“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda heç bir proqres yoxdur. Əgər yeni bir şey ortaya çıxsa, ictimaiyyətə məlumat verəcəyik”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.
Bəs, nəyə görə Qriqoryan danışıqlarda “tərəqqi” olmamasının səbəbləri barədə susub? Niyə ləngimənin əsl səbəblərini göstərməkdən yayınıb? Axı, bu sualın aydın cavabının məhz İrəvandan gözlənildiyini hayların baş “çekisti” çox yaxşı bilir. Sözdə arzuladıqları sülhə gedən yolda “tərəqqi” olmamasının günühkarı qismində özlərini görmək istəməyən A.Qriqoryanın mediaya verdiyi açıqlaması yadımıza mərhum rejissorumuz Rasim Ocaqovun “Həm ticarət, həm ziyarət” filmindəki lotereya lətifəsi ilə bağlı məşhur epizodu saldı. Tanrı ondan lotereyasına həsrətində olduğu maşının düşməsini diləyən bəndəsinə (Hacı İsmayılovun yaratığı Mustafa obrazının dilindən) kömək üçün, heç olmasa, 50 qəpik verib lotereya almasını xahiş edir...
İndi hayların təhlükəsizliyinə cavabdeh Armen Qriqoryana izah etməyə ehtiyac varmı ki, danışıqları sülhə çatdırmaqdan ötrü İrəvan Bakının siyasi məntiqə və beynəlxalq ədalətə söykənən şətlərinə əməl etməlidir? Bakı dəfələrlə vurğulayıb ki, sülh müqaviləsi Ermənistanın konkret siyasi rəhbərliyi ilə deyil, bütövlükdə, Ermənistan dövləti ilə bağlanmalıdır. Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasına dəyişiklik edilməsi zəruridir.
Burada anlaşılmayan nə var? Azərbaycan bu ədalətli tələbi ona görə gündəmə gətirib ki, sabah Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə, yaxud bu ölkə sosial, siyasi və mənəvi qeyri-sabitlik uçurumuna yuvarlananda orada baş verə biləcək daxili və xarici siyasət təbəddülatlarından özünü sığortalasın. Ən azı, son beş ilin təcrübəsi göstərdi ki, Hayastanda proqnozlaşdırılması mümkün olmayan dəyişikliklər baş verə bilər.
Oxuculara xatırladaq ki, cari il martın 13-də İrəvan və Bakının sülh sazişinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdıqları barədə məlumat yayıldı. Məlumatda deyilir ki, tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlıdır.
Amma son iki ayda rəsmi İrəvan bir tərəfdən sülh sazişini dərhal imzalamağa hazır olduğunu bəyan edir, digər tərəfdən Bakının məlum şərtlərini yerinə yetirmək barədə heç nə demir. Sanki sözümüzü boş çoxluğa, vakuuma ünvanlamışıq. Biz hazırda Ermənistan cəmiyyətində əksəriyyəti bürümüş dərin siyasi bədbinliyi müşahidə edirik. Bu ovqat cəmiyyətin eyni simalardan və onların yalançı vədlərindən yorulduğunu, həm də dəyişikliyə hazır olmadığını nümayiş etdirir. Bu baxımdan, elektorat qarşıdakı parlament seçkilərinə də böyük inamsızlıq ifadə edir. Bunun üzərinə daxildə və xaricdə uğradığı uğursuzluq zolağından çıxa bilməyən baş nazir Nikol Paşinyana bəyəndikləri alternativi görmədiklərini də əlavə etsək, Hayastandakı mövcud siyasi mənzərə aydınlığa çıxar.
Bütün bunlar rəsmi Bakının dediklərini bir daha təsdiqləyir: sülh sazişi Paşinyanla deyil, Ermənistan Respublikası ilə bağlanmalıdır. Cəmiyyətdə iqtidar partiyasına inamın öləziməsi onun mövqeyini xeyli kövrəkləşdirib, mühüm sənədləri imzalamaq mandatını məhdudlaşdırıb. Belə məqamlarda sülhün əldə olunmasına yalnız geniş daxili siyasi konsensus zəmanət verə bilər.
Sonda Qriqoryana və hay rəiyyətinə onu deməyimiz qalır ki, sizin lotereyanız Azərbaycan kimi dözümlü və səbirli qonşuya rast gəldiyiniz gün uduşa düşüb. Yoxsa...
İ.HƏSƏNQALA
XQ