərimizin arasında daha çox fərqlər vardı. Məsələn, mən danışanda Süleyman Dəmirəl mənim söylədim fikirləri 100 faiz başa düşür. Ancaq o danışanda mən onun fikirlərini tamamilə başa düşə bilmirəm. Ola bilsin ki, mən onun fikirlərinin 100 faizini deyil, təxminən 95 faizini başa düşürəm. Bizim dillərimiz çox yaxındır, ancaq bu fakt dəlalət etmir ki, biz öz Azərbaycan dilimizi türk dili adlandırmalıyıq. Türkiyədə daha gənc nəsil Azərbaycan dilinin təxminən 70–80 faizini başa düşür.
Hər bir millət öz dilini sevməlidir. Əgər insanlar öz ölkələrini sevmirsə və onların öz dilləri yoxdursa, onlar heç vaxt güclü millət ola bilməzlər.
Əlavə edim ki, 10 il orta məktəbdə latın qrafikalı Azərbaycan əlifbası ilə təhsil aldım. Ancaq mən universitetə daxil olanda və sonrakı hərbi məktəb, KQB məktəbi, hamısı rus dilində idilər.
Ruslar mənə deyir ki, mən rus dilini onların özlərindən daha yaxşı danışıram. Sovet dövründə ruslar Siyasi Büro üzvləri arasında Heydər Əliyevin rus dilində onlardan daha yaxşı danışdığını deyərdilər.
Rus dilini çox yaxşı danışmağıma baxmayaraq, öz dilimi də unutmadım. Mən Moskvadan geri qayıdanda, şayiələr gəzirdi ki, Heydər Əliyev öz dilini bilmir. Və ya hətta Heydər Əliyev azərbaycandilli deyil. Ancaq bu doğru deyildi, mən öz dilimi unutmamışdım.
– Siz nəyə görə kiril əlifbasını Latın əlifbasına dəyişəndə son müddət qoydunuz?
– On il əvvəl, 1991-ci ilin 25 dekabrında Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması haqqında bir qanun qəbul edildi. Həmin qanun bu fərmanı zəruri edən birinci şərtdir. Ancaq bu günə qədər, o qanun, həqiqətən həyata keçməyib.
Bunun səbəblərindən biri odur ki, burada, bizim ölkəmizdə mütəxəssislərin əksəriyyəti rus dilində danışırlar və onlar rus dilində yazmağa vərdiş ediblər. Beləliklə, nazirliklərin və digər idarələrin arasında sadə yazışma rus dilində aparılır. Hətta on il əvvəl qanunun qəbul edilməsinə baxmayaraq, onlar hələ də latın qrafikalı əlifbaya keçməyiblər. Ancaq bu nə vaxta qədər davam edər? On il kifayət deyilmi?
Mən bu fərmanı imzalayanda, müxalif mətbuatda şikayətlər səsləndi ki, Heydər Əliyev onları bankrot etməyə, qəzetlərini ləğv etməyə məcbur etmək istəyib. Ancaq onların özləri türklüyü sevirlər. Onlar tez-tez deyirlər ki, guya, onlar Türkiyəni bizdən daha çox sevirlər. Həqiqətdə onlar latın qrafikalı əlifbanı kiril əlifbasından üstün tuturlar. Ancaq mən bu fərmanı verəndə, onlar etiraz etdilər. Onlar dedilər ki, mən bu fərmanı əhalinin müxalifət qəzetlərini oxuya bilməməsi üçün vermişəm. Lakin təkcə onlar qəzet nəşr etmirlər. Bəs mənim mənsub olduğum partiya necədir? Bizim də rəsmi “Xalq qəzeti”, “Azərbaycan” qəzeti var. Əgər insanların qəzetləri oxumağının qarşısı alınırsa, bu göstərir ki, insanlar bizim qəzetlərimizi də oxuya bilməyəcək. Yaxud mənim siyasi partiyama, Yeni Azərbaycan Partiyasına mənsub olan bəzi digər qəzetləri götürün...
Lakin fərman, sadəcə, qəzetlərlə məhdudlaşdırmır. Bəs kitablar haqqında necə? Bundan sonra bütün kitablar da latın qrafikası ilə çap edilməlidir. Məsələn, bizim məktəblərimizdə – orta məktəbdən başlayaraq dərsliklərin hamısı artıq latın əlifbası ilə nəşr edilib. Bu göstərir ki, bizim gəncliyimiz artıq latın əlifbasını oxumağı bilir. Yalnız latın qrafikasını bilməyən daha yaşlı insanlardır, çünki onlar kiril əlifbasında təhsil alıblar.
Ancaq mən latın qrafikalı əlifbaya keçmək üçün onları hansı müddətə qədər gözləməliyəm? XX əsrin əvvələrində – 1923-cü ildə Azərbaycan bütün İslam dünyasında ərəb əlifbasından latın əlifbasına keçən birinci ölkə idi. Biz hətta bunu türklər latın əlifbasına (1928) keçəndən əvvəl etdik. Azərbaycan 1923-cü ildə sovet hakimiyyyəti altında olarkən bizim istifadə etdiyimiz ərəb əlifbasını dayandırdı və latın əlifbasına keçdi. Beləliklə, bizim əlifbamız 1923-cü ildən 1939-cu ilin sonuna qədər rəsmi şəkildə latın əlifbası olub. Sonra, 1940-cı ildə Stalin bütün xalqları ruslaşdırmaq məqsədilə kiril əlifbasını qəbul etdirdi.
Müxalifət deyir ki, latın əlifbasını öyrənmək üçün bizə daha bir neçə il lazımdır. Ancaq 26 iyun Ordu Gününə həsr edilmiş tədbirdəki çıxışımda mən xalqımıza xatırlatdım ki, 1923-cü ildə yenidən bizim əlifbamız ərəb əlifbasından latın əlifbasına dəyişdirilmişdi. Beş il sonra, mən məktəbdə oxuyanda latın əlifbasında təhsil aldım. Mən orta məktəbdə ərəb əlifbasını öyrənmədim. Biz o zaman yenidən latın əlifbasını öyrəndik.
Doğrudur, daha sonra mən ərəb əlifbasını öyrəndim. Ancaq sizin bildiyiniz kimi, hətta sovet dövründə, onlar üç, yaxud dörd ilin ərzində latın qrafikasına dəyişiklik etdilər. 1939-cu ildə onlar kiril qrafikalı əlifbanı qəbul edəndə, dəyişmə prosesi dəqiq olaraq iki və ya üç ilə həyata keçirildi
Məgər mən indi, müstəqillik dövründə insanların latın əlifbasını öyrənməsi üçün çox illər gözləməliyəm? Məhz ona görə də mən konkret qanun qəbul etdim. Bu qanuna aşağıdakı şərtlər daxildir:
1) Avqustun 1-nə qədər bütün rəsmi sənədlər hökumət idarələrinin hamısında Azərbaycan dilində olmalıdır;
2) Yalnız Azərbaycan dilində latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmalıdır.
Mənim bütün fərmanlarım və prezident dəftərxanasından xaric olan sənədlər, demək olar ki, uzun müddətdir latın əlifbasında dərc olunmuşdur. Ancaq başqa idarələrdə, onlar hələ də rus dilində yazırlar. Mən bilirəm ki, bu bir az çətindir. Ancaq mən çox təcrübəli şəxsəm və bilirəm ki, əgər problemə ciddi yanaşırsansa, rəhbər insanlara tapşırıq verəndə son müddət müəyyən edilməlidir, şəxsin üzərinə işi yerinə yetirməsi üçün müəyyən vaxta qədər öhdəlik qoyulmalıdır. Əgər vaxt çərçivəsi təyin olunmursa, insanlar səy göstərməyəcək. Məhz ona görə mən bunu etdim.
– İnsanların əksəriyyəti bu məsələdən razı görünürlər. Mən çoxlu insanlarla söhbət etmişəm və öyrənmişəm ki, onların əksəriyyətinin bu haqqda fikirləri çox müsbətdir, hətta çətin olmasına baxmayaraq fikirləşirlər ki, bu vacibdir.
– Ancaq müxalifət məni tənqid edir.
– Latın əlifbasına münasibətdə beynəlxalq təşkilatlardan nəyi rica edirsiniz? Siz Azərbaycanda işləyən xarici şirkətlərdən və səfirliklərdən nə gözləyirsiniz?
– Eyni tələbi. Onların lövhə və reklam tabloları, rəsmi sənədləri və yazışmaları bizim xalqımızla bağlı olduğuna görə rus dilində deyil, Azərbaycan dilində olmalıdır. Vizaya görə müraciətlər, bütün məlumatlar rusca deyil, Azərbaycan dilində olmalıdır. Və latın qrafikalı Azərbaycan əlifbası ilə olmalıdır. Əgər onlar bizim ölkəmizə hörmətlə yanaşırlarsa, ölkəmizin qanunlarına da hörmət etməlidirlər. Və bizim dövlət dilimiz rus dili deyil, Azərbaycan dilidir. Bizim müəyyən edilmiş rəsmi əlifbamız kiril əlifbası deyil, latın qrafikalı Azərbaycan əlifbasıdır.
– Əgər biz mövzunu dəyişə biləriksə, mən sizdən keçid dövründə bir rəhbər kimi sizin rolununzla bağlı sualları soruşmaq istəyirəm. Yenə də sizin şəxsi perspektiviniz ilə maraqlanıram. Siz Sovet və indiki müstəqillik dövründə Azərbaycana rəhbərlik edən şəxs kimi – Qərb hökumətinin bu, iki – bir-birinə zidd forması arasında – keçid prosesi haqqında ən az başa düşdüyünü necə hiss edirsiniz?
– Siz bilirsiniz ki, bu böyük bir problemdir. Təəssüf ki, Avropada və Amerikada belə bir fikir vardı və həmin fikrin əsasında bir siyasət yürüdüldü ki, Sovet İttifaqı dağılandan sonra yaranmış bütün bu müstəqil dövlətlər sovet sistemindən əl çəkdilər, Avropa və Amerika bizdən demokratiya yolu ilə getməyimizi istədi. Ancaq onlar başa düşməlidirlər ki, bu proses birdən-birə baş vermir. Demokratiya bir gündə, bir ayda, bir ildə, hətta beş il içərisində ola bilməz! Bu, Qərbin ən böyük səhvidir. Onlar bu keçid dövrünün necə böyük proses olduğunu başa düşmür.
Dünən mən Amerika Səfirliyində 4 iyul Müstəqillik Günü İlə bağlı tədbirdəki nitqimdə dedim: “Siz 225 ilə çox nailiyyətlər əldə etmisiniz”. Konstitusiya dövlətin təməlidir. Qaydalar müəyyən edildikdən sonra, idarəetmə başladı. Ancaq mən hesab edirəm ki, Amerikanın ən böyük şansı o olmuşdur ki, Şimal–Cənub, Vətəndaş müharibəsindən (1861-1865) sonra Amerika torpağında heç bir müharibə olmayıb.
Müqayisə edin, nəzərə alın, Avropa ərazisində nə qədər müharibə olub? Azərbaycan indi müstəqil dövlətdir, ancaq Ermənistan bizim ərazimizi 1992-ci ildən bəri hələ də işğal altında saxlayır. Və hətta burada, Azərbaycanda hakimiyyət uğrunda bir mübarizə var. Silahlandırılan qruplar və başqa cinayətkarlar var. Belə bir vəziyyətdə Amerikadan demokratiyanı buraya gətirmək və onu burada qəbul etdirmək qeyri-mümkündür.
Təəssüf ki, amerikalı və qərbli insanlar bunu başa düşmür. Onlar fikirləşirlər ki, hər şey onların ölkələrindəki kimi olmalıdır. Ancaq bu düzgün deyildir. Mən dəfələrlə bunu demişəm.
Sovet dövründə, bizdə bir ifadə var idi – “Sosialist inqilabının ixracı”. Bunun mənası nə demək idi? İkinci Dünya müharibəsindən əvvəl, yalnız bir sosialist ölkəsi var idi – SSRİ. Bütün dünyada sosializmi qurmaq Leninin ideyası idi. Sovet liderləri İkinci Dünya müharibəsindən sonra bu ideyanı həyata keçirməyə çalışdılar, ancaq onlar buna nail ola bilmədilər.
Faşizm üzərində qələbənin ardınca müstəmləkəçiliyin tədricən iflası, Asiya və Afrika ölkələri müstəqilliklərini əldə etdikdən sonra SSRİ həmin ölkələrin bəzilərinə Sosialist inqilabını ixrac etməyə cəhd etdi.
Kuba tipik bir nümunədir. 1953-cü ildə Fidel Kastro Batistaya qarşı çıxanda, onun fikrində sosialist olmaq ideyası yox idi. O, sadəcə, ölkəsinin idarə edildiyi ənənəvi yolu qəbul etmirdi. Fidelin sosialist – kommunist olması beş-altı il çəkdi. Bir tərəfdən o, digər tərəfdən isə Çinin Rusiyanın təsiri altında idi. Kimsə deyə bilər ki, o zaman sosialist inqilabı Kubaya ixrac edildi. Siz Fidelin Kubasında bu gün vəziyyəti bilirsiniz.
Yaxud Anqola, Efiopiya və digər Afrika ölkələrini götürək... Onlar da sosializmi qurmağa cəhd etdilər. Ərəb ölkələrində onlar Ərəb sosializmini qurmağa çalışdılar. Məsələn, Misirdə Camal Əbdül Nasser (1918-1970) ölkəni Britaniya müstəmləkəçiliyinin məngənəsindən azad etdi. SSRİ dərhal Ərəb Sosialist Partiyası adlanan partiya yaratdı. 1973-cü ildə mən Misirə getdim və həmin partiyanın liderləri ilə görüşdüm. Mən, həmçinin Nasser ilə tanış oldum, o, bir dəfə buraya – Azərbaycana gəldi. Mən Ənvər Sadat (1918-1981) ilə də tanış oldum. Ancaq sosializm ərəb mentalitetinə yaramadı.
Bu ölkələrin sosializm quruluşuna keçməsi uzun vaxt çəkdi. Bu faktlar göstərir ki, siyasi sistemləri güc ilə zorla qəbul etdirmək olmaz. Məsələn, Rusiya imperiyasının süqutundan sonra bolşeviklər sosialist inqilabları ilə hakimiyyətə gəldilər. Və onlar nə etdi? Onlar güc tətbiq etməklə hər şey etdilər. Onlar bir çox repressiyalar – cəza tədbirləri həyata keçirdilər. Nə üçün? Sosialist ideologiyasını zorla qəbul etdirmək məqsədilə. İnsanların çoxu öldü, çoxları qaçdı, çoxları sürgünə göndərildi. Lakin qalanlar isə sağ qalmaq üçün ideologiyanı qəbul etməyə məcbur edildi.
Mən anadan olanda Azərbaycan artıq sosializm sistemi ilə idarə edilirdi. Mən uşaq idim. Repressiyalar haqqında heç nəyi bilmirdim, hətta baxmayaraq ki, onlar mənim gənclik illərimdən cəmi bir neçə il əvvəl baş vermişdir. Mən məktəbə gedəndə, Leninin, Marksın və Stalinin əsərlərini öyrənməyə başladım. Bizə o zamandan əvvəl baş vermiş hadisələr haqqında heç nə deyilmədi. Mənim beyinim sosializm haqqında fikirlər ilə dolduruldu. Siz başa düşürsünüzmü?
Məsələn, dünən Moskvada Dövlət Duması Əmək Məcəlləsi haqqında qərar qəbul etmək istədi. Onlar sosializm dövründə mövcud olmuş sistemi dəyişmək istədilər. Ancaq insanlar Duma üzvlərinə çox qəzəbləndilər. Onların Jirinovskini necə döydüklərini televiziya göstərdi. Niyə? Çünki 70 il ərzində insanlar bu sistemdə yaşamışdır və buna alışmışlar. Onlar bu sistemdən necə xeyir götürməyə öyrənmişlər. Bu sistemi belə tezliklə dəyişmək qeyri-mümkündür.
Mən Azərbaycanda çox qısa vaxtda islahatlar həyata keçirdim. Məsələn, torpaqları kəndlilərə qaytardım, Ancaq mən bunu edəndə, Rusiya və Ukrayna kimi böyük ölkələr hələ bunu edə bilməmişdilər. Nə üçün? Çünki burada, Azərbaycanda insanlar mənə inanırdılar. Mən dedim: “Siz bilirsiniz ki, mən 14 il ərzində burada Kommunist rəhbəri olmuşam. Siyasi büroda altı ilə yaxın işimi davam etdirmişəm. Mən bu ölkədə sosialist sisteminin proqramlarının əksəriyyətini həyata keçirmişəm. Ancaq mən sizə deyirəm ki, bir dəfə təcrübədən keçirdiyim o “kolxozlar” və “sovxozlar” daha yaxşı nəticələr vermirlər. Beləliklə, mən kolxozları və sovxozları ləğv edirəm və bu torpağı sizə verirəm”. İnsanlar mənə inandı və indi biz nəticələri görürük.
Demokratik düşüncəli xalq olmaq bir prosesdir. Müxtəlif ölkələrdə müxtəlif vaxt çərçivəsi tələb edir. Bəzi ölkədə bu proses beş il çəkə bilər; başqalarında isə on, iyirmi və ya otuz il. Demokratiyanı ya güc tətbiq etməklə, ya da inqilab yolu ilə – zorla qəbul etdirmək olmaz. Demokratiya inqilabi deyil, təkamül prosesidir.
Keçən yay, mən ata Buş ilə söhbət edəndə bizim hər ikimiz razılaşdıq ki, demokratiya yoluna yenicə qədəm qoyan ölkələrdə bu konsepsiya insanlara hər iki – qəbul edəcəkləri və maraqlarına xidmət edəcək belə bir yolla təqdim edilməlidir. Əgər bu cəlbedici konsepsiya deyildirsə, insanlar bunu başa düşə bilmirsə, onda demokratik hökumət qurmaq olmaz. Siz güclə heç nəyi edə bilməzsiniz. Zahirən deyə bilərsiniz “Bəli, bu demokratiyadır”, ancaq daxildə, heç bir demokratiya olmayacaq.
İndi siz deyirsiniz ki, mən həm o sistemdə, həm də bu sistemdə – hər ikisində yaşamışam. Mən hər iki sistemin müsbət tərəflərini təcrübədən keçirmişəm. Azərbaycan sovet sistemindən çox böyük xeyir götürdü. Mən burada nəhəng fabrikləri, elektrik stansiyaları, yollar, körpülər, yaşayış binaları tikdim.
Hələ Moskvada Siyasi Büronun üzvü olarkən, mən başa düşürdüm ki, bu sistemin vaxtı çatıb və gələcəkdə inkişaf edə bilməz. Mən bilirdim ki, sistemdə durğunluq və tədricən dağılma olacaq. Mən bunu başa düşürdüm. Bu, sosializmin dəyişdiyi vaxt mənim fikrim idi.
Məsələn, indi mən bunu açıq deyirəm, bazar iqtisadiyyatı sistemi çox əhəmiyyətli iqtisadi sistemdir. Sosialist iqtisadiyyatına əsaslanan hökumət ilə müqayisədə, bazar iqtisadiyyatı daha çox xeyirlidir. Ancaq bizim insanlar bir vaxtlar hamıya eyni cür yanaşan Sovet sisteminin hakimiyyəti altında 70 il yaşamış insanlardır. İndiki zamanda bəzi insanlar bazar sistemi ilə varlanıb, hələ də digərləri çox kasıb yaşayır və heç bir işi yoxdur.
Amerikada insanların çoxu kasıb yaşayırdı. İqtisadiyyat inkişaf etdiyinə görə insanların bəziləri gərgin əməyin və bacarıqlarının sayəsində varlandılar. Ancaq digər insanlar kasıb olaraq qaldılar. Dövlət varlanandan sonra artıq özü kasıb təbəqəni dəstəkləmək və işsiz əhalini işlə təmin etmək məqsədilə yollar axtarıb tapmağa başladı.
Ancaq burada o hələ qeyri-mümkündür. Bizə o səviyyəyə çatmaq üçün, təxminən 20-30 il lazımdır. Buna görə də, mən ABŞ səfirliyindəki çıxışımda dedim ki, əgər bizdə müharibə olmasaydı, əmin-amanlıq olsaydı, o zaman yəqin ki, Amerikanın keçdiyi yolu biz də keçə bilərdik, hətta daha qısa vaxt ərzində. Sosializm müəyyən dövrdə insanlara çox böyük xeyir gətirdi. Doğrudur, insan hüquqları, mətbuat və ya fikir azadlığı yox idi. Ancaq insanlar buna öyrəşmişdilər. İnsanlar düşünürdü ki, dünya bu cür olmalıdır.
Sovetlər fikirləşirdi. “Mətbuat azadlığı nəyimə lazımdır?” “Fikir azadlığı nəyimə lazımdır?” O zaman tək bir fikir var idi, Marksizm - Leninizm və hər kəs o ideologiya ilə yaşayırdı; yalnız bir partiya – Kommunist Partiyası var idi. Sovet İttifaqı dağılmağa başlayana qədər insanların əksəriyyəti bu cür düşünürdü.
Lakin Dəmir Pərdə düşəndən sonra insanlar dəyişməyə başladı. Ancaq əhalinin əksəriyyəti, xüsusilə kəndlərdə hələ də işlərinin gedişatı ilə kifayətlənirdilər. Onlar yaxşı yaşayırdılar və hesab edirdilər ki, yaşayışlarını bu cür davam etdirə bilərdilər.
Dünən mən televizora baxırdım və ictimai rəy sorğusunun nəticələrini verirdilər: "Hansı daha yaxşı idi, sosializm, yoxsa kapitalizm?” İnsanların çoxu bu fikirləri deyirdi: "Mən sovet dövründə müəllim işləyirdim və əmək haqqım 240 rubl idi. Mən çox yaxşı yaşayırdım. Bu gün mən yenə də müəlliməm, 20-25 “şirvan” (bir “şirvan” 10 000 manata bərabərdir) alıram, ancaq mən o dövrdəki kimi yaşaya bilmirəm, mən o günlərə geri qayıdıb yaşayardım…”
Bunlar keçid dövrünün problemləridir. Ancaq hər kəs bunu başa düşmür və müxalifət vəziyyətdən öz xeyrinə sui-istifadə edir. Bir tərəfdən, onlar deyirlər ki, biz bazar iqtisadiyyatına, sahibkarlara və burjuaziya cəmiyyətinin formalaşmasına ehtiyac duyuruq, digər tərəfdən onlar soruşurlar: “Nəyə görə insanlar kasıb və işsizdir?”
Dövlətin daha güclü və varlı olması üçün bazar iqtisadiyyatının inkişaf etdirilməsinə ehtiyac duyulur. Ondan sonra dövlət kasıblara və işsizlərə kömək etməlidir. Bu dəqiqə bu qeyri-mümkündür. Biz ya sosializmə (bizim üçün artıq mümkün deyildir) qayıtmalı, ya da özünəməxsus çətinlikləri olan kapitalizm yolu ilə getməliyik. Vəziyyət belədir. Bunlar indiki dövrün yeganə seçimləridir.
İngilis dilindən tərcümə etdi:
Süsənbər AĞAMALIYEVA,
Naxçıvan Dövlət Universiteti Tərcümə Mərkəzinin əməkdaşı, fəlsəfə doktoru