Mayın 8-də Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekun konfransı keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin, eləcə də şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
RİİB-in şöbə müdiri Gülbağda Leysanova layihə çərçivəsində görülən işlər barədə məlumat verərək bildirib ki, aidiyyəti qurumların xidmətləri və resursları xəritələşdirilib, sahə tədqiqatları aparılıb və 100-dən çox uşağın sosial, psixoloji və hüquqi ehtiyacları müəyyənləşdirilərək onların həlli istiqamətində tədbirlər görülüb. Türkiyədən dəvət olunmuş ekspertin dəstəyi ilə sosial işçilər üçün təlim proqramı hazırlanıb və tətbiq edilib.
Konfransda Nazirlər Kabineti, İnsan Hüquqları üzrə Müvəkkilin Aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə, Elm və Təhsil, Daxili İşlər, Gənclər və İdman nazirliklərinin nümayəndələri, həmçinin beynəlxalq ekspert Mehmet Zafer Danış çıxış edərək, qurumlararası əməkdaşlığın vacibliyini və hüquqi mexanizmlərin təkmilləşdirilməsinin zəruriliyini qeyd ediblər.
Tədbir “Mövcud vəziyyət və problemlər” və “Yeni həll yolları və innovativ yanaşmalar” adlı panel sessiyalarla davam etdirilib.
XQ