Mirzoyan “Alma-Ata”dan girib “Helsinki”dən çıxır

post-img

Erməni iqtidarı avantürizm üçün tutacaq yer axtarışlarını davam etdirir

Ermənistan parlamentində yenə Qarabağla bağlı söz-söhbət qızışıb. Hay avantüristlər öz şakərlərindən qalmırlar və onların ölkənin Milli Assambleyasında təmsil olunan kəsimi əlinə düşən hər fürsətdə rəsmi İrəvanın təmsilçilərini bu mövzuda divara dirəyirlər. Növbəti dəfə bu aqibəti yaşayan isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan olub.

Əlbəttə, erməni XİN rəhbərinin ölkə parlamentində bildirdiklərini, belə demək mümkünsə, aşkar revanşistlərlə söz davası kimi də qiymətləndirmək olar. Yəni, elə hesab etmək olar ki, Mirzoyanın dilə gətirdikləri sırf daxili auditoriya üçündür. Amma elə məqamlar var ki, onların üzərində dayanmalıyıq. Həm də ona görə dayanmalıyıq ki, zaman-zaman bu sayaq məqamların, habelə revançist və şovinistlərin tələblərinin erməni iqtidarının siyasi kursuna çevrildiyinin şahidiyik.

Başlayaq ondan ki, A.Mirzoyan qondarma “Dağlıq Qarabağ Respublikasının” Ermənistan dövləti tərəfindən heç vaxt rəsmi şəkildə tanınmadığını vurğulayıb. Bu vurğulanma konstruktiv zəminli deyil. Əslində, Mirzoyan eksləri borclu çıxardır. O demək istəyir ki, əvvəlki erməni iqtidarı qorxaqlıq edib separatçı rejimi dövlət kimi tanımayıb. Amma...

Mirzoyanın söylədiklərinə başqa rakusdan da yanaşmaq mümkündür. Nəzərə alaq ki, baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verdi və beləliklə, əsl mahiyyəti ortaya qoydu. O göstərdi ki, illərlə davam edən Qarabağ danışıqları, təklif edilən müxtəlif həll variantları yalnız gözdən pərdə asmaq imiş.

Bəli, məqsəd Qarabağın Azərbaycandan alınaraq Ermənistan verilməsi idisə, Nikol göstərdi ki, beynəlxalq ictimaiyyət bunu təmin etmək iqtidarında deyil. Onun özü işi necə gördü, bütün dünya çox yaxşı gördü. 44 günlük müharibə nəticəsində Qarabağ ermənilər üçün heç məzar yerinə də çevrilmədi, bu, öz yerində. Mahiyyət budur ki, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı erməni avantürizminin ilkin halına qayıdış idi. Axı 1988-ci ildə “Miatsum” hərəkatı başlananda da məqsəd Qarabağın Ermənistana birləşdirilməsi olub, bunun üçün keçmiş SSRİ-nin rəhbərliyi qarşısında müxtəlif “arqumentlər” irəli sürülüb, “əsaslandırmalar” aparılıb.

Yəni lap başlanğıcda Qarabağ ayrıca dövlət kimi yox, məhz Ermənistanın tərkibindəki ərazi olaraq təqdim olunub. Bunu gerçəkləşdirmək mümkünsüzə çevriləndə, “Artsax” oyunu ortaya atılıb, işğallarla Azərbaycanı mövqeyindən geri çevirmək, ölkəmizi razı salmaq xətti götürülüb. Sözümüz ondadır ki, Paşinyanın 2019-cu ildə Xankəndinin mərkəzi meydanında səsləndirdiyi cəfəng bəyanat oyuna son qoyulduğunun təsdiqidir.

Deməli, illər ərzində Ermənistan qondarma “DQR”in müstəqilliyini ona görə tanımamışdı ki, Qarabağı ayrıca müstəqil subyekt deyil, özününkü hesab edirdi. Ona görə Mirzoyan eksləri günahlandırmamalıdır. Çünki mübarizə forma və üsullarından asılı olmayaraq, Ermənistanın bütün hakimiyyətlərinin Qarabağ məqsədi olub. Eyni zamanda, ona görə günahlandırmamalıdır ki, həmin ekslər tülkülüklə, min bir hiylə ilə də olsa, avantüranı davam etdirmişdilər. Nikol isə onu məhv etdi.

Ancaq rəsmi İrəvanın indi də Qarabağ avantürasından geri çəkildiyini söyləmək doğru sayılmaz. Hər halda, Mirzoyan 1991-ci ilin Alma Ata Bəyannaməsini əbəs yerə gündəmə gətirmir. Gündəmə gətirərək deyir ki, “SSRİ-nin dağılması ilə eyni vaxtda, Alma-Ata Bəyannaməsini imzalamaqla, Ermənistan SSRİ-nin süqutu zamanı mövcud olan sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıdı”.

Problem ondadır ki, bəyannamə hayların Qarabağ iddiasına maneçilik törətmirdi. Digər tərəfdən, əgər rəsmi İrəvan, həqiqətən, sənədi əsas götürmüşdüsə, o zaman gərək işğalçılığa baş vurmazdı. Tutalım, məqsəd Qarabağ idi. Axı haylar işğal etdikləri digər ərazilərimizə də eyni prizmadan yanaşırdılar. Həmin vaxt qondarma respublikanın “sərhədləri” Ağdamdan, Füzulidən başlayırdı və bu cəhət ərazi iddiasının arealının Qarabağı aşdığının təsdiqi idi. Şübhəsiz, ölkəmiz durumla barışsaydı, iddianın ardı mütləq gələcəkdi.

Ən başlıca məqam isə ondadır ki, hazırkı erməni iqtidarının özü də Alma-Ata Bəyannaməsinə məhəl qoymamışdı. Halbuki, Paşinyan hakimiyyətə gələndə pozitiv davranmaq şansına malik idi. Yəni, baş nazir konstruktiv yöntəm üçün şans qazanmışdı, xalq ona inanırdı. Amma bunu etmədi, özünü ekslərdən daha pis erməni kimi aparmağa başladı. Hətta, “Yeni ərazilər uğrunda yeni müharibə!” şüarını da gördük.

Paşinyan başda olmaqla, erməni hakim komandasının üzvlərinin başı, obrazlı desək, möhkəm əzildi. Bəs onlar nəticə çıxardılarmı? 44 günlük müharibədən sonra yaşananlar göstərir ki, rəsmi İrəvan yaxın tarixin rüsvayçı mənzərələrindən nəticə çıxarmır, müxtəlif uydurmaları və cəfəng baxışları reallıq kimi təqdim etməyə girişir. Onu da nəzərə alaq ki, Paşinyan iqtidarının avantürist niyyətli cəhdlərinin Alma-Ata Bəyannaməsi adlı tutacaq yeri və istinadgahı da var.

Diqqət yetirək, Mirzoyan Alma-Ata Bəyannaməsindən söz açarkən, Helsinki Yekun aktını gündəmə gətirir, həmin aktın “Xalqların bərabər hüquqlar və öz müqəddəratını təyinetmə hüququ” adlı 8-ci fəslindən danışır. Bu o deməkdir ki, rəsmi İrəvanın bəyannaməyə görə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması elə bir əhəmiyyət daşımır. Deməli, Ermənistan rəhbərliyi üçün Qarabağ iddiası yenə aktuallığını saxlayır: “Bu fəsildə deyilir ki, iştirakçı tərəflər həmişə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüquq normalarına, o cümlədən, ərazi bütövlüyünə aid olanlara uyğun hərəkət edərək xalqların hüquq bərabərliyinə və öz müqəddəratını təyinetmə hüquqlarına hörmət etməyi öhdələrinə götürürlər”. Çox aydın yazılıb.

Mirzoyan onu da bildirib ki, eyni fundamental prinsip danışıqlar dövrünün sonrakı sənədlərində və bəyanatlarında, o cümlədən, 6 oktyabr 2022-ci il tarixli Praqa Bəyanatında əksini tapıb. Deməli, rəsmi İrəvan üçün Praqa sənədinin interpreativ məzmunu var. “Eyni şey 2024-cü il avqustun 30-da imzalanmış və qüvvəyə minmiş Ermənistan və Azərbaycan Demarkasiya komissiyalarının prosedur qaydalarında da qeyd olunub”, – deyən Mirzoyan məsələnin ölkəsi ilə Azərbaycan arasındakı sülh müqaviləsinin razılaşdırılmış mətnində də öz əksini tapdığını bildirib.

Belə nəticəyə gəlmək olar ki, Mirzoyanın Ermənistan parlamentinin tribunasından ittihamlara cavab olaraq dedikləri xüsusunda bir neçə məqama diqqət yetirmək zərurəti yaradır. Birincisi, ölkənin eks rəhbərliyi Qarabağdakı separatçı rejimi dövlət kimi tanımamışdı, Paşinyan administrasiyası da bunu etmədi. Guya, belə davranmaqla beynəlxalq hüquq normaları qorunacaqmış. İkincisi, Mirzoyan demək istəyir ki, təmsil olunduğu komanda erməni milli identikliyi baxımından vacib olan Qarabağ avantürasını tarixin arxivinə gömməyib və mövcud istiqamətdə dirəniş davam edir.

Sonda onu da bildirək ki, Mirzoyanın fikirlərinin təhlilindən gəldiyimiz nəticə Azərbaycanın Ermənistanla bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin imzalanması baxımından irəli sürdüyü iki şərtin nə qədər vacib olduğunu bir daha göstərir. Məlum olduğu kimi, həmin şərtlərdən birincisi Ermənistan konstitusiyasına dəyişiklikdir. Daha doğrusu, erməni ana qanununun ölkənin İstiqlaliyyət bəyannaməsinə istinad kazusundan uzaqlaşması. Çünki bəyannamədə yer alan “Dağlıq Qarabağ” ifadəsi Azərbaycana qarşı ərazi iddiasıdır və bu iddiaya rəsmi şəkildə, erməni xalqının referendumda nümayiş etdirəcəyi iradə ilə son qoyulmalıdır. Başqa sözlə desək, avantüradan uzaq durulacağı yüksək səslə bəyan edilməlidir.

Azərbaycanın ikinci tələbi ATƏT-in Minsk qrupunun rəsmən ləğvi üçün Bakının və İrəvanın müvafiq birgə müraciət ünvanlamasıdır. Bu tələb ona görə irəli sürülüb ki, Minsk qrupu Azərbaycanla Ermənistan arasındakı ərazi mübahisəsi məntiqini vurğulayır. Deməli, sözügedən təsisat fəaliyyətini rəsmi qaydada dayandırmalıdır ki, belə bir məntiq tamamilə dövriyədən çıxsın. Məhz o halda nə Mirzoyan, nə də onun təmsil olunduğu komandadakı heç kəs Helsinki Yekun Aktı və sair belə sənədlərlə manipulyasiyaya yol verib avantürizm üçün tutacaq yer axtarmayacaq. Daha dəqiq desək, avantürizm pəncərəsi maksimum dərəcədə qapanacaq.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət