Azərbaycan mediasının məlumat bazası yaradılır

post-img

Azərbaycan Mətbuat Şurası “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” təşəbbüsünü uğurla gerçəkləşdirir. Dünən şurada layihə ilə bağlı keçirilən ilk təqdimatda görülmüş işlər geniş müzakirə edildi, rəy və təkliflər dinlənildi.

AMŞ sədri Rəşad Məcid layihə barə­də ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan media məkanı barədə aydın təsəvvür formalaşdıran məlumat bazası yaratmaq ideyası şuranın 2022-ci ildən nəzərdə tutduğu iş planının mühüm tər­kib hissəsidir. O, belə bir bazanın vacibli­yinə duyulan ehtiyacı vurğulayaraq qeyd etdi ki, bu istiqamətdə fəaliyyət mərhələli və davamlıdır. Çünki ölkəmizin media mühiti daim inkişafda, yeni seqmentlər qazanmaqdadır. 

Müzakirə edilən layihənin uğurlu və faydalı olacağına əminliyini söyləyən şura sədri dedi: “Mediamızdakı dinami­ka istər-istəməz palitra zənginliyi yaradır. Bu zənginlik isə ortaya institusional baxış qoyulmasını ehtiyaca çevirir. Elə bir baxış ki, ona yalnız Azərbaycanda deyil, dün­yada da müraciət edilsin. Bu, informasiya cəbhəsində mübarizəmiz baxımından da önəmlidir”. 

Rəşad Məcid belə bir önəmli layihənin gerçəkləşdirilməsinə göstərdiyi maliyyə köməyinə görə Azərbaycan Respublika­sının Qeyri-Hökumət Təşkilatlarına Döv­lət Dəstəyi Agentliyinə, təşkilati dəstəyə görə isə Medianın İnkişafı Agentliyinə və Jurnalistlərin Həmkarlar İttifaqına təşək­kürünü bildirdi.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli layihənin əhəmiyyətini vurğulayaraq bu fəaliyyətin KİV məkanındakı pərakəndə­liyin aradan qalxmasına töhfə verəcəyini, beynəlxalq miqyasda Azərbaycan jurna­listikası ilə bağlı üstün təəssürat forma­laşdıracağını ifadə etdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə olunması üzrə meneceri Natiq Lahıcov isə təmsil etdiyi qurumun Mətbuat Şurasının bu faydalı təşəbbüsü ilə bağlı müvafiq dəyərləndirilmələr apar­dığını və layihənin icrası üçün vəsait ayır­dığını diqqətə çatdırdı. 

Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov toplantı iştirakçılarını qurumun “presscouncil.az” saytında yaradılmış “Azərbaycanın media landşaftı” barədə məlumatlandırdı. O, həmin kateqoriyada “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qa­rabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımbölmələrinin yer aldığını söylədi.

AMŞ İdarə Heyətinin üzvü, “Azərbay­can media landşaftı üzrə məlumat ba­zasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli qeyd etdi ki, ölkəmizin media məkanı barədə bütün informasi­yaların vahid mənbədə toplanılması bu sahə barədə detallı və obyektiv bilgi əldə etmək imkanını hədəf alıb. Bu məqsədlə də “Presscouncil.az” internet səhifəsində yaradılmış “Azərbaycanın media land­şaftı” kateqoriyasında ölkəmizdə infor­masiya dövriyyəsini tənzimləyən bütün qanunla, etik standartları müəyyən edən milli və beynəlxalq sənədlər, fəaliyyətdə olan media subyektlərinin adları və keçid linkləri yerləşdirilib.

Layihə çərçivəsində görüləcək işlər məlumat bazasını daha da zənginləş­dirəcək. Məlumat bazasının Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyəti təmin ediləcək. 

AMŞ İdarə Heyətinin üzvü, BDU jur­nalistika fakültəsinin kafedra müdiri, pro­fessor Qulu Məhərrəmli layihənin KİV məkanımızın məlumat bazasını zəngin­ləşdirəcəyinə və ondan istifadəni asan­laşdıracağına xidmət etdiyini vurğuladı, media ictimaiyyəti adından bu ideyanı dəstəkləyənlərə minnətdarlığını bildirdi və icraçılara uğur arzuladı. 

Toplantıda iştirakçıların sualları ca­vablandırıldı, təklifləri qeydə alındı.

Tahir AYDINOĞLU
XQ



Sosial həyat