Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramının gənclərin maarifləndirilməsi və inkişafı istiqaməti üzrə “Ceyranları qoruyaq!” adlı növbəti ekoloji yay düşərgəsi iyulun 10–12-də Göygöl rayonunda keçirilib. IDEA İctimai Birliyi, Gənclər Fondu, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən düşərgəyə Göygöl, Gəncə və Samux rayonlarından ümumilikdə 30 məktəbli qoşulub.
Yay düşərgəsinin keçirilməsində əsas məqsəd ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəslin maarifləndirilməsidir.
Düşərgə zamanı məktəblilər ceyranların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, nadir canlı növünün populyasiyasının bərpası üzrə görülən işlər və uğurlar haqda təqdimat, təlim və ekskursiyalarda iştirak edib, o cümlədən müxtəlif ekoloji müsabiqələrə və ətraf mühitlə bağlı əyləncəli bilik yarışlarına qoşulublar. Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başladılıb və hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır. Bu illər ərzində 370 baş ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya edilib, onların daimi monitorinqi və mühafizə işləri həyata keçirilməkdədir.
XQ