Media müsabiqəsi mövzusu
Ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb edən icbari tibbi sığorta əhalinin marağında olan sosial layihədir. Prezident İlham Əliyev vətəndaşlara yüksək səviyyədə və keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə icbari tibbi sığortanın geniş miqyasda həyata keçirilməsinin vacibliyini hər zaman qeyd edib. 2018-ci ildə məhz Prezidentin tövsiyəsi ilə “Tibbi sığorta haqqında” Qanun tamamilə yenilənib və sənədə 256 dəyişiklik edilib. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə sıx əlaqələr qurulub və mütəmadi olaraq icbari tibbi sığorta ilə bağlı məsələlər müzakirə edilib.
Pilot layihələr
İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyi 2016-cı ildə fəaliyyətə başlayıb. İTS-nın məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir. Bu istiqamətdə 2017–2019-cu illərdə Mingəçevirdə və Yevlaxda pilot layihələr həyata keçirilib. İcrasına 2017-ci il yanvarın 1-dən başlanılan layihə müddətində pilot ərazilərdə sığortaolunanların ümumi sayı 256 min 401 nəfər olub. 9 ayda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında sığortaolunan 104 min 81 nəfərə 352 min 271, Yevlax rayon Mərkəzi Xəstəxanasında isə 44 min 202 nəfərə 149 min 202 ambulator xidmət göstərilib. Mingəçevirdə 11 min 148 nəfər 35 min 515, Yevlaxda isə 2 min 332 nəfər 3 min 770 stasionar xidmətlə təmin olunub. Yanvar–sentyabr aylarında Mingəçevirdə 10 min 541 nəfər 14 min 856, Yevlaxda isə 3 min 977 nəfər 4 min 657 təcili və təxirəsalınmaz tibbi yardım xidməti alıb. 2017-ci ilin 9 ayı üzrə göstərilən xidmətlərin dəyəri müvafiq olaraq 6 milyon 59 min 288 manat və 1 milyon 779 min 879 manat (cəmi 7 milyon 839 min 167) təşkil edib. Bunlar sadəcə rəqəm deyil. Nə qədər insanın sağlamlığına qovuşmasının, neçə ailənin sevincinin göstəricisidir.
Növbəti ildən icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb. Gəncə, Şirvan, Qazax, Lənkəran, Salyan da daxil olmaqla daha 36 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulub. Üçüncü mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta sisteminə cəlb olunub. Beləliklə, 2021-ci ildən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edib.
Kadr təminatı
Qeyd edək ki, baza zərfinə daxil olan tibbi xidmətlərdən bəzilərinin, xüsusilə həyati vacib, dəyəri yüksək əməliyyatların pilot ərazilərdəki tibb müəssisələrində müvafiq maddi-texniki bazanın və ixtisaslı mütəxəssislərin olmaması səbəbindən həmin xidmətlər agentliklə müqavilə bağlamış özəl tibb müəssisələri tərəfindən göstərilib. Xəstəxanaların seçimi zamanı onların pilot ərazilərə yaxın yerləşməsi, tam profilli olması nəzərə alınıb. Bunlar ürək-damar cərrahiyyəsi, uroloji əməliyyatlar, travmatologiya, oftalmologiya, neyrocərrahiyyə və ümumi cərrahiyyə üzrə əməliyyatlardır.
Kadr təminatının yaxşılaşdırılması istəqamətində proqram həyata keçirilib. Proqram üzrə müxtəlif xarici ölkələrdə təhsil almış 83 həkim-mütəxəssis işə qəbul olunub. Onlardan 54-ü cərrahi, 29-u isə terapevtik profillər üzrə ixtisaslaşmış həkimlərdir. Bu tibb heyəti yalnız Bakı, Sumqayıt, Abşeronda deyil, eyni zamanda Gəncə, Ağdaş, Mingəçevir, Cəlilabad, Şəki rayon və şəhərlərində yerləşən tibb müəssisələrində çalışırlar. Xarici ölkələrdə təhsil almış bu həkimlər öz profilləri üzrə çalışmaqla yanaşı, eyni zamanda xarici təcrübənin, müasir müayinə-müalicə metodlarının yerli kadrlara öyrədilməsini, həkimlərin nəzəri bilik və praktik vərdişlərinin yaxşılaşdırılmasını həyata keçirirlər.
Baza xidmətləri və dəyişikliklər
İTS çərçivəsində vətəndaşlara təcili və təxirəsalınmaz tibbi yardım, ilkin tibbi-sanitariya yardımı; ambulator, stasionar və fizioterapevtik xidmətlər, funksional-diaqnostik və laborator müayinələr, cərrahi əməliyyatlar (o cümlədən həyati vacib, dəyəri yüksək əməliyyatlar) aid olmaqla 2550 tibbi xidmət göstərilib. Bu zərf əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, insanların vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət etdiyindən müayinə və müalicə üçün regionlardan şəhərə əhalinin axını azaldı. Bu, bölgələrdəki tibb müəssisələrində olan şəraitin, xidmətlərin keyfiyyətinin yaxşılaşdırıldığını göstərirdi. Tibbi sığorta üzrə göstərilən xidmətlərin sayının və keyfiyyətinin artırılması əhalidə məmnunluq yaratdı. Xidmətlər zərfi daha da zənginləşdirildi. Müasir texnologiyaların səhiyyəyə gətirilməsi ilə tibbi xidmətlərə vətəndaşın əlçatanlığı təmin edildi.
Hazırda Nazirlər Kabinetinin “İcbari tibbi sığorta üzrə xidmətlər zərfi”ndə dəyişiklik edilməsi barədə qərarına əsasən, İTS üzrə Dövlət Agentliyi tərəfindən xidmətlərin sayı və çeşidi artırılıb, eləcə də bəzi xidmətlərin qiyməti yenilənib. Belə ki, 765 sayda yenisi əlavə edilməklə xidmətlərin sayı 3315-ə çatdırılıb. Bunlar 200-ü laborator, 522-si stasionar, qalanları invaziv radioloji və ambulator tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub. Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək tibbi xidmətlər daxil edilib.
Tibb işçilərinin də qazancı artıb
Dəyişikliklərin tətbiqi təkcə xidmətdən istifadə edənlərin deyil, eyni zamanda, xidmət göstərənlərin də marağına hesablanıb. İcbari tibbi sığorta çərçivəsində həkimlərin əmək haqlarına 2 növ əlavə tətbiq edilib, orta və kiçik tibb işçilərinin maaşları artırılıb. 1464 tibbi xidmətin tarifi dəyişdirilərək aktual bazar qiymətlərinə uyğunlaşdırılarılıb: ambulator tibbi xidmət üzrə ixtisaslı həkim müayinəsi 17 manatdan 25 manata, ginekoloq müayinəsi (USM ilə) 25 manatdan 35 manata, laboratoriya xidməti üzrə hepatit B səthi anticismi (HBsAb) 5 manatdan 16 manata, Kalsiferol (Vitamin D) təyini 13 manatdan 21 manata qadırılıb. Stasionar tibbi xidmətlər üzrə doğuşa əllə yardım 350 manatdan 500 manata, tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı 4000 manatdan 4500 manata çatdırılıb. Xidmətlər zərfinə edilən digər dəyişikliklərə əsasən, il ərzində limit sayı 300 olan koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə sığorta limiti ləğv olunub. Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə isə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı və transplantasiyadan sonra resipiyentin (donoru qəbul edən şəxs) dərman təchizatı da sığorta ilə təminata alınıb. Qeyd edək ki, transplantasiya üçün bir donorun əməliyyata hazırlanması və əməliyyatı da tibbi xidmətin tarifinə daxildir.
Statistik göstəricilərə görə, 2022-ci ildə 55 nəfər həkim-mütəxəssisə 1,5 milyon manata yaxın, cari ilin yanvar–iyul ayları üzrə 83 nəfər həkim-mütəxəssisə 2,5 milyon manatdan çox həvəsləndirici əlavələr ödənilib. 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əmək haqlarında 3,2 dəfə artım, gəlirlərində isə 5 dəfədən 50 dəfəyədək artım olub.
İTS üzrə Dövlət Agentliyinin gələcək hədəfləri
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hədəflərindən biri ölkədə universal tibbi təminata nail olmaqdır. Universal tibbi təminat ambulator müalicə üçün nəzərdə tutulan dərman vasitələrini qismən də olsa icbari tibbi sığorta tərəfindən qarşılayır. Gələcəkdə sağlamlığın qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlər, o cümlədən ambulator şəraitdə dərman təminatı xidmətlər zərfinə daxil ediləcək. Hazırda bunun üzərində iş gedir və Türkiyə, Litva, Koreya kimi ölkələrin təcrübələri öyrənilir. Mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərmanların sığorta hesabına qarşılanması nəzərdə tutulur. İlk il kardioloji, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etmək hədəflənib. Bu, onu göstərir ki, icbari tibbi sığorta həkimlərin rifahına və bütövlükdə, səhiyyə sisteminə müsbət təsir göstərir. 3 ildən də az müddətdə belə uğurlara nail olunubsa, uzunmüddətli perspektivdə daha böyük nailiyyətlər əldə ediləcək.
Hazırda işğaldan azad olunan Şuşa, Zəngilan, Laçın və Ağdamda səhiyyə infrastrukturunun təkmilləşdirilməsi məqsədilə modul tipli xəstəxanalar quraşdırılıb. Travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional-diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri çalışırlar. Sakinlər icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanırlar. Cari ilin sonuna qədər Hadrutda modul tipli xəstəxananın quraşdırılması başa çatacaq. Növbəti illərdə işğaldan azad olunmuş digər ərazilərdə də belə xəstəxanalar açılacaq və sakinlər tibbi sığortadan yararlanacaqlar. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradıb, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırmaqla bərabər, xidmətlərin keyfiyyətinin müasir tələblərə cavab verməsinə nəzarət edir.
Bunlar vətəndaşların sağlamlığı naminə səhiyyədə aparılan islahatların uğurlu nəticələridir. Artıq əhalinin aztəminatlı təbəqəsi bir sıra xəstəliklərin müalicəsi və əməliyyatı üçün xarici ölkələrə üz tutmur. Ölkənin səhiyyə müəssisələrində əlavə xərclərdən azad şəkildə tibbi sığortadan yararlanır və sağlamlıqlarına qovuşurlar.
Bununla da ölkəmizin səhiyyə sistemində struktur islahatları aparılmaqla dövlətin və hökumətin sosial siyasəti istiqamətində yeniliyə imza atılıb, səhiyyədə idarəetmə təkmilləşdirilib. Bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiq olunması isə özünü uğurla doğruldur. Sistem tədricən daha da təkmilləşəcək və nəticədə həm əhalinin daha çox tibbi xidmətlərə əlçatanlığı artacaq, həm də tibb müəssisələrinin infrastrukturu yaxşılaşacaq.
Zərifə HÜSEYNOVA
XQ
Məqalə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.