ABŞ-dən “kömək istəyənlər” hansı ölkələrdir?
Məşhur “Intelligence Online” saytı ABŞ-nin bir sıra ölkələrin müdafiə nazirliklərinin istəyi ilə həmin ölkələrə hərbi məsləhətçilər göndərməsi barədə məlumat yayıb. Görəsən, söhbət hansı ölkələrdən gedir? Oxucuları çox da intizarda saxlamayaraq, onların adlarını çəkək: Ukrayna, Moldova, konkretliyi müəyyənləşməmiş Balkan yarımadası ölkələri və nəhayət, Ermənistan.
Əslində, Ermənistanın adını siyahıda görmək bir o qədər təəccüblü deyil. Birləşmiş Ştatlar Administrasiyasının rəsmi İrəvanla hərbi sahədə əməkdaşlıq etdiyi aydındır. Hələ ötən il məlumat yayılmışdı ki, Ermənistan ordusunda ABŞ-nin hərbi təlimatçıları fəaliyyət göstərirlər. Bunun Rusiya tərəfindən qıcıqla qarşılandığını da gördük.
Ümumən, kollektiv Qərbin erməni ordusunun modernləşməsində maraqlı olduğunu söyləyə bilərik. Ən maraqlı tərəf isə Fransadır. Hərçənd, Fransanın Ermənistandakı hərbi mövcudluq parametrinin ABŞ kimi olmadığını da bilirik. Yəni, Paris İrəvanı silah-sursatla təmin edir. Bu, öz yerində, amma hərbi məsləhətçilərlə təmsilçilik baxımından Birləşmiş Ştatların adı daha çox çəkilir. Ötən il və bu ilin əvvəlindəki mənzərə bunu deməyə əsas verir.
O da məlumdur ki, kollektiv Qərb Cənubi Qafqaz ölkələri arasında balans yaratmağa çalışır. Daha dəqiq desək, mövcud istiqamətdəki siyasətə balansyaratma siyasəti deyilir. Əslində, bunu gizlətmirlər də. Hesab edilir ki, əgər balans yaransa, regionda təhlükəsizlik formalaşacaq. Yeri gəlmişkən, bu ifadə erməni və fransız rəsmilərinin dilindən də dəfələrlə səsləndirilib ki, yanaşmanın yolverilməzliyi şübhəsizdir, çünki daha çox instinktiv xarakter daşıyır. Təxminən belə: ölkələr bir-birindən qorxsunlar və hücum etmək barədə düşünməsinlər. Niyə hücum etməlidirlər? Sual açıq qalır. Əslində, Qərbin məkri də bu sualın açıq qalmasındadır.
Məsələ ondadır ki, hücum və ya eskalasiya mühiti problemlərin mövcudluğu təqdirində yaranır. Deməli, Qərbin yanaşması problemlərin həlli yox, gərginliyin saxlanılması motivinə söykənir. Klassik deyimdəki kimi, “Parçala – hökm sür!”. Yəqin, imperializmin başlıca xüsusiyyəti barədə söz açdığımızın fərqinə vardınız. Elə isə bir qədər konkretləşdirək.
Bəli, otuz ildən artıq müddətdə Qarabağ münaqişəsi davam etdi. Yəni, necə var elə də saxlanıldı. Həllinə çalışılmadı. Nəticə etibarilə nə hərb, nə də sülh şəraiti hökm sürdü. Axırda nə oldu? 44 günlük müharibə. Müharibə həm də ona görə baş verdi ki, işğalçı Ermənistan həmin balanslaşdırma siyasətinə güvəndi. Ümumən, ölkə Qərbə inandı. İnandı ki, beynəlxalq aləm onun Qarabağı itirməsinə imkan verməyəcək. İnandı ki, Azərbaycana təzyiq göstəriləcək və ölkəmizin haqq yolunda irəliləməsinin qarşısı alınacaq. Amma tam əksi yaşandı.
Əlqərəz, bu gün də Qərb Cənubi Qafqazda balanslaşdırma siyasəti yürütmək niyyətindədir. Ona görə də ABŞ-nin Ermənistan ordusuna təlimatçılar göndərdiyinə dair məlumatlar dolaşmaqdadır. Hər halda, necə deyərlər, od olmasa, tüstü çıxmaz. Əlbəttə, ilk baxışdan, düşünülə bilər ki, hərbi əməkdaşlıq qurmaq rəsmi İrəvanın suveren hüququdur. Ancaq burada regionun həssaslıq amili nəzərə alınmalıdır. O cümlədən, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın mövqeyi. İndiki durumda Birləşmiş Ştatların, yaxud digər Qərb ölkəsinin Ermənistanla münasibətlər sistemində Bakının maraq və mənafelərinə zidd nələrinsə həyata keçirməməyə diqqət yetirməsi vacibdir.
İkincisi, nəzərə alınmalıdır ki, Cənubi Qafqaz həssas nöqtədir. Burada etibarlı sülh mühiti formalaşmayınca, regionda hansısa hərbi üstünlük qazandıran addımlardan çəkinilməlidir. Prinsipial baxış bu olmalıdır. Eyni zamanda, otuz illik işğal amili nəzərə alınmalıdır. Düşünülməlidir ki, işğalı doğuran həmin o balans siyasəti idi. Üstəlik, bilavasitə erməni faktorunun üzərində dayanmaq labüddür. Daha doğrusu, bu faktorun dağıdıcılığı, anti-sülh və sabitliyə zidd təbiəti.
Ermənistan mənəvi baxımdan reabilitasiya olunmalıdır. Ona inam və etimad yaranmalıdır. Qərb onu da nəzərə almalıdır ki, məhz Ermənistan otuz ilə yaxın müddətdə dünyanın maraqlı olduğu Cənubi Qafqaz bölgəsində inkişafı əngəlləyən amil kimi çıxış edib. Məsələyə belə yanaşma yoxdursa, deməli, sülh və əminamanlıq mühiti ilə bağlı deyilən fikirlər ucuz populizmdən, gözdən pərdə asmaqdan və sabun köpüyündən başqa bir şey deyil. Axı sülh mühitinə, əmin-amanlıq şəraitinə konseptual yanaşma şərtdir.
Digər tərəfdən, “Intelligence Online” saytının məlumatında iki başlıca məqam var. Bunlardan birincisi, hərbi təlimatçılar göndərmək istəyinin ölkələrin özlərindən qaynaqlandığının vurğulanmasıdır. Yəni, guya, ABŞ deyil, Ukrayna, Balkan ölkələri, Moldova və Ermənistan maraqlıdır ki, Birləşmiş Ştatların hərbi təlimatçı və məsləhətçiləri onların ordularını modernləşdirsinlər. Aydındır ki, bu, tam cəfəng məntiqdir və təşəbbüskar ikincilər deyil, məhz Vaşinqtondur.
ABŞ-nin Ukrayna, Moldova və Ermənistan ordusu üçün hərbi məsləhətçilər göndərməsinin birinci üçün vacibliyini sübuta yetirən başqa məqamlar da var. Məsələn, Ukrayna ilə bağlı hər şey aydındır. Ölkə Qərbin Rusiyaya qarşı müharibəsinə cəlb edilən tərəfdir və durumun yaratdığı ziyanı hər cəhətdən üzərində daşıyır. Bilmək olmur ki, Kiyev bunun qarşılığında nə alacaq? Hələlik aldığı dağıdılmış şəhərlər, viran qalmış kəndlərdir. Böyük insan tələfatı isə öz yerində.
Moldovanın da son zamanlar anti-Rusiya ovqatına kökləndiyini vurğulamaq mümkündür. Əlbəttə, Ukraynada olduğu kimi, Moldovada da Rusiyanın dəstəklədiyi separatçı rejimlər var və bu status-kvonun saxlanılması yolverilməzdir. Ancaq separatizmi aradan qaldırmaq üçün vasitə Qərbin oyunlarında iştirak deyil. Əgər, belə bir yol məqbul sayılsa idi, Gürcüstan öz ərazisində Moskvanın tam dəstək verdiyi iki separatçı quruluşun aradan qaldırılmasına girişərdi. Girişmir, ona görə yox ki, gürcü iqtidarı durumu dəyişmək istəmir, o səbəbdən ki, bunun üçün zəruri olan alətlərin çatışmazlığını dərk edir. Özünün düzgün həmlə anını gözləyir və gözləməkdə haqlıdır. Yəni, sözümüz ondadır ki, Qərbin illüziyalarına, yalançı vədlərinə, dəstəklərinə, indiki halda hərbi məsləhətçilərinə aldanmaq lazım deyil. İşə münasibət qıcıq yaratmaq kontekstində yox, fundamental, məqsədə çatmaq naminə olmalıdır.
“Intelligence Online” yazır ki, Ukrayna, Moldova və Ermənistan ordusu üçün hərbi məsləhətçilər göndərməkdə məqsəd adıçəkilən ölkələrin ordularını Amerika silahlı qüvvələri ilə uyğunlaşdırmaq və Rusiya modelindən uzaqlaşmaqdır. Özü də sayt bunu Vaşinqtonun istəyi kimi təqdim edir. Çox güman, təzadı hiss etdiniz. Ölkələrin xahişi hara, ABŞ-nin istəyi hara? Məlumdur ki, söhbət heç də Kiyevin, Kişeneunun və İrəvanın nə istəməsindən getmir. Məsələ, belə demək mümkünsə, onlar üçün yazılmış ssenarinin icrasındadır.
Nəhayət, gələk xoruzun quyruğuna. “Intelligence Online” onu da yazır ki, ABŞ sözügedən dəstəyi ilə Moskvanın orbitini tərk etmək istəyən ölkələrin müdafiə nazirlikləri üçün məsuliyyəti öz üzərinə götürür. Məsuliyyətdən söz düşmüşkən, yenidən Rusiya ilə müharibə fonunda Ukrayna ətrafında baş verən proseslərə diqqət yetirək. Kimsə Kiyevin düşdüyü duruma görə məsuliyyət daşımaq istəyirmi? Qərbdə hansısa qüvvə tam səmimi şəkildə əlini daşın altına qoyubmu və ya qoyurmu? Əlbəttə ki, yox!
Ə.RÜSTƏMOV
XQ