Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans keçirilib.
Komitə sədri Bahar Muradova qeyd edib ki, ökəmizdə uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Erkən uşaqlıq dövrünün yeni nəslin inkişafının vacib komponenti olduğunu vurğulayan komitə sədri əlavə edib ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və ondan irəli gələn 2020–2025-ci illər üçün Fəaliyyət Planında da bu məsələ ilə bağlı önəmli hədəflər müəyyən edilib.
“Lazımi bütün bacarıqlara erkən yaşlarından ailəsində yiyələnmiş uşaq ölkəsinin də inkişafında bir vətəndaş olaraq vacib rol oynaya bilər” – deyən Bahar Muradova bildirib ki, erkən uşaqlıq dövründə inkişaf dayanıqlı inkişaf üzrə qlobal 2030-cu il gündəliyinə daxil olmaqla, XXI əsrin beynəlxalq prioritetlərindən biri kimi müəyyən edilib.
Komitə sədri uşaqların tərbiyəsi istiqamətində keyfiyyətli tibb xidməti, inklüziv təhsilin imkanlarından da danışıb. O, Azərbaycanla Türkiyə arasında erkən uşaqlıq dövrünün inkişafı istiqamətində birgə əməkdaşlıq barədə fikirlərini bildirib: “Bu baxımdan komitə ilə Türkiyənin müvafiq qurumu arasında imzalanmış memorandum çərçivəsində sağlam ailə mühitinin və ailə institutunun gücləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində birgə çoxsaylı tədbirlər həyata keçirilir”.
B. Muradova sonda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün dünya uşaqlarını təbrik edib, onlara xoşbəxtlik, sağlam və təhlükəsiz həyat, rifah və səadət arzulayıb.
Səhiyyə nazirinin müavini İlqar Qasımov Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğının artırılması məqsədilə 2009-cu ilin “Uşaq İli” elan edilməsinə diqqət çəkib. İ.Qasımov vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir.
Erkən uşaqlıq dövrünün insanın sonrakı yaş mərhələlərində qazandığı uğurun təməlində dayandığını vurğulayan Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, eyni zamanda, bu dövrün uşaqların sosial-emosional və idraki sağlamlığı üçün də vacib olduğunu diqqətə çatdırıb.
Erkən uşaqlıq dövründə inkişafla bağlı təlim çərçivəsində Türkiyədən dəvət edilən nümayəndə heyətinin rəhbəri Metin Sabancı Xüsusi Təhsil və Reabilitasiya Mərkəzinin müdiri, fizioterapevt Turqay Arık çıxışlarında qardaş ölkədə olmaqdan məmnunluqlarını ifadə edib, həmçinin ölkəmizdə fəaliyyət göstərən bir qrup uşaq mütəxəssisləri üçün keçirilən 3 günlük təlimin maraqlı və yaddaqalan olduğunu bildiriblər.
Təhsil və Reabilitasiya Mərkəzinin fəaliyyəti barədə qısa təqdimat nümayiş etdirildikdən sonra UNICEF-in Azərbaycan Nümayəndəsinin müavini səlahiyyətlərini icra edən Leyla Həsənova erkən yaş dövründə əldə edilmiş bacarıqların uşaqların gələcək təhsili və uğurlu fəaliyyəti üçün təməl yaratdığını vurğulayıb.
Komitənin ailə məsələləri şöbəsinin əməkdaşı Səmra Əliyeva Erkən Uşaqlıq Dövrünün İnkişafı – EUDİ.az portalının 11 aylıq fəaliyyətini əks etdirən qısa icmalla çıxış edib.
Məclis “Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafı” mövzularında panel müzakirələrlə davam edib.
Zərifə BƏŞİRQIZI
XQ