Qəhrəman atanın qəhrəman oğlu
Oxuculara təqdim etdiyimiz bu fotoda görünənlər hünərləri ilə qürur duyduğumuz ata-baladır. İkinci Dünya müharibəsində Fransa Müqavimət Hərəkatının tanınmış nümayəndəsi Əhmədiyyə Cəbrayılov və oğlu – Qarabağda şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov. Hər ikisi baş leytenant olub.
...Fransada partizan hərəkatının fəal iştirakçısı, əfsanəvi Xarqonun – Əhmədiyyə Cəbrayılovun təyyarəsi Kursk ətrafında vurulur və ağır yaralanan soydaşımız faşistlərə əsir düşür. Bir il sonra o, həbs düşərgəsindən qaçmağa nail olur və müqavimətçilərə qoşulur. 1944-cü ilin mayında Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər. Bu dəstənin tərkibində Tarn, Qaron və Montobanın azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. Vozj və Elzasda xüsusilə fərqlənir. Avqustda azad edilmiş Parisdə Fransa müvəqqəti hökumətinin prezidenti olan general Şarl de Qoll Əhmədiyyə Cəbrayılovla görüşüb xatirə şəkli çəkdirir.
1945-ci ilin martında əfsanəvi Xarqo 3-cü briqadanın 4-cü eskadronuna daxil olub və bir sıra tapşırıqları yerinə yetirməklə yanaşı, dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə aparmasının qarşısını alıb. Sonra 500-ə yaxın fransız uşağı xilas edərkən yaralanan Əhmədiyyə alman zabiti formasında olduğu üçün bir müddət faşistlərin hərbi hospitalında müalicə kursu keçib (!). Sağalandan sonra Albi şəhərinə hərbi komendant təyin olunub və partizanlara çox önəmli məlumatlar ötürüb. Fürsət tapan kimi bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verib. Lion şəhərinin mərkəzində düşmən tanklarını, eləcə də körpüləri sıradan çıxarıb, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırıb. Uğurla aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayıb.
Əhmədiyyə Cəbrayılov Fransada göstərdiyi igidliklərə görə Hərbi medal, Hərbi Xaç, Döyüşçü Xaçı, Milli Tanınma medalı, eləcə də keçmiş SSRİ-nin orden və medalları ilə təltif edilib. 1966-cı ildə Şarl de Qoll Moskvaya gələndə Leonid Brejnevə onun haqqında danışıb və Xarqonu – Əhmədiyyəni görmək istədiyini bildirib. Moskvaya çağrılan Əhmədiyyə ilə mötəbər qonağın təsirli görüşü olub.
...Xarqonun oğlu Mikayıl Cəbrayılov isə milis baş leytenantı idi. Qarabağda erməni separatizmi həddini aşanda doğma Şəkidə sahə müvəkkili işləyirdi və münaqişə zonasına uzunmüddətli ezamiyyətə yollanmışdı.
Onda hələ 90-cı illər idi. Mikayıl 4 milis işçisi ilə birlikdə Cəmilli kəndində camaatla görüşüb vəziyyəti öyrənir. Sakinlər onları böyük sevinclə qarşılayır, dərdlərini bölüşür, dualar edirlər. Mikayılgilin gəlişi, təbii ki, onları daha da ruhlandırır. Onun dəstəsi həddini aşan erməniləri lazımınca cəzalandırır. Bir gün isə... Kosalar yolunda ermənilərin pusqusuna düşən Mikayılgilin maşını atəşə tutulur, sıravi Arzu şəhid olur. Nankor haylarla ölüm-dirim savaşında Mikayıl Cəbrayılov çiynindən güllə yarası alsa da, təslim olmur və sonadək vuruşur. 1990-cı il dekabrın 15-də o, döyüş yoldaşlarını və bir qrup kənd sakinini xilas edir, lakin özü igidliklə şəhid olur. Ölümündən sonra Mikayıl Cəbrayılova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilir.
Taleyə baxın ki, Mikayıl Qarabağda olduğu dövrdə Xarqo Fransada səfərdə idi. 1990-cı il dekabrın 17-də Şəkiyə – evlərinə qayıdıb. Ailə üzvləri ondan: “Hələ bir qədər də orada olmalı idin, niyə belə tez qayıtdın?” – deyə soruşublar. Cavabı belə olub: “Nədənsə, ürəyim sıxıldı, qala bilmədim, ona görə də qayıtdım”. Bir neçə dəqiqə sonra isə oğlunun ölüm xəbərini alıb və ata ürəyinin narahatlığının səbəbi məlum olub.
Bu foto ilk dəfə Prezidentin 11 avqust 2020-ci il sərəncamına əsasən, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində virtual sərgidə nümayiş etdirilib.