Rafael Abasovun yaradıcılığında Ulu öndərin obrazı

post-img

Yubiley sərgisi

Müasir dövrümüzdə milli rəngkarlığımızın inkişafına böyük töhfələr bəxş etmiş sənətkarlardan biri də Azərbaycan Respublikasının Əməkdar rəssamı, mərhum Rafael Abasovdur 

Rafael Abasov doğulduğu Bakı şəhə­rində əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəssamlıq təhsili alıb. Əbdülxalıq Rzaqu­liyev, Böyükağa Mirzəzadə, Mikayıl Ab­dullayev, Tahir Salahov kimi görkəmli rəssamlardan bu sənətin sirlərini öyrənib. Öz yaradıcılığında “sərt üslub”a üstünlük verən rəssam bu janrda özünəməxsus əsərlər ərsəyə gətirməyə nail olub. 

Daha çox lirik-romantik əsərlərin müəllifi olan Rafael Abasov kompozisiya bütövlüyü ilə seçilən portret, natürmort, mənzərə janrında müxtəlif süjetli tablo­ların müəllifidir. Onun zəngin yaradıcı­lığında bu il anadan olmasının 100 illiyi qeyd olunan əbədiyaşar ümumilli lideri­miz Heydər Əliyevə həsr olunmuş əsər­lər geniş yer tutur. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu öndərin obrazına Rafael Abasov qədər müraciət edən rəngkar olmayıb. Buna misal olaraq unudulmaz fırça ustasının müxtəlif illərdə ərsəyə gə­tirdiyi “Düşüncәlәr”, “Qayğılı anlar” vә“İstirahәt zamanı” portret əsərlərinin adı­nı çəkmək olar. Rəssamın “Duşuncәlәr” əsəri yaratdığı portretlər sırasında öz ko­loriti və həyatiliyi ilə seçilir. Əsərdə uğur­lu kompozisiya həlli öz əksini tapıb. O, Heydər Əliyevi rəsmi obrazda, dəbdəbəli formada deyil, ev şəraitində təsvir edib. Geyimin vәduruşun sadәliyi obrazın sә­mimiliyini şәrtlәndirir. Bütün bu mәziy­yәtlәrin son nәticәsi kimi portret sujetli tablo kimi qәbul edilir. 

Bütövlükdə, Əməkdar rəssam Rafael Abasovun Heydər Əliyev ünvanlı rəng­karlıq əsərləri görkəmli dövlət xadiminin ömür yolunun müxtəlif dövrlərini əhatə etdiyinə görə, bu əsərlərin hər biri haqlı olaraq tarixilik qazanmış hesab olunur. Rafael Abasovun əsərləri yerli və xari­ci ölkələrin müxtəlif muzeylərini, ABŞ, Fransa, Meksika, Türkiyə, Yaponiya, Avstriya, Almaniya kimi ölkələrdə şəxsi kolleksiyaları bəzəyir. 

2006-cı ildə Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev tərəfin­dən ona “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adı verilib. Rəs­sam 3 dekabr 2020-ci il tarixində vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı və Bakı Xətai Sənət Mərkəzinin birgə təş­kilatçılığı ilə Rafael Abasovun 80 illiyinə həsr olunmuş xatirə gecəsində görkəmli sənətkar ehtiramla anılıb. 

Ziyarət CABAROVA-QƏHRƏMANOVA,
sənətşünas



Mədəniyyət