Milli Məclisin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclası

post-img

Mayın 8-də Milli Məclisinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçirilib. İclasda ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğunda və müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında oynadığı tarixi rol geniş şəkildə təhlil olunub.

Parlamentin Sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.

Milli Məclisin Sədri deyib ki, müasir Azərbaycanın tarixi ulu öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu öndər xalq və Vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq.

Çıxışında 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın mürəkkəb çağırışlar qarşısında qalmasına diqqət çəkən Sahibə Qafarova bildirib ki, məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin Sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verib. Qeyd olunub ki, Ulu öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır.

O deyib ki, ötən dövrdə xalqımız Konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə inamla addımlayıb. Xüsusən Ulu öndərin başladığı işləri yeni tarixi şəraitdə layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası son 22 ildə böyük uğurlar, misilsiz və qürurverici qələbələr ilə dolu olan inkişaf yolu keçib.

Milli Məclisin Sədri bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm qlobal və regional təşəbbüs və layihələrin müəllifi və fəal iştirakçısı olub. Ölkəmiz Qoşulmama Hərəkatında, digər beynəlxalq təşkilatlarda mövqelərini möhkəmləndirib, İslam dünyası və Türk birliyi ilə əlaqələrini genişləndirib. Vurğulanıb ki, Bakı beynəlxalq forumların və sammitlərin keçirildiyi bir məkana çevrilib.

Çıxışında S.Qafarova Azərbaycanın 30 ilə yaxın müddətdə böyük ədalətsizlik ilə üz-üzə qalmasından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış böyük potensial, güclü ordu və sarsılmaz milli birlik Ulu öndərin müəllifi olduğu müasir dövlətçilik konsepsiyasının ən mühüm istiqamətlərindən birində möhtəşəm uğurlar əldə etməyə imkan verib. Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti, hərbi-texniki və mənəvi-psixoloji hazırlığı 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında birgünlük antiterror əməliyyatında tarixi qələbələri təmin edib. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olunub.

Sonra plenar iclasda ideya müəllifi Milli Məclisin Sədri Sahibə Qafarova olan “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib.

Sonra iclasda mövzu ilə bağlı deputatların çıxışları dinlənilib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, Musa Quliyev, Şahin İsmayılov, Tahir Rzayev, Hicran Hüseynova, Zahid Oruc, Əli Hüseynli, deputatlar Aydın Hüseynov, Pərvin Kərimzadə, Bəhruz Məhərrəmov, Rizvan Nəbiyev, Azər Badamov, Nurlan Həsənov, Vüqar Bayramov, Elşən Musayev, Tural Gəncəliyev, İlham Məmmədov, Tahir Mirkişili, Kamal Cəfərov, Qüdrət Həsənquliyev, Jalə Əliyeva fikirlərini bölüşüblər.

Deputatlar bu il xalqımızın müəllifi ümummilli lider Heydər Əliyev olan ilk milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünü qeyd etdiyini söyləyərək, bu Ali sənədin Ulu öndərin zəngin siyasi və dövlətçilik irsinin parlaq nümunələrindən biri olduğunu vurğulayıblar.

Çıxışlarda bu gün Ümummilli liderin siyasi irsini, uzaqgörən müstəqil, demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər yüksək qiymətləndirilib.

Sonra iclasda deputat Bəhruz Məhərrəmov “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını səsləndirib.

Bəyanat səsə qoyularaq qəbul edilib. Bununla da Milli Məclisin xüsusi iclası başa çatıb.

 

Son xəbərlər