Zatulinin “kilsə fantaziyası”

post-img

Rusiyanın “baş ermənipərəsti” yenə sərsəmlədi

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr ko­mitəsi sədrinin birinci müavini, ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin “xod­danıb”. Heç şübhəsiz, onu ötən ay olduğu kimi, yenə də Azərbaycana qarşı “hərəkətə gətiriblər”. Kim hərəkətə gətirib? Əlbəttə ki, Rusiyadakı erməni dostları. Yəni, erməni lob­bi və diaspor təşkilatlarının təmsilçiləri. 

Əvvəlcədən bildirək ki, K.Zatulin bu ilin apre­lində iki dəfə gündəmdə olmuşdu. Hər iki halda “Gazeta.ru”ya danışmışdı. Birinci açıqlamasında bildirmişdi ki, rus hərbçilərinin Qarabağda qalma­larına heç bir lüzum yoxdur, çünki bölgədə ermə­ni qalmayıb. Ermənipərəst parlamentarinin ikinci açıqlaması isə Rusiya sülhməramlılarının Qaraba­ğı tərk etməyə başlamasından sonra olmuşdu. O, arsız-arsız rus hərbçilərinin bölgədə qalmalarının vacibliyindən dəm vurmuşdu. 

Bəli, Zatulinin qaldırdığı iddianın motivləri rəsmi İrəvanın və xaricdəki havadarlarının gündəmindəki tezislərdən fərqlənməmişdi. Məsələn, deputat bil­dirmişdi ki, guya, Rusiya sülhməramlılarının Qara­bağda olmaları bölgə ermənilərinin evlərinin dağı­dılmaması üçündür. Ən əsası isə sən demə, ruslar oradakı erməni mədəni irsinin məhvinin qarşısını alırlarmış: “Mən sülhməramlılarımızın, məsələn, er­məni əhalisi tərəfindən tərk edilmiş evlərə, tarix və mədəniyyət abidələrinə heç nəyin baş verməməsi­ni təmin etmək üçün yerləşdirməyi məqsədəuyğun görürəm”. 

Bəli, Zatulin yenə köhnə “ampluasındadır” və o, ötən ay səsləndirdiyi saxta tezisi bir daha gündəmə gətirib. Sən demə, Qarabağda monastırların adları dəyişdirilir, erməni kilsəsinin keçmişi silinir. Ermə­nipərəst deputat bununla bağlı fikirlərini Beynəlxalq Rusiya–Ermənistan “Lazarev klubu”nun altıncı icla­sında çıxış edərkən dilə gətirib. Daha doğrusu, bu, fikir bildirmək yox, sarsaqlamaqdır. Onun çıxışında­kı digər məqamlar da həmçinin: “Belə bir nəzəriyyə irəli sürülüb ki, bunlar erməni deyil, alban monastır­larıdır. Doğrudan da, vaxtilə erməni kilsəsinin tərki­bində alban kilsəsi olub. On minə yaxın udin var –bu gün onları ermənilərin olmayan kilsənin qanuni varisləri kimi təqdim etməyə çalışırlar”.

Əslində, Zatulin, belə demək müm­künsə, hansı nöqtəni nişan aldığının fərqindədir. Əvvəla, o, gözünün içinə qədər yalan danışır. Alban kilsəsi ta­rixən müstəqil şəkildə mövcud olub, heç vaxt erməni kilsəsinin tabeliyində yer almayıb. Alban kilsə məclisləri ça­ğırılanda ermənilərin nəinki Qarabağ­da, heç Qafqazda da izi-tozu yox idi. Əgər Zatulin kimi düşüncə sahibləri meydana çıxırlarsa, onlar 1830-cu il­dən, yəni ermənilərin regiona köçürül­məsindən sonra sırınan düşüncənin daşıyıcılarıdır. 

Bəli, Qarabağdakı kilsələr qədim alban kilsələridir. Bunu təsdiqləyən ni­şanələr kifayət qədərdir. O da məlum­dur ki, ermənilər işğal illərində həmin nişanələri silməklə tarixi izləri sıradan çıxarmaq istəyib, həmin mədəni miras nümunələrini erməniləşdirmək yolunu tutublar. Hazırda Azərbaycan, bütün sahələrdə ədaləti bərpa etdiyi kimi, al­ban kilsələri xüsusunda da eyni addımı atır. Bu isə Ermənistanda, xaricdəki ermənipərəst dairələrdə ciddi narazılıq yaradır. 

Qeyd edək ki, Qarabağdakı erməni mədəni mirası məsələsi rəsmi İrəva­nın siyasətində mühüm halqanı təşkil etməkdədir. Ermənistan hakimiyyəti mövcud xüsusda beynəlxalq təbliğat aparır və bu təbliğatın məqsədi Azər­baycanı ləkələməkdir. Rəsmi İrəvan nəinki anti-Azərbaycan təbliğatı apa­rır, eyni zamanda, erməni mədəni mi­rası ilə əlaqədar məsələni beynəlxalq məhkəmələrdə də qaldırmaq yolunu tutur. Məqsəd ölkəmizə qarşı antipa­tiya formalaşdırmaqla yanaşı, həm də belə demək mümkünsə, tutacaq yer tapmaqdır. Yəni, erməni başbilənlər elə düşünürlər ki, Azərbaycanın han­sısa bölgəsindəki abidənin beynəlxalq miqyasda onlara məxsusluğu təsdiqini tapsa, gələcəkdə həmin abidənin qə­rarlaşdığı torpaq ilə bağlı ərazi iddiası qaldıra bilərlər. Ortada bu qədər dərin düşünülmüş məkr var. Zatulin həmin məkrin reallaşdırılmasındakı rus ma­şasıdır. 

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həm­vətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini haqqında söz açdığımız iclasdakı çıxışında onu da bildirib ki, 2020-ci ildə rus sülhməramlıları Qa­rabağa daxil olarkən, erməni tərəfinin xahişi ilə Dadivəng (Xudavəng – red.) monastırında məsuliyyət zonasına daxil olmayan ayrıca post yaratdılar. Bu, həmin abidənin qorunub saxlan­masının vacibliyindən irəli gəlirdi. “Bu gün bilirsiniz, orada post yoxdur və bu monastırın adı artıq dəyişdirilib, Azər­baycan transkripsiyasında başqa adla gedir. Bu, mədəni və tarixi irsə qarşı birbaşa cinayətdir və hesab edirəm ki, bu, mütləq bizim yekun bəyanatımıza daxil edilməlidir”, – deyən Zatulinin bu fikrini onun may sərsəmləməsinin kul­minasiyası saymaq mümkündür. 

Məsələ burasındadır ki, Kəlbəcər rayonundakı Xudavəng monastırının inşa olunduğu 1214-cü ildə həmin əra­zidə erməni millətindən bir kimsə ol­mayıb. Ola bilər ki, erməni adı daşıyan hansısa canlı qeydə alınıb, o başqa məsələ. Amma bu, əsas vermir ki, za­tulinkimilər fəsiləsində yer alanlar Xu­davəngin erməni mədəni mirası olduğu barədə fikir bildirsinlər. 

Nəzərə alaq ki, Birinci Qarabağ müharibəsi zamanı Xudavəng mo­nastırının yerləşdiyi Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra, 1994-cü ildə monastır yenidən istifadəyə verilmişdi. 2004-cü ildə erməni əsilli ABŞ iş ada­mı Edel Hovnanyan orada restavrasiya işləri apartdırmışdı ki, proses 2005-ci ildə tamamlanmışdı. 

2017-ci ilin avqustunda isə əvvəllər Xudavəng monastırında restavrasiya aparmış italyan mütəxəssislər işlərini davam etmək üçün geri qayıtmışdılar. İşlərin 2020-ci ilə qədər tamamlan­ması planlaşdırılmışdı. İkinci Qara­bağ müharibəsi nəticəsində Kəlbəcər Azərbaycana qaytarılmış, ermənilər Xudavəng monastırını tərk etmiş, kompleksdəki xristian incəsənət nü­munələrini, o cümlədən, zınqırov və xaç daşları Ermənistana aparmışdı­lar. Zatulinin menyusu üçün deyək ki, hayların belə oğru davranışları Azər­baycan Mədəniyyət Nazirliyi tərəfindən qeyri-qanuni fəaliyyət adlandırılmışdı. Heç şübhəsiz, mövcud istiqamətdə zə­ruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcək. 

Yeri gəlmişkən, 2020-ci ilin dekab­rında İrəvandakı xalq sənətləri mu­zeyində “Dadivəngdən İrəvana” adlı satış-sərgi keçirilmişdir. Sərgidə Xu­davəng kompleksindən gətirilmiş Bib­liya, xaçlar, ikonalar, suvenirlər, həm­çinin kitablar, fotoalbomlar nümayiş olunmuşdur. Əlbəttə, burada əsas olan sərgi yox, monastırdan gətirilmiş əşya­ların satılması idi. 

Onu da bildirək ki, ölkəmizin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı 2023-cüilin mayında “Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və mil­li-mənəvi dəyərlərimiz” mövzusundakı konfransdan sonra jurnalistlərə açıq­lamasında demişdi ki, Xudavəng mo­nastırındakı erməni keşişlər oranı tərk etməlidir: “Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastırı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyəti yoxdur”. 

Bəli, Qarabağımızda heç nəyin er­mənilərə aidiyyəti yoxdur. Bu, danılmaz faktdır və elmi əsaslara malik həqiqət­dir. Zatulinin dostlarının otuz illik işğal dövründə ərazilərimizdəki mədəni mi­ras nümunələri ilə vandalcasına rəftarı da həmçinin. Yaxşı olar ki, rusiyalı par­lamentari erməni sevgisini işə salanda vicdan hissini də unutmasın. Hərçənd, bu şəxsin həmin hissi heç zaman da­şımadığını da söyləmək mümkündür. Çünki ağır hisslər cılız adamlar üçün deyil. Zatulin isə cılızlığını dəfələrlə sü­buta yetirib. Görünür, bundan sonra da “ampluasına” sadiq qalacaq. 

Sonda bir məqamın üzərində da­yanaq. Zatulinlər vaxtılə Rusiya üçün lazım idilər. Ölkədəki bəzi dairələr on­ların köməyi ilə anti-Azərbaycan fəaliy­yət gerçəkləşdirirdilər. Hazırkı məqam­da rəsmi Moskva kimin kim olduğunu anlamağa başlayıb. Deməli, Zatulin və onun kimi üfunət qoxuyan siyasət dəl­lallarının tarixin zibilliyinə atılmasının da vaxtı çatıb. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət