Mayın 8-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Sahibə Qafarova bu səfərin ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
O diqqətə çatdırıb ki, əsası ötən əsrdə xalqımızın ümummilli lideri Heydər Əliyev və Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra uğurla davam edir.
Milli Məclisin Sədri dünən imzalanmış sənədlərin əhəmiyyətini qeyd edib, Prezident İlham Əliyevlə aparılmış müzakirələrin tezliklə öz bəhrəsini verəcəyinə əminliyini bildirib.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərə mühüm töhfə verən hakim partiyaların rolu da xüsusi qeyd edilib.
Diqqətə çatdırılıb ki, ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində konstruktiv əməkdaşlığı, Vyetnamın ədalətli mövqeyi və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstək Azərbaycanda yüksək qiymətləndirilir.
S.Qafarova, həmçinin bildirib ki, Milli Məclis parlamentlərarası əlaqələrimizin inkişafında maraqlıdır və bunun üçün yaxşı imkanlar var. O, parlament sədrləri və deputatlar səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, parlament komitələri arasında da əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Bildirilib ki, Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası kimi beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar var.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Vyetnam Milli Assambleyası sədrinin salamlarını çatdırıb və onun adından S.Qafarovanı Vyetnama səfərə dəvət edib.
Söhbət zamanı qonaq ölkəmizə bu səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşünə, aparılmış müzakirələrə və imzalanmış ikitərəfli sənədlərə dair təəssüratlarını bölüşüb.
Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu yüksək qiymətləndirən Baş katib To Lam qarşılıqlı səfərlərin intensivliyinin artırılması, parlament komitələri arasında informasiya və təcrübə mübadiləsi, qanunvericilik sahəsində əməkdaşlıq, imzalanmış və ratifikasiya olunmuş ikitərəfli sənədlərin icrasına nəzarətin artırılması, ASEAN Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Milli Məclisin Sədri onun da salamlarını Vyetnam Milli Assambleyasının sədrinə çatdırmağı xahiş edib və həmkarını ölkəmizə səfərə dəvət edib. O, Milli Məclisin həmişə qarşılıqlı əməkdaşlığın inkişafına hazır olduğunu diqqətə çatdırıb və bu əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə inamını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.
Görüşdən sonra Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Milli Məclisin Xatirə kitabını imzalayıb.