Zəfər Paradı, gücümüzün, birliyimizin, əzəmətimizin simvolu

post-img

Böyük Zəfərin beşinci ildönümünə həsr olunmuş parad qardaş ölkə liderlərinin iştirakı ilə təntənəli şəkildə keçirildi və bayrama xüsusi şövq qatdı. Uğuru bayrama çevirən, xalqımıza inanılmaz zəfər yaşadaraq ürək qəhrəmanı kimi sevgi qazanmış Prezident İlham Əliyevin nitqini xalqımızın sonsuz sevinc və coşqusu ilə qarşıladı. Hər bir Azərbaycan vətəndaşı bu tarixi anı qürurla qeyd etdi və birlik ruhunu daha da möhkəmləndirdi. Bu, həm dünənin qəhrəmanlıqlarını yad etmək, həm də gələcək uğurlar üçün ilham mənbəyi oldu.

Prezident İlham Əliyev Azərbaycanın indiki siyasi gücünü və regiondakı strateji mövqeyini açıq şəkildə ortaya qoymaqla vacib mesajlar verdi. Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan əlaqələrinin strateji əhəmiyyətini göstərərək ölkənin yalnız daxili resurslarla deyil, həm də etibarlı müttəfiqlərlə mövqeyini möhkəmləndirdiyini qeyd etdi. Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Azərbaycanın tək olmadığını, müttəfiqləri ilə birlikdə regional balansda güclü oyunçu olduğunu bildirdi.

“Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” ifadəsinin indiki siyasi reallığın rəmzi olduğunu və beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyinin dönməzliyini vurğuladı. Prezident 1990-cı illərin işğal siyasətini və Xocalı soyqırımını xatırladaraq Azərbaycanın hüquqi və siyasi haqqının təməlini göstərdi. İkinci Qarabağ müharibəsi və 44 günlük Zəfərin ölkənin strateji üstünlüyünü təsdiqlədiyini, güclü ordu, iqtisadi müstəqillik və milli həmrəyliyin Azərbaycanın beynəlxalq siyasətdə mövqeyini gücləndirdiyini bildirdi.
Azad edilmiş torpaqlarda bərpa və infrastruktur işlərinin sürətlə davam etdiyini söyləyən ölkəmizin başçısı Azərbaycanın həm hərbi, həm də sosial-iqtisadi dayanıqlığını nümayiş etdirdi və “Böyük Qayıdış” proqramının yalnız torpaqların bərpasını deyil, həm də uzunmüddətli siyasi və strateji planların reallaşdırılmasını simvolizə etdiyini qeyd etdi. Azərbaycan lideri daha vacib bir məqama toxinaraq müharibədən sonra ölkəmizin siyasətinin aydın olduğunu, ərazi bütövlüyü və suverenliyin qorunduğunu, milli həmrəyliyin güclü olduğunu və regional, beynəlxalq əlaqələrin strateji səviyyədə inkişaf etdiyini bildirdi. 

Prezident İlham Əliyevin zəfər paradında məzmunlu çıxışı Azərbaycanın gücünü, siyasi iradəsini və regional nüfuzunu nümayiş etdirən canlı siyasi sənəd kimi tarixə düşdü. Azadlıq meydanında böyük qələbənin beşinci ilində keçirilən paradında böyük qalib həm hərbi, həm də siyasi gücünü, strateji baxışını və milli həmrəyliyini bir daha dünyaya göstərdi. Bu həmin Azadlıq meydanı idi ki, illər öncə xalq Qarabağın işğalına etiraz əlaməti kimi buraya axışırdı. İndi isə qalib Azərbaycan xalqı qürur və iftixar hissi ilə Azadlıq meydanından gələcəyə baxır, hər bir vətəndaşın ürəyi zəfər şüarları ilə döyünür. Zəfərimiz müstəqilliyimiz kimi əbədi, birliyimiz isə böyüklüyümüz kimi sarsılmazdır!

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı



Sosial həyat