Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərə qayıdış” mövzusunda regional konfrans öz işinə başlayıb.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev konfransı giriş sözü ilə açaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edildiyini bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını əsas vəzifələrdən biri kimi hesab edirdi. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən dahi şəxsiyyət mədəni irsimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, müasir dövrdə, qloballaşmanın vüsət aldığı indiki tarixi mərhələdə milli-mənəvi dəyərlərin hüdudlarını müəyyənləşdirmək getdikcə çətinləşir. Bir çox xalqlar iki yolun ayrıcında – qloballaşma ilə ayaqlaşmaq və milli-mənəvi dəyərləri qorumaq arasındakı çox incə xətti müəyyən etmək kimi çətin seçim qarşısında qalıb. Bu yolayrıcında Azərbaycan öz dəyərlərinə sadiqlik prinsipini seçib. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq ideyasının əsas qayəsi də elə qloballaşma meydanına öz kimliyimizlə çıxmağı nəzərdə tutur.
Komitə sədri vurğulayıb ki, Heydər Əliyev Azərbaycan tarixinin ən çətin və ziddiyyətli bir dövründə bütün məsuliyyəti öz üzərinə götürərək, milli dövlətçiliyimizi xilas etməklə yanaşı, həm də tarixi ənənələrə yeni məzmun gətirən mütərəqqi islahatlar həyata keçirib. İctimai-siyasi sabitlik, etnik və dini tolerantlıq, adət-ənənələrə, mədəni irsə hörmət kimi ali dəyərlər Ümummilli lider Heydər Əliyevin qurduğu milli dövlət modelinin ideoloji təməlini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik qərarları bu modeli daha da təkmilləşdirərək, ölkəmizi dünyada öz sözü, öz imzası ilə tanınan, ehtiram göstərilən müasir dövlətə çevirib.
Milli Məclisin deputatı Eldar İbrahimov konfransın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Ulu Öndər Heydər Əliyev dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərini də həyata keçirirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan və milli-mənəvi dəyərlərə əsaslanan islahatların başlıca məqsədi müasir dünya çağırışlarına cavab verən güclü, rəqabətədavamlı və vətəndaşların rifahını təmin edən dövlətin qurulmasıdır. Deputat qeyd edib ki, bu vəzifələri yerinə yetirmək üçün xalqımızın özünün milli-mənəvi dəyərlərinə, tarixinə sahib çıxması vacibdir. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir.
Regional konfrans işini panel iclasları ilə davam etdirir.