...Həmişəlik yaşamaq üçün köçüb gəlmisiniz ilk dəfə gördüyün bir yerə. Bəzəkli açar, bir də üstündə “Xocalı, 2024” yazılmış çəhrayı tonlu kağız çanta veriblər sənə. Yəqin, hələlik səbəbini bilmədən, böyüklərə baxıb sən də sevinirsən, balaca Rüqəyya. Bilmirsən ki, əlində tutduğun açar illərlə yurd həsrəti ilə qovrulmuş yüz minlərlə əmilərin, dayıların, xalaların, baba-nənələrin gerçəkləşən arzularının timsalıdır. Bu açar təkcə sənin deyil, bütün xocalıların bərpa edilmiş hüquqlarının, müqəddəs şəhidlərimizin döyüş meydanında alınmış qisasının, tarixi ədalətin rəmzidir.
Yəqin, doğmalarının əhatəsində, rahat avtomobildə qayıtdığın Xocalı yolu ilə bir şaxtalı fevral gecəsində yaşıdlarının əli-ayağı yalın, ölüm kabusu altında gülləyə tutulmasından, sağ qalanların erməni cəlladlarından canlarını necə qurtardığından da xəbərin yoxdur. Böyüyəndə sən Xocalına qayıda, ətirli güllərin arasında qayğısızcasına oynaya biləsən deyə, neçə-neçə əmi-dayıların canını düşmən gülləsinə sipər etdiyini də biləcəksən.
Bu gün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, yəni sənin və yaşıdlarının bayramıdır, Rüqəyya! Azad və abad Xocalının ilk sakinlərindən biri, canlı fidanımız! Bu gün, sözün hər mənasında, sənin günündür! Gözəlləşən, cənnətə çevrilən Xocalıdakı yeni evinizdə xoşbəxt yaşa! Adınla böyü, yüksəl, Azərbaycanımızın layiqli övladlarının sırasında yerini tut!
Xocalıda ilk bayramın mübarək, Rüqəyya Azad qızı!
Mahir RƏSULOĞLU
Xocalı