Heydər Əliyev dərsləri

post-img

(əvvəli https://xalqqazeti.az/sosial-heyat/127148-heyder-eliyev-dersleri)

Rus qoşunlarının qarşısı necə alındı? 

Atəşkəs dövründə Kreml, guya, atəşkəsi təmin etmək üçün rus qo­şunlarının Azərbaycana gətirilməsinə dəfələrlə təşəbbüs göstərmişdi. Hətta bir dəfə bu təşəbbüs, az qala, gerçək­ləşəcəkdi. Heydər Əliyev ölkəni bu xatadan necə xilas etdiyini 2001-ci ilin fevralında belə xatırlayır: 

Ümid edirdik ki, atəşkəs dövrün­də məsələnin sülh yolu ilə həllinə nail olacağıq. Ancaq bəlkə çoxları bilmir. Biz həmin o günlər bir xatadan qurtar­dıq. Onda bu məsələdə əsasən Rusi­ya vasitəçilik edirdi. Baxmayaraq ki, Minsk qrupu da var idi. Amma Rusiya təşəbbüsü öz əlinə keçirmişdi. Atəşkəs haqqında saziş imzalandı və dərhal Rusiyanın müdafiə naziri xahiş etdi ki, qoy Ermənistanın və Azərbaycanın müdafiə nazirləri Moskvaya gəlsinlər, oturaq, məsləhətləşək ki, torpaqları bundan sonra necə azad edək. Buna inandıq. Müdafiə nazirimizi oraya gön­dərdik. O vaxt Məmmədov familiyalı bir nazirimiz var idi. Təəssüf ki, o vaxtlar müdafiə nazirlərinin bir neçəsi layiqli insanlar olmayıblar. 

Ancaq sabahı gün nə baş verdi? Onda Minsk qrupunun həmsədri yox idi, sədr idi. İsveçdən Yan Eliasson sədr idi. O, Ermənistanda olmuşdu, sonra buraya gəlmişdi. O da atəşkəsin yaranmasında iştirak edirdi. Mən onun­la danışıq aparırdım. Birdən mənə xə­bər verdilər ki, Moskvadan televiziya göstərir ki, Qraçov böyük iclas keçirir və orada tədbirlər görür ki, Azərbay­canda nə etmək lazımdır. Mən dərhal narahat oldum. Moskvada müdafiə na­zirimizi axtardım. Nə meydana çıxdı? Meydana çıxdı ki, buradan Rəsul Qu­liyevin razılığı ilə, Moskvada da bizim səfirin iştirakı ilə orada belə bir danışıq gedir ki, atəşkəsi təmin etmək üçün Rusiya öz ayırıcı qoşunlarını bölgəyə göndərsin. Həsən Həsənov buradadır­mı?

Həsən Həsənov (keçmiş Xarici iş­lər naziri -F.S.): Bəli, cənab Prezident.

Heydər Əliyev: Yadındadırmı?

Həsən Həsənov: Bəli, çox yaxşı yadımdadır.

Heydər Əliyev: Gecə səhərə qədər neçə saat...

Həsən Həsənov: Onu səhər saat 7-də tapdıq.

Heydər Əliyev: Mən onu saat 7-də məcbur etdim ki, təcili təyyarəyə min, buraya gəl. Yadındadır?

Həsən Həsənov: O bir müddət giz­ləndi. Hətta iki saat onu tapa bilmədik, gec gəldi.

Heydər Əliyev: Bəli. Gizləndi, bizə xəyanət etdi. Bununla qurtarmadı. On­dan üç gün sonra Rusiyanın Müdafiə Nazirliyinin böyük tərkibdə general­ları Azərbaycana planlarla gəldilər ki, harada nəyi yerləşdirəcəyik və sizə kömək edəcəyik ki, Ermənistan qoşun hissələri buradan çıxsınlar. Mən onları dinlədim, dedim təşəbbüsünüzə görə sağ olun. Amma bizim buna ehtiyacı­mız yoxdur. Çox cəhd etdilər, bəlkə biz gedək, yenə baxın. Dedim, yox. Xahiş edirəm ki, siz buradan dönüb öz yeri­nizə gedəsiniz. Biz o vaxt belə bir təh­lükədən qurtardıq. 

“Mən “sərt lider” anlayışı ilə razı deyiləm”

Çoxları Heydər Əliyevi sərt adam kimi səciyyələndirirdi. Bu, doğrudanmı, belə idi? Ulu öndər 1998-ci ilin apre­lində Rusiyanın "İzvestiya" qəzetinin müxbirinə verdiyi müsahibədə bu sua­la tam dolğunluğu ilə belə cavab verib:

Müxbir: Sizi sərt, bəziləri isə avto­ritar siyasətçi adlandırırlar. Əgər belə qiymətlə razısınızsa, onda öz üslubu­nuzu nə ilə izah edərsiniz – siyasi və­ziyyətlə, milli mentalitetlə, Şərq xüsu­siyyətləri ilə?

Heydər Əliyev: Məni nahaq yerə “sərt lider” hesab edirlər. Mən belə qiymətlə razı deyiləm. Sərtlik, yum­şaqlıq – bunlar subyektiv anlayışlardır. Siyasətçi ya liberal, ya da prinsipial ola bilər. Bir var ki, siyasətçi prinsipi­al mövqe tutur və onu ardıcıl surətdə həyata keçirir, – bu, sərt deyil, qəti mövqedir. Liberal insanın belə hesab etməsi isə tamam başqa məsələdir ki, hər şey rəvandır – belə də etmək olar, elə də – bu halda mövqe səbat­sız, yayğın, cəmiyyət üçün anlaşılmaz olar. Əminəm ki, hakimiyyətdə olan in­san liberal ola bilməz. O ki qaldı, mənə, təkrar edirəm, mən “sərt lider” anlayı­şı ilə razı deyiləm, əksinə, özümü öz mövqelərini dürüst müəyyənləşdirmiş, onları qorumağı və öz qərarlarını qətiy­yətlə həyata keçirməyi bacaran adam sayıram. Xarakterimin və iş üslubumun xüsusiyyətləri sizin dediyiniz kimi, Şərq mentaliteti ilə əsla bağlı deyildir. Əl­bəttə, mən öz millətimə mənsubam və xarakterimdə milli xüsusiyyətlər çoxdur və bununla fəxr edirəm. Lakin böyük siyasət onunla ciddi məşğul olmağı qərara almış hər bir kəsdən müvafiq mentalitet tələb edir.

Suslovu belə susdurdu

M.Suslov sovet partiya və dövlət xadimi, qatı kommunist ideoloqu kimi rəhbər elitada çox yüksək nüfuza ma­lik idi. "Boz kardinal" ləqəbi verilmiş bu siyasətçi ilə heç kim üz-üzə gəlməyə, mübahisəyə girişməyə cürət etməz­di. Heydər Əliyev cəsarəti belə xof­lardan çox uzaq idi. Bunu sübut edən hadisələrdən birini ulu öndər sonralar belə xatırlayır: 

– Mən yenə də Nizaminin yubile­yinə qayıdıram. Məsələn, Nizaminin əsərləri hələ 1947-ci ildə tərcümə olu­nub, nəşr edilibdir. Ondan sonra Azər­baycanda bu sahədə işlər həmin əsas üzərində davam etdirilibdir. Şübhəsiz ki, ondan sonra biz Nizami Gəncəvinin 840 illik yubileyini də keçirdik. Xatirim­dədir, Moskvada buna nə qədər mənfi münasibət göstəriblər. Mən təklif ver­mişdim ki, Nizami Gəncəvinin 840 illik yubileyini keçirmək lazımdır. O vaxt Mərkəzi Komitənin ikinci katibi Suslov mənə dedi ki, axı bu, yuvarlaq tarix de­yil, gərək ya 800, 850, ya da 900 olsun. O vaxt mənim ona dediyim sözlər Mos­kvada da geniş yayılmışdı. Mən dedim ki, “Hörmətli Suslov, Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır”. Biz o vaxt Ni­zaminin 840 illik yubileyini keçirdik.

V. Çernomırdin: “Heydər Əliyev məni elə bir vəziyyətə qoydu ki...” 

Heydər Əliyev ATƏT-in Minsk qrupu həmsədrləri və həmin ölkələri təmsil edən rəsmi şəxslərlərlə gö­rüşlərində onları fəaliyyətsizlikdə və birtərəfli mövqedə durmaqda ittiham edirdi. Hətta görüşlərin birində Rusiya Federasiyasının keçmiş baş naziri V. Çernomırdini elə bir çıxılmaz vəziy­yətə salmışdı ki, sonralar Rusiyanın bu tanınmış siyasətçisi nə edəcəyini bilmədiyini etiraf etmişdi. Ulu öndər bunu belə xatırlayır:

– Rusiyanın Xarici işlər naziri sentyabrın əvvəlində burada olmuşdur. Əgər televiziyada gördünüzsə – qə­zetlərdə də yazılıb – mən ona nə qə­dər kəskin sözlər dedim. Ondan sonra Amerika Prezidentinin bu məsələlər üzrə xüsusi səfiri Kavano buraya gəl­mişdi – ona necə kəskin sözlər dedim. Fransa Minsk qrupuna yeni səfirini təyin edibdir. Dünən ona da kəskin sözlər dedim. Ondan əvvəlkilərə də... Rusiyanın Xarici işlər naziri, ola bilər ki, televiziya qarşısında o cür kəskin sözləri ömründə heç vaxt eşitməmişdi. Arada Çernomırdin bura gəldi. Artıq o, Baş nazir deyildi. Amma Yuqoslaviya məsələsini həll etmək üçün Yeltsin onu səlahiyyətli nümayəndəsi təyin etmişdi. Bu da bütün MDB ölkələri­ni gəzib bizim fikirlərimizi öyrənmək üçün gəlmişdi. O, neçə il Baş nazir ol­muşdu. Mən ona neçə dəfə demişdim ki, Azərbaycana gəl. Gələ bilməmişdi, vaxtı olmamışdı. 

Yuqoslaviya məsələsi qaldı kənar­da, bütün mətbuatın qarşısında mən bunu əvvəldən axıra qədər ittiham etdim – Dağlıq Qarabağ məsələsi ilə əlaqədar. O, bilmirdi nə etsin. Sonra gedib başqa bir MDB dövlətinin prezi­denti ilə görüşündə demişdi ki, Heydər Əliyev məni elə bir vəziyyətə qoydu ki, bilmədim nə edim. Çünki bütün mətbu­atın qarşısında mənə o cür sözlər dedi, mən ona heç bir cavab verə bilmədim... 

Jak Şiraka demişdi ki, biz sizə inanmırıq

Heydər Əliyev ATƏT-in Minsk qru­pu formalaşarkən Fransanın həmsədrliyinin qəti əleyhdarı olmuşdu. O, mövqeyini Parisə səfəri zamanı Fransa Prezidenti Jak Şirakın üzünə demişdi. Ümummilli lider bu barədə belə deyir:

– Lissabon zirvə görüşünü gö­türək. O vaxta qədər Minsk qrupun­da Rusiya hakim idi. Mən məsələni qoydum ki, artıq belə olmaz, gərək Amerika Birləşmiş Ştatları da Rusiya ilə bərabər həmsədr olsun. Amerika Birləşmiş Ştatları ilə danışdıq və söz verdilər ki, əgər onlar həmsədr olsa­lar, bu işi irəliyə apara biləcəklər. Biz bu təklifi verdik. Rusiya və Ermənistan Amerika Birləşmiş Ştatlarının əleyhinə çıxdılar. Mən dedim ki, yox. Amerika Birləşmiş Ştatlarının nümayəndələri də bizə deyirlər ki, siz möhkəm durun. Fransanın namizədliyini verdilər. Yan­var ayının 11-12-si idi. Fransa Pre­zidenti Jak Şirak məni rəsmi səfərə dəvət etmişdi. O vaxt da bu məsələ həll olunurdu. Mən gəldim, Prezident sarayında – Yelisey sarayında o, məni təmtəraqlı qəbul etdi və danışıqlar apardı. Danışıqlarımızın yarısı bunun üstündə oldu ki, siz niyə bizim həm­sədr olmağımızı istəmirsiniz? Təsəv­vür edin, Fransanın Prezidenti kimi çox hörmətli, dünya siyasətində böyük bir yer tutan adama – mən onun qo­nağı olduğum halda – üzbəüz dedim ki, biz sizə inanmırıq. Çünki burada ermənilər çoxdur, ermənilərin burada təsiri çoxdur. Biz sizə inanmırıq. Siz istəyirsiniz inciyin, istəyirsiniz incimə­yin…

(ardı var)

 

Təqdim etdi:
Faiq SADIQOV, Əməkdar jurnalist

Sosial həyat