Quzanlıya gedərkən...
İlk dəfə getsəm də, Ağdam rayonunun Quzanlı qəsəbəsinə aparan yollar mənə tanış və doğma gəlir. Elə bil nə vaxtsa keçmişəm bu yerlərdən. İçindən, yanından ötdüyüm kəndləri, təsərrüfatının qayğısı ilə məşğul olan insanları, yol kənarındakı ağacları, şütüyən maşınları, əkin-biçin texnikalarını görmüşəm bir vaxtlar.
Haradan xatırlayıram axı mən Qarabağın bu barlı-bəhərli, bərəkətli, ürəkaçan mənzərəli göz oxşayan müqəddəs torpağını? Bəlkə gen yaddaşımdır buraları ilk baxışdan mənə sevdirən? Axı xatirələrimdə uşaqlığımdan ilişib qalan 27 ildən artıq mənfur erməni işğalında inləmiş, darmadağın edilərək xarabalığa çevrilmiş Ağdam şəhərinin özü, bir də məşhur Ağdam bazarının göyərçinləri olub. O göyərçinlər haqda yazmışdım bir vaxtlar. Yazmışdım ki, otuz neçəsə il əvvəl ilk və işğal gününə qədər sonuncu dəfə Ağdam bazarındaydım. Yalvarışlarıma dayana bilməyən valideynlərim məni də özləri ilə gətirmişdilər. Sakitcə büzüşüb zəhmətlə hazırlanmış məhsullarımızı satdığımız piştaxtamızın yanında dayanmışdım. “Dünya boyda” bazarı, malını tərifləyənləri, qiymət üstə çənə-boğaza çıxanları seyr edirdim. Gördüyüm hər şey çox maraqlı idi əslində, ancaq mənim uşaq dünyamı şənləndirən, həmin yarım günümü mənalandıran, xatirəmdə iz buraxan tamam başqa şey olmuşdu – göyərçinlər! Hündür tavanın beton çardağının aralarına doluşmuş, çoxu qoşa-qoşa dayanan, erkəklərin quğultuları aşağının bütün səs-küyünü yarıb qulaqlarımda musiqi kimi səslənən, hərdən insanlardan qorxmadan küncdə-bucaqda yerə enib “dünya boyda” bazardan bir dimdik nemət payını götürərək özündən və taleyindən razı halda geri uçan masmavi göyərçinlər! Məni qınamayın, ancaq 27 il hər dəfə adı gələndə Ağdam qədər də bazarındakı göyərçinlər üçün dərd çəkmişəm, ac qaldılar, bazarsız, yuvasız, insansız qaldılar deyə qayğılanmışam! İndi üzü Quzanlıya doğru irəlilədikcə yenidən xatırlayıram və sevinclə düşünürəm ki, Ağdamımız kimi göyərçinləri də azaddır, yenidən qurulan şəhərdə onların da yeni yuvaları olacaq.
Səfərimin vaxtı təsadüfən seçilməyib. Bir gün sonra, iyulun 23-ü Ağdamın işğal günüdür axı. İllər boyu ürək ağrısıyla, acıyla, doğma yurd həsrəti ilə qeyd etmişik bu tarixi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz şanlı tariximizin zəfər salnamələrini yazana, Vətən müharibəsində misli görünməmiş qələbə qazanana, erməni işğalçılarını yurdumuzdan-yuvamızdan qovub cəhənnəmə göndərənə qədər Qarabağımızın, Şərqi Zəngəzurumuzun şəhərlərinin, rayonlarının işğal tarixləri təqvimlərimizi qara rənglə “bəzəyib”. Ancaq artıq həmin şəhər və rayonlarımızın bir də qırmızı qələbə rəngi ilə nisgilimizə son qoyan azadlığına qovuşma tarixləri də var. Tanrıya şükürlər olsun! Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Ağdam da yenidən qurulur, abadlaşır, doğma sakinlərini qarşılamaq üçün Böyük Qayıdışa hazırlaşır...
İlk təəssüratlar, “Ağdam” qəzeti, mükafat...
Quzanlıya çatıram. İllər boyu müvəqqəti olaraq Ağdam rayonunun mərkəzinə çevrilmiş qəsəbədə həyat qaynayır. Müasir, hər biri fərqli və gözoxşayan memarlıq üslubunda tikilmiş inzibati və digər binalar, səliqəli park ilk baxışdan xoş təəssürat yaradır. Ərazidə piyada dolaşıram. Diqqətimi üzərində “Ağdam” qəzetinin redaksiyası yazılmış açıq qapı cəlb edir. İçəri daxil olub həmkarlarımla tanış olmağı, onları bugünkü peşə bayramımız – Milli Mətbuat Günü münasibətilə təbrik etməyi özümə borc bilirəm. Baş redaktor, əməkdar jurnalist Baxşeyiş Abbasoğlu 1930-cu ildə Azərbaycanın Xalq yazıçısı Əli Vəliyevin redaktorluğu ilə “Kolxoz sədası” adı ilə fəaliyyətə başlamış 94 yaşlı qəzetin fəaliyyəti haqqında məlumat verir. Bildirir ki, yerindən-yurdundan didərgin düşsə də “Ağdam” qəzetinin nəşri heç vaxt dayandırılmaıb. Hazırda da qəzet dövriliyini saxlayır, ayda 3-4 dəfə maraqlı məqalələri, yeni xəbərləri ilə rayon ictimayiyyətinin görüşünə gəlir. Yeri gəlmişkən, “Ağdam”ın davamlı nəşri rayon rəhbərliyinin dəstəyi sayəsində mümkün olur və İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun bölgə mətbuatının inkişafına bu köməyini yaxşı nümunə kimi qiymətləndirmək lazımdır.
Səfərimin əsas məqsədi Ağdam rayonunun iqtisadi-siyasi həyatı, Vətən müharibəsindən sonra və Böyük Qayıdış ərəfəsində ağdamlıların hansı əhval-ruhiyyədə olduqları barədə məlumatlar toplamaq, Ağdamın bu günü haqqında ümumi mənzərə formalaşdırmaqdır. Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vaqif Həsənovla tanışlıqdan dərhal sonra mövzu ətrafında söhbət etmək istəsəm də Vaqif müəllim elə indi Heydər Əliyev mərkəzində “22 İyul-Milli Mətbuat günü” münasibətilə dəyirmi masa keçiriləcəyini bildirdi, məni də tədbirə dəvət etdi. Beləliklə, Quzanlı səfərim, eyni zamanda, peşə bayramımızla bağlı tədbirlə yadda qaldı.
Rayon rəhbərliyinin, müxtəlif KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixinin 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunmasından bəhs edildi. RİH başçısı V.Həsənov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmələri, ölkəmizdə mövcud olan mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən məqsədyönlü işlərdən danışdılar, səmimi fikir mübadiləsi aparıldı. Tədbirin sonunda bir qrup media nümayəndəsinin mükafatlandırılması haqqında RİH başçısı Vaqif Həsənovun Sərəncamı oxundu. Yeri gəlmişkən, məni də mükafatlandırılanlar sırasında daxil etdikləri, “Xalq Qəzeti”nin bölgə müxbiri kimi fəaliyyətimi qiymətləndirdikləri üçün Ağdam rayonunun rəhbərliyinə təşəkkür edirəm...
Yeni inkişaf yolunda
Rayonun bugünkü mənzərəsi, görülən işlər haqqında ümumi məlumat əldə etmək üçün tədbirdən sonra RİH başçısı ilə həmsöhbət olduq. Vaqif müəllim bildirdi ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız zəfər Ağdam rayonunun yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirən mühüm amildir. Belə ki, şanlı qələbəmiz nəticəsində Ağdamın 902.7 kv.km ərazisi erməni işğalından azad edilib. Bununla da keçmiş təmas xəttinə yaxın ərazilərdə yaşayan və təhlükəsizlik baxımından öz evlərini tərk etməyə məcbur olmuş ağdamlılar artıq doğma yurdlarına qayıdıb, yenidən əkin-biçinlə, təsərrüfat işləri məşğul olurlar. Sevindiricidir ki, bu gün Ağdamın keçmiş təmas xəttinə yaxın ərazilərdəki əkinə yararlı torpaqlarında demək olar, bir qarış da istifadəsiz yer yoxdur. Geri dönmüş sakinlər 30 ildən artıq heç bir tikinti aparılmayan kəndlərdə evlər tikir, təmir-quruculuq işləri aparırlar. Həmin ərazilərdə erməni vandallığının qurbanına çevrilmiş qəbiristanlıqlarımız da bərpa edilir, əhali öz yaxınlarının qəbirlərini mütəmadi olaraq ziyarət edə bilirlər.
V.Həsənov, həmçinin, Ağdam şəhərindən və vaxtilə işğal edilmiş kəndlərdən olan ağdamlıların böyük ruh yüksəkliyi ilə Böyük Qayıdışa hazırlaşdıqlarını da bildirdi: “Rayon əhalisi işğaldan azad olunan torpaqlarımızda, o cümlədən Ağdamda aparılan tikinti-quruculuq və bərpa işlərini yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2022-ci il fevralın 13-də Ağdam rayonuna səfər zamanı “Ağdam-1”, “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında, 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmələri, bununla yanaşı, dövlət başçısı tərəfindən 2 may 2023-cü ildə 2 və 3-cü, 24 dekabr 2023-cü ildə isə 4-cü və 5-ci yaşayış məhəllələrinin, Ağdam şəhər Mərkəzi Parkının, Qiyaslı, Salahlı, Kəngərli və Baş Qərvənd kəndlərinin, həmçinin 28 may 2024-cü ildə Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməlinin qoyulması rayon əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb, onlarda doğma Ağdama qayıtmağa daha böyük inam yaradıb”.
Qeyd edək ki, rayonun 212 minə yaxın əhalisindən 162 min 397 nəfəri məcburi köçkün kimi respublikamızın 62 şəhər və rayonunda məskunlaşıb. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq hazırda Ağdam şəhərində və rayonun bir sıra kəndlərində bərpa-quruculuq işləri aparılır və bu ilin sonunadək həmin ərazilərin bir hissəsinə əhalinin köçürülməsi nəzərdə tutulub. RİH başçısının sözlərinə görə, ağdamlılar da həmin tikinti işlərində, necə deyərlər, öz evlərinin tikintisində sevinc və qürur hissi ilə iştirak edirlər.
Rəqəmlər nə deyir?
Hələ keçmiş İttifaq dövründə hər zaman öz inkişaf tempi ilə respublikamızın əksər rayonlarını geridə qoyan, istər kənd təsərrüfatı, istərsə də yüngül sənaye sahəsində ciddi uğurları ilə seçilən Ağdam Azərbaycanın ən varlı rayonlarından biri kimi tanınırdı. Şəhərin və ərazisinin çox hissəsinin uzun illər işğal altında qalması əksər yüngül sənaye müəssisələrinin erməni vəhşiliyinin qurbanına çevrilməsi ilə nəticələnsə də kənd təsərrüfatının inkişafı Ağdamda hər zaman diqqətdə saxlanılıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə bu sahədə ciddi irəliləyişə nail olunub. Rayon Statistika İdarəsinin 2024-cü ilin ilk yarımilinin yekunlarına dair iqtisadi göstəriciləri də bunu təsdiqləyir. Öyrəndik ki, bu il rayonda 38218,7 hektar ərazidə əkin işləri aparılıb ki, bu da ötən ildəkindən 42,4 faiz artıqdır. Ümumi əkin dövriyyəsinin artmasına səbəb işğaldan azad olunmuş 10250,5 hektar ərazidə dənli bitkilərin əkilməsidir. Bu fakt növbəti illərdə təkcə Ağdamda deyil, işğaldan azad edilmiş digər ərazilərdə də əkinə yararlı torpaqların ölkəmizin ümumi iqtisadiyyatına inteqrasiyasının daha sürətlə aparılacağından, kənd təsərrüfatının inkişafına töhfə verəcəyindən xəbər verir.
2024-cü ilin birinci yarımilində Ağdam rayonu üzrə ötən ildəkindən 74,5 faiz çox, yəni 18062,7 hektar ərazidə buğda əkilib. Bu vaxta qədər 6285 hektar sahə biçilib, biçin hazırda davam etdirilir. Məhsuldarlıq da ürəkaçandır. Belə ki, indiyə kimi 27972 ton, yəni hər hektar üçün 44,5 sentner taxıl əldə edilib. Hesabat dövründə 4543 hektar sahədə, 2023-cü illə müqayisədə 2,2 dəfə artıq ərazidə arpa əkini həyata keçirilib. Pambıq və şəkər çuğunduru əkinində də ciddi artım mövcuddur. Belə ki, 2024-cü ildə 2596,2 hektar ərazidə pambıq, 53,9 hektar ərazidə isə şəkər çuğunduru əkilib ki, bu da müvafiq olaraq 58,5 faiz və 2,5 dəfə artım deməkdir.
Statistik göstəricilər digər bitki növlərinin əkini, o cümlədən heyvandarlıq, ticarət, sənaye və tikinti sahələrində də artımdan xəbər verir. Bir sözlə, ərazisi tam şəkildə azadlığına qovuşduqdan sonra Ağdam rayonu üçün yeni inkişaf mərhələsi başlayıb.
Geri dönərkən...
Quzanlıdan xoş təəssüratlara dönürəm. Vətənimizin hər qarışı kimi əziz olan Ağdamın azad, firavan günlərinin başlamasına şahidlik etmək qalib ölkənin vətəndaşı, jurnalisti kimi məni qürurlandır. Sevinirəm ki, daha müqəddəs torpaqlarımızın bağrını yaran düşmən mərmiləri deyil, traktorların, kənd təsərrüfatı texnikalarının kotanları, malaları, biçin alətləridir. Çünki topraq, Dədəmiz Qorqud dediyi kimi, həm də əkib-becərdikcə Vətən olur! Biz indi bütün dünyaya göstəririk ki, öz yurdumuzu düşməndən geri almağı bacardığımız kimi, ona sahib çıxmağı da bacarırıq.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri,
Ağdam, Quzanlı