Abşeronda “təcili yardım” “təxirə salınan yardım”a keçib?

post-img

Çəkinmədən, qətiyyətlə və birmənalı şəkildə deyirəm: Xırdalanda əhaliyə göstəriləcək təcili tibbi yardım xidməti sıfır səviyyəsindədir. Bu qurumun adı Təcili və Təxirəsalınmaz Tibbi Xidmət Stansiyası olsa da, bütün çağırışları “təxirə salırlar”. Mən bunu təkcə öz başıma gələnlər əsasında demirəm, sakinlərdən dəfələrlə eşitdiyim “Çağırmayın, gəlməyəcəklər!” – xəbərdarlığına da istinad edirəm. 

Əvvəllər – biz burada 2020-ci ildən yaşayırıq – kimdənsə “gəlməyəcəklər” ifadəsini eşidəndə həmin adamı qına­yırdım ki, dövlət qurumunun fəaliyyə­tinə kölgə salmaq istəyirlər. Bunu tək­cə rəsmi dövlət qəzetində çalışdığıma görə demirdim, ümumiyyətlə, ölkədəki sosial-iqtisadi inkişafın səviyyəsinə arxayın olan vətəndaş kimi deyirdim. Sən demə, bu inkişaf tempinə kölgə salan “gəlməyəcəklər” – deyən sakin­lər yox, çağırışa gəlməyən “təcili yar­dım” işçiləridir. İndi isə özüm “təcili yar­dım”a zəng etmək istəyənlərə deyirəm ki, çağırmayın, gəlməyəcəklər.

Qeyd etdiyim kimi, biz artıq 35 aydır ki, Xırdalanda yaşayırıq. Evimizdə hə­kim yardımına ehtiyac hiss edən ailə üzvümüz olduğuna görə bu müddətdə, bəlkə də, əlli dəfə zəng etmişəm, hələ bircə dəfə də olsun “təcili yardım” hə­kimlərinin üzünü görməmişəm. Gəlmə­dikləri bir yana, zəng edən sakinə nor­mal münasibətləri də yoxdur. Həmişə taksi tapıb xəstəni müxtəlif xəstəxana­lara aparmışıq. Hətta bir dəfə qonşu­lar da toplaşıb “çağırış göndərməkdə” mənə kömək etdilər ki, bəlkə, nə isə alındı. Ancaq onda da alınmadı. Hər dəfə dəstəyi götürüb başqa bir nömrə deyirlər ki, oraya zəng edin. Zəng edi­rik. Oradan da bayaqkı nömrəyə zəng eləməyi məsləhət bilirlər. Sadəcə, sa­kinlərin əsəbləri ilə oynayırlar. 

Mayın 15-də isə başqa bir nanə­cibliyə imza atdılar. Yeddi-səkkiz dəfə zəng etdim, axır ki, dəstəyi götürən xanım (əslində, “xanım” sözü ona ha­ramdır) dedi ki, bizim imkanımız yox­dur, “102”-yə zəng edin, adətən, onlar həkim göndərirlər. Həmin ünvana zəng etdim, dedilər ki, təcrübədə belə bir fakt olmayıb: “102-nin həkimi də yox­dur, təcili yardım maşını da. Ola bilsin ki, həkimlər sizinlə zarafat ediblər”. Mat qaldım. Gecə saat 11-də həkim qadın 70 yaşlı qoca ilə niyə “zarafatlaşsın?”

Başqa bir məqamı da yada sal­maq istəyirəm. Sakinlərdən biri dedi ki, həkimləri tənqid etməklə iş bitmir. Buradakı təcili yardım stansiyası Xır­dalanın 35-40 min, Abşeronun isə yüz min nəfərə yaxın əhalisi olanda forma­laşdırılıb. İndi isə Xırdalan şəhəri ilə Abşeron rayonunun əhalisi bir milyona yaxındır. Yəni müvafiq dövlət qurumları bunu nəzərə almalıdır. 

Həmin ahıl sakinin dediklərindən belə çıxdı ki, biz xəstələrimizi müvafiq tibb müəssisələrinə çatdırmaq üçün hələ uzun müddət taksilər axtarmalı olacağıq. Eybi yoxdur, dözərik. Təki Səhiyyə Nazirliyindəki soydaşlarımızın işi rəvan getsin. Dövlət vəsaitini hara, necə xərcləyirlərsə, xərcləsinlər. Sa­kinlər “təcili yardım”sız da keçinə bilər­lər. Bu ifadəni bilərəkdən belə yazdım. Çünki “keçinmək” sözünün bir mənası da vəfat etməkdir. Nazirlikdəkilərin nə vecinə...

P.S. Təxminən 10-15 gün əvvəl metronun 28 May stansiyasının per­ronunda yanında dörd-beş yaşlı oğlan uşağı olan cavan qadının vəziyyəti pis­ləşmiş, dili boğazına getmişdi. Metro işçiləri, oradakı polislər və sərnişinlər xəstəyə kömək etmək və uşağın psixo­loji travma almaması üçün elə səfər­bər olmuşdular ki, xalqımızın böyük­lüyü ilə bir daha fəxr etdim və ürəyim riqqətə gəldi. Ancaq çağırışdan yarım saat keçməsinə baxmayaraq “təcili yardım”ın gəlməməsinə ironiya ilə mü­nasibət bildirən kişinin sözünə hamı kimi mən də gülmüşdüm: “Onlar yerin üstündəki xəstələrin yanına çatmırlar, yerin altına necə gəlsinlər?”. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Sosial həyat