Regional təhlükəsizlik Azərbaycan multilateralizmi kontekstində

post-img

II MƏQALƏ

Multilaterallığın Heydər Əliyev mərhələsi

Asiya–Sakit okean regionunda multi­laterallığın gözlənilən effekti veməməsinin regiondaxili və xarici səbəblərinin izahı mul­tilaterallağın Azərbaycan təcrübəsinin əsas üstünlüklərini anlamağa əlavə imkan yaradır. Yelena Koldunova “RSMD” (Beynəlxalq İş­lər üzrə Rusiya Şurası) üçün yazdığı məqalə­də İndoneziya, Tailand və Kambocanın planlarını sinxron baş verən iki münaqişənin pozduğunu xüsusi vurğulayır. Həmin mü­naqişələri hər üç dövlət Cənubi-Şərqi Asiya üçün daha çox birbaşa təsir edən və regiona konkret aidiyyəti olan proses olaraq deyil, “fon hadisə” kimi qiymətləndirirdilər. Təc­rübə göstərdi ki, bu, strateji səhvdir. Əgər həmin dövrdə regional təşkilatlara rəhbərlik edən bu 3 dövlət (İndoneziya, Tailand və Kamboca) coğrafi olaraq uzaqda olan mü­naqişə proseslərini düzgün qiymətləndirsəy­dilər, indiki durum yaranmazdı. Bu, nəzəri qənaət, eyni zamanda, praktiki faktlar əsasın­da çıxarılan nəticədir.

Heydər Əliyev isə qanlı-qadalı XX əs­rin 90-cı illərində tamamilə fərqli proqnoz­lar əsasında fəaliyyət göstərdi. O, Cənubi Qafqazın geosiyasətinə regional və qlobal miqyaslardakı proseslərin qarşılıqlı əlaqə­sində yanaşdı. Buna görə idi ki, Ulu öndər BMT-nin tribunasından 1994–1995-ci illərdə etdiyi çıxışlarda yalnız Cənubi Qafqazdakı münaqişədən deyil, ümumiyyətlə, dünyadakı münaqişələrdən bəhs edirdi. Onları Ermənis­tanın Azərbaycana təcavüzü ilə əlaqəli şə­kildə izah edirdi. BMT-nin 50 illik yubileyi münasibəti ilə təşkil edilmiş xüsusi sessiyada Heydər Əliyev Azərbaycan multilaterallığı­nın geosiyasi və siyasi aspektlərini konkret tezislərlə aydın ifadə etmişdir.

Onların məzmunu belədir: hər hansı re­gionda münaqişənin həllinə müasir dünyanın maraqları çərçivəsində ədalət və hüquq əsa­sında yanaşmaq lazımdır. Bu prosesdə dün­yanın böyük dövlətləri hər hansı tərəfi deyil, reallığı, tarixi, ədaləti və hüququ tutmalıdır. Buna görə də həm BMT TŞ mövqeyini də­yişməlidir, həm də böyük dövlətlər, ümumiy­yətlə, münaqişəli vəziyyətlərin ədalətli həl­linə çalışmalıdırlar. Ona nail olmaq üçün isə BMT TŞ-də islahatlar aparılmalıdır. Bunların fonunda Azərbaycan hüquqi və demokratik dövlət qurmaqda davam edəcək.

Bu ümumi prinsiplər həmin mərhələ üçün möhtəşəm perspektivli və ədalətli idilər. Faktiki olaraq ilk dəfə çoxtərəfli beynəlxalq münasibətlərin qurulmasına (multilaterallı­ğa) Azərbaycanın hansı məzmun verməsinin dünya miqyasında ilk təqdimatı idi. Maraqlı­sı və əhəmiyyətlisi ondan ibarətdir ki, Hey­dər Əliyev bunu yalnız ideya kimi demirdi. O, “Əsrin müqaviləsi” kimi möhtəşəm bir layihəni imzalamış və Ermənistanın təcavü­zünü dayandıraraq atəşkəsə nail omuş lider kimi ifadə edirdi. Yəni Heydər Əliyev konkret arqumentlərlə Azərbaycanın mövqeyini dünyaya bəyan edirdi.

Deməli, Heydər Əliyev nəinki dünya­nın istənilən regionunda münaqişəni nəzərə almışdır, hətta, elə bir mövqe ortaya qoy­muşdur ki, bütün münaqişələri həll etməyin ədalətli və hüquqi yolunu göstərmişdir. Məhz bu reallıq prizmasından baxanda İndoneziya, Tailand və Kambocanın coğrafi olaraq uzaq olan münaqişələri nəzərə almamaları həlle­dici strateji səhv idi. Konkret olaraq, Asiya multilateralizminin reallaşmasına ciddi mən­fi təsir edən münaqişələr – Rusiya–Ukrayna və ABŞ–Çin ixtilaflarının kəskinləşməsi idi. Bunların fonunda Rusiya, ABŞ, Aİ, Cənubi Koreya və Sinqapurun daxil olduğu müxtəlif münaqişəli vəziyyətləri də nəzərə almaq la­zımdır. O cümlədən, Nensi Pelosinin 2022-ci ildə ABŞ–Çin münasibətlərini kəskinləşdirən Tayvan səfərini vurğulmaq gərəkdir.

Nəhayət, Asiya multilateralizminin uğur­suzluğunu regiondaxili ziddiyyətlə izah edir­lər. Konkret olaraq, 2021-ci ildə Myanmada hakimiyyətin hərbçilərin əlinə keçməsini fakt kimi göstərirlər. Bu proses regionda an­ti-müsəlman dalğaların yaranması ilə müşa­yiət olundu. Müsəlmanlara qarşı Myanmada böyük haqsızlıq edildi, onlar faktiki olaraq soyqırımına uğradılar. Bu da bütün regiona təsir etdi. Həmin prosesin qarşısını regionun böyük dövlətləri ala bilmədilər.

Bununla aydın olur ki, xarici siyasətdə real multilaterallığa (yəni hər kəsin qazana bildiyi bərabərhüquqlu çoxtərəfli əməkdaşlı­ğa) nail olmağın mühüm şərtləri sırasında bi­zim “daxili multilaterallıq” adlandırdığımız faktor və region dövlətlərindən hansınınsa təşəbbüsü ələ alması ciddi rol oynayır.

Bunun nümunəsini məhz Heydər Əliyev göstərdi. “Əsrin müqaviləsi”, milli ideya və multikulturalizm fonunda Ulu öndər fəal şəkildə regional siyasət yeritdi. Bütün ma­neələrə baxmayaraq Gürcüstanı enerji strate­giyasının mühüm üzvlərindən birinə çevirdi. Rusiya ilə gərgin diplomatik mübarizədə əməkdaşlığa nail oldu. Təkcə ATƏT-in İstan­bul Sammiti (1999-cu il) və ondan sonrakı dövrdə Rusiya rəhbərliyi ilə fəal diplomatik əlaqələri xatırlamaq kifayətdir. Məhz Hey­dər Əliyev Rusiyanın o dövrdəki rəhbərliyini israrla Azərbaycana dəvət edərək möhtəşəm “U dönüşü” etdi – münasibətləri dərin neqa­tivdən pozitivə keçirdi.

Türkiyə ilə “Bir millət, iki dövlət” kəla­mının ədalət, beynəlxalq hüquq və müstəqil­liyin təmini kontekstində münasibətlərin inkişaf etməsi üçün çox vacib addımlar atdı. İranla münasibətləri uzun sürən inersiyadan çıxardı. Avropa və ABŞ ilə münasibətləri müsbət bir məcraya yönəltdi və onu konkret layihələrlə möhkəmlətdi. Uzaq Çinlə qar­şılıqlı faydalı əməkdaşlığın əsasını qoydu. Yaponiya və Cənubi Koreya istiqamətində mühüm əməkdaşlıq addımları atdı.

Mərkəzi Asiya, Ukrayna, Belarus və Moldova ilə perspektivi olan münasibətlər qurdu. İslam ölkələri ilə əlaqələri faydalı is­tiqamətə yönəltdi. Paralel olaraq, Azərbayca­nın beynəlxalq təşkilatlarda fəaliyyətini ge­nişləndirdi və daha aktiv etdi. Bütün bunlar iki dəyişikliyə səbəb oldu.

Birincisi, müstəqil dövlət kimi Azərbay­cana münasibət yeniləşdi. İkincisi, Cənubi Qafqaza region kimi fərqli yanaşmaların zəruriliyini ortaya qoydu. Əlbəttə, ilk mər­hələdə hər iki istiqamət üzrə alınan nəticələr tədricən təsirini göstərməli idi. Lakin artıq 2000-ci ilə Azərbaycan müstəqil dövlət ola­raq sözünü deyən və regional sabitliyi təmin edən başlıca güc kimi qəbul olunmağa baş­lamışdı.

Şübhə yoxdur ki, belə bir dönüşün ya­ranması əsasında Azərbaycanın çoxtərəfli beynəlxalq münasibətlərə düzgün taktiki və strateji proqramlarla yanaşması dayanır. Burada üzvi surətdə regional əməkdaşlıq və təhlükəsizlik sintez olunmuşdur. Bunların sayəsində Azərbaycan sülhə də nail olmağı planlamışdı.

Digər tərəfdən, faktların yuxarıdakı təhli­li də göstərir ki, Azərbaycan rəhbərliyi milli, regional və qlobal miqyasları bir-biri ilə uy­ğunlaşdırmağı konkret layihələr bazasında bacarmışdır. Deməli, buradan Azərbaycan multilateralizminin çox vacib bir özəlliyini aydınlaşdırmaq olar. Həmin özəllik Azər­baycanın potensialında olan iqtisadi, ener­getik və sosial imkanları dövrün tələblərinə uyğun aktuallaşdırmaqla siyasi-diplomatik və geosiyasi aspektlərdə konkret nəticələrə nail olmaqla əlaqəlidir. Azərbaycan rəhbərli­yi çox geniş kontekstdə real sosial, iqtisadi və energetik faktorları çoxtərəfli beynəlxalq münasibətlərdə hər kəsə fayda verə biləcək bir istiqamətə yönəltməyi yüksək səviyyədə bacarmışdır. Bu da Azərbaycan rəhbərliyinin həm sözünə əməl edən, həm də hər kəs üçün faydalı olan əməkdaşlıq platformalarının təşəbbüskarı olan liderliyə malik olmasının nümayişidir. Düşünürük ki, müasir dövrdə real multilaterallığın ana xəttini məhz bu məqam təşkil edir.

Yeni mərhələyə transformasiya

Araşdırmalarda multilaterallığın dina­mizminə, yəni dəyişən situasiyada onun da məzmununda yeniliklərin olmasına az diqqət yetirilir. Əslində, uğurlu siyasətdə bu məqam əhəmiyyət daşıyır. Hər kəs etiraf edir ki, müa­sir mərhələdə geosiyasi dinamika yüksəkdir və gözlənilməz hadisələr çox baş verir. Belə bir şəraitdə, təbii ki, çoxtərəfli beynəlxalq əlaqələrin məzmunu statik (yəni dəyişməz, bütün mərhələlər üçün eyni məzmunda) ola bilməz. Çevik bir mexanizmlə multilaterallıq da yeniləşməli və bu zaman daim müstəqil dövlətin strateji hədəfinə uyğun məzmun ça­larları ilə zənginləşməlidir.

Azərbaycan XXI əsrə multilaterallığı yaradıcı yeniləşdirmə potensialı ilə qədəm qoydu. Onun təməlində Ulu öndərin müəy­yən etdiyi və yuxarıda vurğuladığımız üç baza prinsip mövcudluğunu saxlamaqla yeni çalarlar müəyyən edildi. Multilaterallıq kon­tekstində onlar hansılar idi?

Multilaterallığın “Əsrin müqaviləsi” ilə bağlı aspektinin təkamülünü Prezident İlham Əliyev 2022-ci il sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində keçirilən 48-ci Bey­nəlxalq Çernobbio Forumunda “Enerji təh­lükəsizliyinin təmin olunmasında Azərbay­canın rolu” mövzusunda çıxışı zamanı dəqiq ifadə etmişdir. İlham Əliyev demişdi: “Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər də­nizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtali­yaya neft ixrac edən ölkəyə çevrildik”.

Bu mərhələ bütövlükdə Heydər Əliyevin rəhbərlik etdiyi dövrə düşür. Multilaterallıq bu kontekstdə iki mühüm faktora əsaslanırdı.

Birincisi, dünyanın aparıcı enerji şirkətlə­ri Xəzər dənizində çalışmağa dəvət edilmişdi (13 böyük şirkət müqaviləni imzalamışdır).

İkincisi, onların fəaliyyətinə güclü tə­minat verildi və həmin əsasda neftin ixracı məsələsi qətiləşdi.

Bütün bunların nəticəsində Çıraq yata­ğında neft hasilatına 1997-ci ildə başlanıldı. 1999-cu ilin dekabrında isə neftlə doldurul­muş ilk tanker dünya bazarlarına çıxarıldı. İlk gəlir Ulu öndər tərəfindən yaradılmış Azər­baycan Respublikası Dövlət Neft Fonduna daxil edildi. Onu deyək ki, neft ixracı yalnız Qərb istiqamətində həyata keçirilmirdi. Hələ 1997-ci ildə Bakı–Novorossiysk neft kəmə­ri vasitəsilə ixraca başlanmışdı. 2007-ci ilin sonunadək bu marşrutla milyon tonlarla neft ixrac olundu. Eyni zamanda, 1999-cu ildə Bakı–Supsa neft boru kəməri işə salındı. Hə­min istiqamətdə də 2007-ci ilə kimi milyon tonlarla neft ixrac olundu.

1999-cu ilin noyabrında başqa bir tarixi hadisə baş vermişdir. İstanbulda ATƏT-in Sammiti keçirilmişdir. Orada ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türk­mənistan prezidentləri Bakı–Tbilisi–Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalamış­lar. Nəhayət, 2002-ci ildə Ulu öndərin də iş­tirakı ilə bu marşrutun təməl daşı qoyulmuş­dur.

Bunlar 1994-cü ildə imzalanan “əsrin müqaviləsi”nin “yol xəritəsinin” bir qismidir. Və həmin qismdə multilaterallıq kontekstin­də enerji strategiyasının ilk mərhələsi real­laşmışdır. 1997-ci ildən başlayaraq 1999-cu ilə qədər epoxal əhəmiyyətə malik işlər gö­rülmüşdür. Həmin işlər birbaşa Azərbaycanın eneji resurslarının etibarlı şəkildə müxtəlif istiqamətlərdə dünyaya çıxarılmasına aid idi. Eyni zamanda, prosesin gedişi göstərir ki, faktiki olaraq enerji strategiyasının ilkin mərhələsi həm də multilaterallığın birinci mərhələsinə uyğun gəlir. Yəni çox qısa müd­dətdə Şimal və Qərb istiqamətində bir neçə xətt üzrə enerji ixracına Azərbaycan rəh­bərliyi dəqiq həyata keçirilən özünəməxsus çoxtərəfli beynəlxalq əlaqələri həyata keçir­məklə nail olmuşdur. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət