Paşinyan iki od arasında

post-img

Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlar iki ölkənin rəhbər şəxslərinin bu gün Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək görüşü ərəfəsində də bitmək bilmir. Bu təxribat zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun üzbəüz mövqeləri istiqamətində zərbə pilotsuz uçuş aparatları tətbiq edir, minaatanlardan, D-30 toplarından atəş açır.

Bundan başqa, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azər­baycan ərazisindəki qeyri-qanuni ermə­ni silahlı dəstəsi tərəfindən ordumuzun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələr­lə atəşə məruz qalır. Təəssüf ki, qarşı tərəfin davam edən təxribatı nəticəsin­də mayın 12-də axşam saatlarında or­dumuzun əsgəri Qarayev Məhəmməd Mahir oğlu da şəhid olub. Bununla da son təxribatlar nəticəsində şəhid olan hərbçilərimizin sayı ikiyə çatıb.

Rəsmi İrəvanın yüksək səviyyəli da­nışıqlar ərəfəsində törətdiyi bu düşünül­müş təxribat, şübhəsiz ki, görüş zamanı hansısa nəticənin əldə edilməsinin qar­şısını almağa xidmət edir. Haylar hər zaman bu cür davranırlar. Bu, Ermənis­tan rəhbərliyinin dəyişilməz taktiki gedi­şidir. Hər dəfə sülh prosesində kiçik bir irəliləyiş qeydə alındıqda onlar növbəti inkişafın qarşısını almaq üçün təxribat törədirlər. Ayın əvvəlində ABŞ-dakı da­nışıqlardan sonra Brüsseldə keçiriləcək görüşdə irəliyə doğru addım atılacağına dair ümid yaranmışdı. Ancaq rəsmi İrə­vanın təxribatı Brüsseldə hansısa razı­lığın əldə ediləcəyini bəri başdan şübhə altına alır.

Bəzi ekspertlər isə bu fikirdədirlər ki, budəfəki təxribat Ermənistan ordu­sundakı “beşinci kolon”un əməli ola bilər. Onlar öz fikirlərini bununla əsas­landırırlar ki, Qərbin vasitəçiliyi ilə apa­rılan danışıqlar Rusiyanın maraqları ilə toqquşur. Odur ki, ordudakı “beşinci kolon” işə düşərək Qərbin vasitəçiliyinin uğursuz olması üçün qanlı insidentlər törədir. Onu da qeyd edək ki, orduda “beşinci kolon”un mövcudluğunu Er­mənistan hökumətinin müxtəlif üzvləri zaman-zaman etiraf ediblər. Sonuncu dəfə bu istiqamətdə öz fikirlərini Ermə­nistan istintaq komitəsinin sədri (əvvəl­lər milli təhlükəsizlik xidmətinin rəhbəri olub) Arqişti Karamyan mayın 9-da İrəvandakı Qələbə parkında jurnalist­lərlə söhbəti zamanı açıqlayıb. İstintaq komitəsinin rəhbəri ordudakı “beşinci kolon”la bağlı suala cavab olaraq deyib: “Beşinci kolon” var idi. Düşünürəm ki, hələ də var. Vaxt gələcək cəmiyyətimiz “beşinci kolon”un nümayəndələrinin kimlər olduğunu dəqiq biləcək. Söz ve­rirəm”.

Üstəlik, nəzərə almaq lazımdır ki, bir neçə gün öncə Nikol Paşinyan Rusiya paytaxtında səfərdə olub. Şərti sərhəd­dəki təxribat Paşinyanın parad niyyətli Moskva görüşünün fəsadı kimi də qiy­mətləndirilə bilər. Hadisələrin xronologi­yasını izlədikdən sonra aparılan təhlil­lər baş verənlərin təsadüf olmadığını deməyə əsas verir.

Bundan əlavə, görüş ərəfəsində Er­mənistanda baş verən bir sıra hadisələr, o cümlədən, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması, “Nemezis” terror aktını törədənlərə abi­də qoyulması, iki əsgərimiz üzərində qurama “məhkəmə prosesi”nin keçiril­məsi, onlardan birinin 11,5 il müddətinə azadlıqdan məhrum edilməsi hayların sülh, azərbaycanlılarla mehriban qon­şuluq münasibətləri barədə düşünmə­diklərini nümayiş etdirir. Bütün bunlar Ermənistan cəmiyyətinin, bütövlükdə, revanşist əhval-ruhiyyədə olduğunu demək üçün kifayət qədər əsas yaradır.

Ermənistanın sülh sazişi üzrə da­nışıqlar prosesini pozmağa yönəlmiş təxribatları və təcavüzü ilə bağlı Azər­baycanın ATƏT yanında Daimi Nü­mayəndəliyi də öz etiraz səsini ucaldıb. Daimi Nümayəndəlik ATƏT-in Daimi Şurasının iclasında xüsusi bəyanatla çıxış edib. Bəyanatda 10-12 may ta­rixlərində Ermənistan tərəfindən növ­bəti hərbi təxribatın törədildiyi, nəticədə Azərbaycan Ordusunun 2 hərbi qulluq­çusunun şəhid olduğu, ordumuzun 1 hərbi qulluqçusunun isə ağır yaralan­dığı diqqətə çatdırılıb. Vaşinqton görü­şündən dərhal sonra qəsdən törədilmiş bu təxribatın, Ermənistanın sülh gündə­liyinin irəli aparılmasında maraqlı olma­dığını göstərdiyi bildirilib. Son dövrlərdə Ermənistanda baş verən hadisələrin, xüsusilə Azərbaycan əsgərləri üzərin­də qondarma “məhkəmə prosesi”nin keçirilməsinin, “Nemezis” terror əmə­liyyatına həsr olunmuş abidənin qoyul­masının bölgədə sülh və təhlükəsizliyə təhdid törətdiyi, revanşizm meyillərini artırdığı qeyd olunub.

Bəyanatda, həmçinin normallaşma gündəliyinin təşəbbüskarı olan və ha­zırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparan Azər­baycanın gərginlikdə maraqlı olmadığı, habelə təxribatların qarşısını almaq üçün bütün lazımi tədbirləri gördüyü bil­dirilib. Ermənistanın bu kimi təxribatları­nın beynəlxalq ictimaiyyət tərəfindən qı­nanılmalı olduğu, o cümlədən, bu ölkəni sülh gündəliyinə sadiq qalmağa təşviq etmək məqsədilə beynəlxalq səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Ancaq göründüyü kimi, təcavüzka­rın növbəti təxribatı beynəlxalq ictima­iyyət tərəfindən qınanılmır. Ermənistan rəhbərliyinin şərti sərhəddə kənardan idarə olunan qüvvələrin əli ilə törətdi­yi təxribatla bağlı dünya ictimaiyyəti, o cümlədən, ATƏT heç bir tədbir görmür və təcavüzkarı qınaq mexanizmi yarat­mır. Bu istiqamətdə beynəlxalq birliyin səyləri gücləndirilmədən rəsmi İrəvanın sülhə gələcəyi heç də inandırıcı görün­mür.

İmperator I Nikolayın dövründə ci­nayət işlətmiş şəxsin iki cərgə əsgərin arasından keçirilməsi kimi bir cəza növu olub. Bu cəza növü böyük rus ədibi Lev Tolstoyun “Hacı Murad” povestində ət­raflı təsvir edilib. Belə ki, müqəssirlər birbaşa ölümə məhkum edilmir, ancaq onlar iki cərgənin arasından keçirilir, bu zaman onlara çubuqla 12 min dəfə zər­bə vurulurdu. Heç 12 min dəfəyə ehti­yac qalmırdı. Bir neçə zərbədən sonra huşunu itirən şəxs sonrakı zərbələrdə dünyasını dəyişirdi. İndi Paşinyan da ayrı-ayrı siyasi qütblərin cərgələri ara­sından keçməyə məhkum kimi görünür. Onun bu cərgələr arasında, mövcud geosiyasi turbulentlik (burulğanlar) şə­raitində nə qədər duruş gətirəcəyini isə zaman göstərəcək.

İlyas HÜSEYNOV, 

politoloq

Ermənistanın hərbi-siyasi rəhbərli­yi şərti sərhəddə törətdiyi təxribatlarla Brüssel görüşünün nəticəsiz olması­na çalışır. Rəsmi İrəvan sülh prose­sinə açıq, şəffaf və səmimi yanaşmır. Ermənistan həm də üçtərəfli bəya­natla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək kontekstində vaxt qazanmağa çalışır, məsuliyyətdən boyun qaçırır, eyni zamanda, bölgə­də yaranmış yeni geosiyasi reallıq­ları dəyişməyə uğursuz cəhdlər edir. Bütün bunlar onu göstərir ki, Brüssel formatında görüşlər keçirilsə də, İrə­van revanşist əməllərindən əl çəkmək niyyətində deyil. Bu yanaşma siyasi sahədə problemlərin nizamlanması müstəvisində böyük çətinliklər yara­dır. Ancaq mayın 3-də ADA Universi­tetinin təşkilatçılığı ilə Şuşada keçi­rilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda cənab İlham Əliyevin de­diyi kimi, əgər onlar konstruktiv olma­salar, sadəcə, sülh olmayacaq, kom­munikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün ge­osiyasi vəziyyət – söhbət təkcə regi­ondan deyil, qlobal vəziyyətdən gedir – dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin haylar üçün, bu, böyük çağırış olacaqdır.

 

Səxavət HƏMİD,

“Xalq qəzeti”



Siyasət