Delimitasiya: yeni dirəklər harada basdırılacaq?

post-img

Erməni mediası prosesin Tovuz və Gədəbəy istiqamətində gedəcəyini iddia edir

Azərbaycanla Ermənistan arasında gedən sülh prosesi çərçivəsində sərhədlərin delimitasiyası və demarkasiyası davam edir. Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması üçün əməli işlər görülür. İki ölkənin XİN başçıları problemləri “tet-a-tet”, masa arxasında həll edərək razılaşmaya gəlirlər. İlk nəticə göz qa­bağındadır. Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi komissiyanın qərarı ilə 1990-cı illərin əvvəllərində işğal olunmuş Qazax rayonunun 4 kəndi Azərbaycana qaytarıldı, iki ölkə sərhədinin bir hissəsinin de­limitasiya və demarkasiyası aparıldı. 

Hazırda iki dövlətin ekspert qrup­larının birgə fəaliyyəti davam edir. İrə­van isteblişmentinin sərhəd xəttinin dəqiqləşdirilməsi işlərinin tezliklə başa çatdırılması üçün siyasi iradə göstərmə­si təqdirəlayiq haldır. 

“Bizə sülhməramlılar lazım deyil, sərhədlərimizi düzəltmək lazımdır”. Er­mənistan parlamentinin sədri Alen Si­monyan sözlərinə onu da əlavə edib ki, sərhədin təhlükəsizliyinin ən təsirli təmi­natı onun legitimliyidir. Erməni spikerin sözlərinə görə, Tavuş–Qazax hissəsində sərhəd dirəklərinin quraşdırılması Ermə­nistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddialarının olmaması deməkdir. 

Məgər Bakının üç ildən bəri İrəvana etdiyi təklifin mahiyyəti bu deyildi? Pa­şinyan iqtidarı ikitərəfli danışıqlarda da bu cür anlayış nümayiş etdirsə, sülh sa­zişinin imzalanması heç də dağlar arxa­sında deyil. 

***

Bəs, sərhədin delimitasiya və de­markasiyasının aparılacağı növbəti əra­zi haradan keçir? İndi qarşılıqlı addım hansı ərazidə atılacaq? Baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qruqoryanın rəhbərlik etdikləri hökumət­lərarası komissiyanın nə vaxt və harada görüşəcəyi barədə hələlik səhih məlu­mat verilməsə də, qarşıdakı danışıqların gündəliyində Azərbaycanın Ermənistan ərazisində anklavları sayılan Qazax rayonunun Yuxarı Əskipara, Sofulu və Bərxudarlı kəndlərinin olduğu şübhəsiz­dir.

Əgər erməni mənbələrindən gələn xəbərlərə inansaq, danışıqların növ­bəti mərhələsində Tovuz–Gədəbəy is­tiqamətində keçən sərhəd xəttinin deli­mitasiyası ilə bağlı qarşılıqlı razılıq əldə oluna bilər. “Hraparak” qəzetinin yazdı­ğına görə, Ermənistanın Azərbaycan­la həmsərhəd Qeqarkunik rayonunun Çəmbərək icmasına daxil olan Vahan kəndinin sakinlərinin diqqətini ətrafdakı dağlıq ərazilərdə tədqiqat aparanlar çə­kib. Qəzetin yazdığına görə, guya, kənd sakinləri iddia edirlər ki, Azərbaycan bu ərazidə Ermənistan ordusunun 12 dö­yüş mövqeyini tələb edir və Bakıya onla­rın “təslim ediləcəyi” vədi verilib.

Yeri gəlmişkən, yada salaq ki, 1990-cı illərin əvvəllərində gedən dö­yüşlərdə erməni qoşunları Gədəbəy və Tovuz rayonları istiqamətində in­zibati sərhədi keçə bilmədi. Hazırda Azərbaycan və Ermənistan ordularının mövqeləri şərti sərhədin Tovuz və Gə­dəbəy istiqamətində yerləşir. Qazax is­tiqamətində sərhədin delimitasiyası ilə bağlı danışıqlar 1975-ci il SSRİ Silahlı Qüvvələri Baş Qərargahının xəritəsi və 1991-ci il Alma-Ata Bəyannaməsin­də öz əksini tapmış prinsiplər əsasın­da aparılıb. Rəsmi İrəvanın qənaətinə görə, sərhədlə bağlı danışıqların sonra­kı mərhələlərində də eyni xəritədən və həmin prinsipdən faydalanmaq barədə ümumi anlayış var. Fəqət, bu məsələdə Bakı son və qəti qərarını hələ verməyib. Yəni, ehtimal edə bilərik ki, indi Tovuz və Gədəbəy istiqamətində delimitasiya ilə bağlı razılaşma üçün zəmin yaranıb.

***

Erməni mətbuatının delimitasiya mövzusunda irəli sürdüyü versiyalardan biri də danışıqların müzakirə predmeti kimi vaxtilə Sovetlərin inzibati sərhədləri daxilində Azərbaycanın Gədəbəy rayo­nu ərazisində yerləşən və anklav sayı­lan Başkənd məsələsi ola bilər. Hətta, bəzi hay ekspertlər tərəflərin anklavların mübadiləsini nəzərdən keçirə biləcəyini istisna etmirlər. 

Xatırladaq ki, Qazax rayonunun 3 kəndi ilə yanaşı, Naxçıvanın Meğri anklavı da hazırda Ermənistanın nəzarə­tindədir. Rəsmi Bakı qalib tərəf kimi kəndlərin qeyd-şərtsiz azad olunmasını tələb edə bilər. Bu variantı da erməni mediası irəli sürür. 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov mövzu ilə bağlı “XQ”-yə açıqlamasında bildirdi ki, sərhədin delimitasiya və demarkasiya prosesinin davam etdirilməsi zamanı Ermənistanın daxilində cərəyan edən hadisələr nəzərə alınır: “Prosesə mane olan qüvvələr üçün geri aldığımız dörd kənd bəhanədir və onlar Tavuş sindro­munu özlərinin siyasi tələbləri üçün bə­hanə seçiblər. Hesab edirəm ki, məhz Ermənistandakı daxili gərginliyə görə hökumətlərarası komissiyanın işində müvəqqəti fasilə yaranıb. Komissiyanın rəsmi razılaşma əsasında təsdiqlədiyi qərarlar dəyişdirilə bilməz. Azərbaycan hakimiyyətinin sərhədlərin delimitasiya­sı ilə bağlı aydın mövqeyi var. Hər hal­da danışıqların növbəti raundunda ko­missiya konkret təklifini verəcək. Yaxud İrəvanla birgə hazırlanmış hansısa plan ortaya qoyulacaq. Şəxsən mənə elə gəlir ki, delimitasiya üçün yeni sərhəd ərazisi təyin olunmazdan əvvəl kommu­nikasiyaların qarşılıqlı surətdə açılması məsələsi gündəliyə salınacaq. Çün­ki, açılacaq quru, dəmir yolu üzərində gömrük və sərhəd postlarının qurulması məsələsi var. İkinci variant isə delimitasi­yanın protokol üzrə davam etdirilməsidir. Çünki, sərhədin bir hissəsi dağlıq, çətin keçilən ərazilərə düşdüyündən prosesi bu ilin payızına qədər yekunlaşdırmaq daha məqsədəuyğundur”.

Hökumətlərarası komissiyanın öz işini şərti sərhədin rahat və problemsiz hissəsində davam etdirəcəyini, orada sərhəd xidmətlərinin yerləşdiriləcəyi­ni mümkün sayan hərbi ekspert digər ərazilərlə bağlı məsələnin sonrakı mər­hələyə qalacağını istisna etmədi. 

***

Ermənistan mediası dörd kənd məsələsinin müzakirəsini hələ də da­vam etdirir. İki gün bundan əvvəl erməni jurnalistlərin bununla bağlı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryana verdikləri sual onu bərk qəzəbləndirib. O, birmənalı şəkildə bildi­rib ki, Çemberek istiqamətində 12 döyüş mövqeyinin Azərbaycana veriləcəyi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: “Sadəcə olaraq, əgər delimitasiya ilə bağlı qarşılıqlı razılıq əldə olunarsa, Er­mənistan ordusu həmin mövqeləri tərk edərək, ərazini sərhədçilərə təhvil ver­məlidir. Eynilə Qazax rayonu istiqamə­tində olduğu kimi”. 

Amma Ermənistanın yazılı və elektron mediası, nədənsə, ordularının iş­ğaldan azad edilmiş Azərbaycan kənd­lərindəki mövqelərini tərk etdiyi barədə danışmağa və yazmağa həvəs göstər­mir. Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi müxbirin bu yöndə sualına da sərt reaksiya verib: “Mənə belə suallar verməyin. Silahlı qüvvələr tutduqları mövqeləri tərk etmirlər. Si­lahlı qüvvələrin mühafizə ərazisi kimi konkret mövqeyi göstərilmir. Çünki ordu bölmə, dairə, baza şəklində təyin edilir. Mövqeyə gəlincə, siz taktiki halqa barə­də soruşursunuz. Ermənistan silahlı qüvvələrinin baş qərargahı strateji prob­lemləri həll edir, strateji halqada isə ordu zonası, briqada, zona, alay, bölüm, rota əsasdır. Biz əvvəlcədən müəyyən edil­miş sektorlardayıq və verilən tapşırıqları yerinə yetirməyə davam edirik”.

Azərbaycana bundan sonra təhvil veriləcək ərazilərlə bağlı jurnalistin su­alını erməni general belə cavablandırıb: “Bizim bütün nöqtələrdə, hər bir əməliy­yat istiqamətində müxtəlif infrastrukturu­muz var. İndi həmin istiqamətdə sərhəd qoşunları üzərlərinə düşən vəzifəni la­yiqincə yerinə yetirirlər. Ordu var və o, heç yerə gedə bilməz. Sərhəd qoşunla­rının xidmət göstərdiyi ərazi də ordunun məsuliyyət sahəsinə daxildir. Biz burada təhlükəsizliyi təmin etməyə hazırıq”.

***

Nəhayət, baş qərargah rəisi birmə­nalı şəkildə bəyan edib ki, Azərbaycana qaytarılan ərazilər Ermənistana aid de­yildi: “Ona görə də sərhədlər delimitasiya və demarkasiya edildikdən sonra həmin ərazilər Ermənistan ordusunun məsuliy­yət zonasına daxil edilə bilməzdi”.

Bəli, Ermənistanın siyasi və hərbi rəhbərliyində reallığı olduğu kimi qəbul edənlərin, sağlam məntiqə söykənən­lərin sırası genişlənməkdədir. Elə baş nazir Nikol Paşinyanın üç gün bundan öncə parlamentdəki çıxışında Bakı ilə sülh müqaviləsinə çox yaxın olduqlarını və onun tezliklə imzalanacağını əmin­liklə deməsi bunun əyani sübutudur. O, Azərbaycanla Ermənistan arasında bü­tün fikir ayrılıqlarının aradan qalxdığını, razılaşmaların, sadəcə, sülh müqavilə­sinə köçürülməsinin qaldığını qeyd edib.

Ermənistan baş naziri noyabrda Ba­kıda keçiriləcək COP29-un sülh müqa­viləsinin imzalanması üçün əla fürsət olması ilə bağlı bəyanatları da şərh et­mişdi: “Ümid edirəm ki, razılıq əldə olu­nacaq. Daha dəqiq desək, bu razılaşma 2022-ci il oktyabrın 6-da Praqada, son­ra Soçidə, Brüsseldə əldə edilib. Əsas prinsiplər razılaşdırılıb, onların sülh müqaviləsinin mətnində təkrarlanması qalır. Hesab edirəm ki, bizim bu işi tez bir zamanda başa çatdırmaq imkanımız var”.

Bəli, Bakı İrəvan üçün bütün imkan­ları yaradıb. O da buna adekvat olaraq qonşularla sülhə gəlməyin zamanının yetişdiyini anlamalıdır. 

İmran BƏDİRXANLI
XQ



Siyasət