Britaniyalı sabiq diplomat: COP29 razılaşması gələcək uğurlar üçün əsas olacaq

post-img

COP29-da 300 milyard dollar həcmində maliyyə ayrılması barədə razılaşma əldə olundu. Bu, çox vacib addımdır, öz növbəsində özəl sektordan və digər mənbələrdən maliyyənin cəlb olunmasına təkan verə bilər. Ümid edirəm ki, gələcəkdə inkişaf etmiş ölkələrdən əlavə töhfələr də olacaq.

Bu fikirləri Xəzər Siyasət Mərkəzinin Britaniya üzrə müşaviri, britaniyalı sabiq diplomat Devid Moran AZƏRTAC-a müsahibəsində bildirib.

O deyib ki, COP29 çərçivəsində bir çox mühüm texniki məsələlərdə əhəmiyyətli nəticələr əldə olunub: “Karbon bazarının qaydaları və şəffaflıq çərçivəsi kimi mühüm texniki məsələlərdə çox ciddi nəticələr əldə edildi. Əlbəttə ki, insanların diqqətində olan əsas məsələ nə qədər maliyyə vəsaitinin ayrılacağı idi. Nəticədə, 300 milyard dollarlıq razılaşma əldə olundu”, - deyə o qeyd edib.

Devid Moran əldə edilən razılaşmanın əhəmiyyətini vurğulayaraq, bunun gələcəkdə daha böyük nəticələrə nail olmaq üçün əsas olacağını bildirib: “Bu razılaşma çox vacibdir, indi biz onu inkişaf etdirə bilərik. Azərbaycan sədrliyinin davam etdiyi dövrdə bu, xüsusilə vacibdir. Azərbaycanın Braziliyaya, COP30-un keçiriləcəyi Belem şəhərinə qədər sədrliyi davam edəcək. Bu müddət uzun deyil, əksinə çox faydalıdır”, - deyə Devid Moran qeyd edib.

D.Moran Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyini xüsusi vurğulayıb: “Bu, irimiqyaslı tədbirdir və onu təşkil edib, uğurla həyata keçirmək böyük nailiyyətdir. Bir neçə il əvvəl Qlazqoda keçirilən tədbirin təşkilində iştirak edən biri kimi, bunun nə qədər çətin olduğunu bilirəm. Buna görə də Azərbaycan hökumətini təbrik edirəm”.

O, Britaniyanın Baş naziri Rişi Sunakın COP29-da iştirakını iki mühüm səbəblə izah edib: “Birincisi, iqlim dəyişikliyi çox vacib məsələdir və Britaniya hazırda bu sahədə liderdir. İkincisi isə Xəzər regionuna olan marağımızdır. Bu region təkcə qlobal səviyyədə deyil, həm də Böyük Britaniya və Avropa üçün çox əhəmiyyətlidir”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sosial həyat