Bakıda idman festivalı

post-img

Mayın 6-da Bakı şəhəri Səbail rayonu Məmməd Rahim adına 7 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində ümummilli lider Heydər Əliyevin 102-ci ­ildönümünə həsr edilmiş idman festivalı keçirilib.

Festival məktəbin hazırladığı stendlərə baxışla başlayıb. Azərbaycan Respublikasının himni səsləndirildikdən sonra rəsmi qonaqlar tədbirin proqramını izləyiblər.

Mərasimdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nərminə Hüseynova ulu öndər Heydər ­Əliyevin idmana qayğısından danışıb. Bildirib ki, ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılıb, gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində olub. Dövlətimizin idman sahəsindəki bu siyasəti Azərbaycan Prezidenti ­İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla ­davam etdirilir.

Azərbaycanın milli rəqsləri və musiqi sədaları altında müxtəlif kompozisiyalar nümayiş etdirildikdən sonra Olimpiya məşəli meydana gətirilib.

Məktəb şagirdlərinin yarışı, gimnastika məktəbi və 7 saylı məktəbin şagirdlərinin çıxışları tədbirə rəng qatıb. Məktəbin şagirdi Musa Muradın musiqili ifası da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

L.QURBANOVA
XQ

İdman