Fransa “ən ucuz yolu” seçir...

post-img

Otuz il ərzində Cənubi Qafqaz regionunu “barıt çəlləyinə” çevirmiş Qarabağ münaqişəsi iki il yarımdır həll olunub. Regionda yeni reallıqlar yaranıb. Amma bir sıra ölkələr, ilk növbədə, ermənipərəst Fransa hökuməti Azərbaycanın beynəlxalq qanunlar çərçivəsində ərazi bütövlüyünü bərpa etməsindən narahatdır. Ermənilərin düşdüyü rəzil vəziyyətdən istifadə edən rəsmi Paris Azərbaycana qarşı hətta, proksi müharibə aparmağa başlayıb. NATO-nun və Avropa İttifaqının üzvü olan bir ölkənin belə destruktiv addım atması həm demokratiya, həm də “böyük ölkə” adına böyük biabırçılıqdır.

İngilis-rus lüğətinə görə, proksi müha­ribə üçüncü tərəf vasitəsilə iki güc arasın­da aparılan müharibəni ifadə edən hərbi termindir. Proksi müharibənin klassik tə­rifi 1964-cü ildə amerikalı politoloq Karl Doyç tərəfindən irəli sürülmüşdü. ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer isə çıxışlarının birində proksi müharibələri “başqasının əlləri ilə aparılan mühari­bələr” adlandırmışdı. D. Eyzenhauer belə münaqişələri “milli məqsədlərə çatmağın ən ucuz yolu” və “ən ucuz sığorta” kimi qiymətləndirmişdi. Bu cür müharibələrin birbaşa hərbi müdaxilə ilə müqayisədə maliyyə xərclərini və siyasi riskləri azalt­dığı nəzərdə tutulurdu. 

Milli Təhlükəsizlik Araşdırmaları Mərkəzinin məqaləsində proksi mühari­bələri “üçüncü tərəfin dolayısı ilə öz ma­raqları naminə iştirak etdiyi, münaqişənin iki aktorundan birinə hərbi, təşkilati, re­surs, siyasi və ya digər dəstəyin təmini kimi müəyyən edilir”. Həmin məqalədə bildirilir ki, proksi müharibələr uzun tarixə malikdir, lakin onlar ən çox nüvə silahı­nın yaranması ilə əlaqədar geniş yayılıb. Yəni, nüvə gücləri bu metoda əl atmaqla öz aralarında birbaşa hərbi toqquşma­lardan qaçmağa çalışırlar. Xatırladaq ki, proksi müharibələr “soyuq müharibə” döv­ründə standart münaqişə forması idi. Ko­reya(1950-1953), Vyetnam(1957-1975) və Əfqanıstan müharibələrini (1979-1989) buna nümunə göstərmək olar. Qeyd etmək lazımdır ki, proksi müharibənin məqsədi geosiyasi düşməni zəiflətmək, ona xeyli daxili problem yaratmaq, bey­nəlxalq səviyyədə nüfuzunu mümkün qə­dər aşağı salmaqdır.

Göründüyü kimi, proksi müharibələr böyük dövlətlərin tez-tez əl atdıqları se­vimli metoddur. Almaniya Kansleri An­gela Merkelin təqaüdə çıxmasından sonra özü­nü Avropanın Napoleonu kimi aparmağa çalışan Fransa Prezidenti Emma­nuel Makron da ölkəsinin heç vaxt güclü mövqeyi olmadığı Cənubi Qafqaz regionunda möhkəmlən­mək istəyir. Son olaraq da Parisin Ermənistana hərbi attaşe təyin etməsi Fran­sanın militarist siyasətin­dən xəbər verir. Son gün­lər mətbuat orqanlarında Fransanın Ermənistanla hərbi əməkdaşlığını gücləndirmək istəmə­si və hətta ermənilərə öldürücü silahlar verilməsi barədə məlumatların yayılması Yelisey sarayının bəd niyyətini təsdiqləyir.

Artıq məlum olur ki, fransızlar Cənubi Qafqaz regionuna soxulmaq üçün proksi müharibəyə belə əl atırlar. Yəni, Duayt Eyzenhauerin dediyi kimi, milli məqsəd­lərə çatmağın ən ucuz yolunu seçməyə üstünlük verirlər. Fransızların Azərbay­cana qarşı belə müharibə apardığını təs­diqləyən videogörüntülər də var. Əldə et­diyimiz məlumata görə, Ermənistan silahlı qüvvələri mülki avtomobildən PUA-ların zərbə və kəşfiyyatına nəzarət mərkəzi kimi istifadə edib. Mülki avtomobil mayın 12-də Ermənistanın hərbi təxribatının qarşısının alınması zamanı məhv edilib. Görüntülərə diqqət yetirərkən partlayış yerindən təşviş içində qaçan iki erməni əsgərdən fərqli olaraq, qara ködəkçəli şəxsin peşəkarlıqla hadisə yerindən sü­rünərək uzaqlaşdığı görünür. Həmin şəx­sin NATO standartlarına uyğun yüksək təlim keçdiyi hiss olunur. Söhbət fransız hərbi təlimçidən gedir. Üstəlik, NATO-nun təlimi ilə belə “mülki” mütəxəssislərin pey­da olması birinci hal deyil. Oxşar siqnallar şərti sərhədin digər hissələrindən də gəlir.

Bir sözlə, Fransa Cənubi Qafqaz re­gionunun zəif bəndi hesab edilən Ermə­nistanın əli ilə Azərbaycana qarşı proksi müharibəyə başlayıb. Təbii ki, Azərbay­can istənilən təxribarın qarşısını alacaq və beynəlxalq qanunlara uyğun addımlar atacaq. Sadəcə, NATO-nun və Avropa İt­tifaqının üzvü olan Fransanın belə ucuz yola düşməsi həm demokratiya, həm də “Köhnə dünya”nın adına böyük biabırçı­lıqdır.

S.ELCAN, “Xalq qəzeti”

Siyasət