Epidemioloji çağırış
Sosial şəbəkələrdə Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı Rinatın, ötən həftə isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəriblinin bu xəstəlik səbəbindən vəfat etdiyi barədə xəbərlər paylaşılıb.
Bundan başqa dekabrın 1-də Sabirabadda qızılca xəstəliyindən öldüyü deyilən uşaqla bağlı TƏBİB açıqlama verib: “2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, dekabrın 1-də saat 00:15-də vəfat edib”.
Məktəblərdə şagirdlər arasında qızılca xəstəliyinin yayılması ilə bağlı Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda üç şagirddə qızılca xəstəliyinin olması barədə məlumat var: “Məktəblərdə şagirdlər arasında qızılcanın yayılması ilə bağlı diaqnoz qoyma nə mənim, nə də direktorun səlahiyyətindədir. Növbəti günlərdə yoluxma halları artarsa, bəzi sinflərin, yaxud, məktəblərin müəyyən müddətlik distant təhsilə keçirilməsinə qərar verilə bilər”.
Qızılca alovlanmaları ilə bağlı ATU-nun əczaçılıq kafedrasının müdiri, tibb elmləri doktoru Musa Qəniyev XQ-yə bildirdi:
– ÜST-nın 28 aprel 2022 tarixli məlumatında deyilirdi ki, sanitar-karantin məhdudiyyətləri tezliklə aradan qaldırılarsa, bizi qızılcanın uşaqlar arasında pandemik halı ilə bağlı “mütləq faciə riski” gözləyir. Əslində, bu xəbərdarlığın ilkin bəndi, məlum infeksiyanın baş verəcək labüd sıçrayışlı artımının səbəbi idi. Yəni sərt karantin tələbləri və maska taxılması, dövrü infeksiyaların nisbi “aqressivləşməsini” və sonda, epidemiya şəkilli artımını qaçılmaz edirdi. Bu haqda 2020-ci ilin aprel ayından başlayaraq, dəfələrlə yazmış, xüsusən ilkin uşaqlıq (1–3 yaş) və birincili uşaqlıq (3–6 yaş) dövründə olanlara maska taxdırmağın, bağışlanılmaz səhv olduğunu söyləmişəm.
Bu il avqust ayında bildirmişdim ki, xronoloji bioritm və biometroloji faktorlara birbaşa bağlılıq və asılılıq səbəbindən, COVID-19 pandemiyası başladıqdan sonra, Günəşin ekliptikada ardıcıl növbələşən 3-cü yay gündönümü tam olduğu gündən – 22 iyun 2023-cü ildən, artıq yoluxma fəallığını saxlayan (qızılca infeksiyasından başqa) heç bir “aqressiv” virus infeksiyası yoxdur. Odur ki, qızılcanın hazırkı kəskin artımı labüd və qaçılmazdır, lakin təhlükəli deyildir.
İndi isə, qızılcanın dinamik artımından yaranan narahatlıqla bağlı onu deyə bilərəm ki, istənilən infeksiyanın potensial fəallığını dəyərləndirən 2 əsas göstərici olur:
a) yoluxduruculuq qabiliyyəti – Ro indeksi
b) letallıq (ölüm törətmə) əmsalı.
Ro indeksinə görə, qızılca bütün məlum virus infeksiyaları içərisində birincidir. Yəni bir qızılca xəstəsi 11–18 nəfəri yoluxdurub xəstələndirir (Ro=11–18). Halbuki, bu indeks COVID– 19-da 2–2,2; Fəsli qripdə 1,3-ə bərabərdir və s. Odur ki, qızılcaya “heç bir vaxt yoluxmamaq” fikri tamamilə yanlış və əsassızdır. Hər bir insan bu infeksiyaya yoluxmalıdır və yoluxur. Bunun üçün xəstə ilə hətta birbaşa kontakt belə lazım deyildir. İnsanın (uşağın) olduğu otaqda, ondan 2 saat əvvəl qızılcalı xəstə olubsa, yenə də yoluxma qaçılmazdır. Odur ki, xəstəliyin hazırda müşahidə edilən artım tempi təşviş və qorxuya səbəb olacaq müstəsna bir hal kimi təqdim olunmamalıdır.
Professor qızılcanın ağırlaşmaları nəticəsində baş verən ölüm hallarına da toxundu:
– İnfeksiyaların xüsusi təhlükəliliyini dəyərləndirən letallıq əmsalıdır. Bu göstəriciyə görə, qızılcanın kütləvi epidemik halı müşahidə olunan XXI əsrdə törətdiyi ölüm, cəmi 0,004–0,28 faizdir. Başqa sözlə desək, bu göstəriciyə görə qızılca, bütün məlum virus infeksiyalarından geridir, yəni qorxusuzdur, yalnız Parotit (0,006 faiz) və su çiçəyindən (0,0001 faiz) öndədir.
Bəzi müəlliflər qızılcaya tutulmuş uşağa ikincili virus infeksiyasının (məsələn qrip, koronavirus və s. ) yoluxma ehtimalını ön plana çəkir. Bu hal nə nəzəri, nə də praktik olaraq mümkün deyildir. Çünki viruslara hüceyrədaxili mühütdə “mütləq konkurent (rəqib) antaqonizm” prinsipi xasdır. Yəni, hüceyrəyə ilkin daxil olmuş virus, digərinin daxil olmasını mütləq şəkildə əngəlləyir. Bu hal “keçid qapısının bloklanması” kimi dəyərləndirilir. Yəni, buna görə xüsusi narahatlığa əsas yoxdur.
Digər tərəfdən, qızılcaya ən həssas insan qrupu 4 yaşına qədər uşaqlar, ən etibarlı qorunma vasitəsi isə, peyvəndləmədir. Dünyada qızılcaya qarşı peyvənq 60 ilə yaxındır ki, aparılır. Bizim ölkəmizdə peyvənd “Azərbaycan Respublikasının Milli peyvənd təqvimi” siyasəti üzrə həyata keçirilir və hazırda tibbi sığortanın Xidmətlər Zərfinə daxildir, yəni ödənişsizdir (bəzi özəl sektorda müxtəlif qiymətlər deyilə bilər. Əslində bu peyvəndin dünya bazarında real qiyməti 1 dollardan aşağıdır).
Qızılca əleyhinə peyvəndin birinci dozasını hər bir uşaq, bir yaşında (dünya üzrə bu rəqəm 83 faizdir), ikinci dozasını isə 6 yaşında alır (dünya üzrə bu rəqəm 74 faizdir). Qızılca zamanı formalaşan təbii immunitet isə daimi və ömürlükdür. Odur ki, təkrar ağır xəstələnmə riski sıfır faizdir.
Musa Qəniyev tövsiyələrini də söylədi:
– Son olaraq bildirirəm ki, bu gün uşaqların həyatı üçün heç bir xüsusi qorxu və təhlükə yoxdur. Sadəcə olaraq, uşaqlar və gül üzlü körpələr qorunmalıdır. İlk növbədə, milli peyvənd təqviminə uyğun olaraq peyvənd olunmaqla. Digər zəruri hal isə, uşaqların üzündən, xüsusən kənar şəxslərin öpməsinə, onlara nəfəs verilməsinə (o cümlədən “çopçüyə” aparmaq), eləcə də digər qeyri-gigienik prosedurlara, qətiyyən yol verilməməlidir. Bu elementar qaydalara əməl etməklə, uşaqlara öz dünyalarını yaşamağa imkan verə bilərik.
Mən bunları ona görə deyirəm ki, insanlar arasında qızılca xəstəliyinin kəskin artımı ilə bağlı narahat olmasınlar. İstəyirəm ki, COVID–19 stressindən sonra insanlar, bir də əsassız olaraq, doğmalarını itirmək qorxusu yaşamasınlar. Uşaqları qorusunlar.
Zərifə BƏŞİRQIZI
XQ