Brüsseldə “iks” saatı

post-img

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının Brüssel raundunda Vaşinqtonda əldə edilmiş razılaşmanın nəticəsi kimi müəyyən irəliləyişin olması sual altındadır.

Hər dəfə sülh gündəliyində müsbət təmayüllər müşahidə ediləndə, qarşılıq­lı münasibətlərin yumşalmasına ümidlər göyərəndə İrəvan bu prosesi ləngitməyə yönəlik təxribatlara baş vurur. Hayastan rəhbərliyində bir növ adət halını almış bu pozuculuq fəaliyyətinin kənardan körük­ləndirildiyi, rəsmi İrəvanın sülhə mane ol­mağa təhrik edildiyi göz önündədir.

Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramını açıqlayan Avropa İttifaqının (Aİ) ofisi Azər­baycan və Ermənistan liderlərinin danı­şıqlar aparacağını təsdiqləyib. Məlumatda üçtərəfli danışıqlardan əvvəl missiyanın təşəbbüskarı, Aİ Şurasının prezidenti Şarl Mişelin baş nazir Nikol Paşinyanla, daha sonra Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcəyi də bildirilir. Bəzi müstəqil siyasi analitiklərin mövzu ilə bağlı şərh­lərində konkret bu sual dominantlıq edir: Ermənistan rəhbərliyi Brüsseldə Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqmı? 

Milli Məclisin deputatı, politoloq Ra­sim Musabəyov hesab edir ki, Paşinyanın bunu Brüsseldə dilə gətirib–gətirməyə­cəyi Bakı üçün əhəmiyyət daşımır: “Ha­yastanın baş naziri bunu hələ Praqa gö­rüşündə söyləyib. Bu fikir həmin görüşün yekunu kimi Şarl Mişelin mediaya verdiyi açıqlamada da öz təsdiqini tapıb. Üstəlik, Paşinyan bunu öz parlamentlərində də etiraf edib. Amma onu da bilirik ki, o, bu gün dediyini sabah başqa qəlibə salır. Nə­hayət, bu məsələ sülh müqaviləsində öz əksini tapmalı, parlamentdə paraflanmalı və qanuni qüvvəyə minməlidir. Bu, Ermə­nistanın öhdəliyidir. Yəni, bizim üçün Pa­şinyanın sözü, etirafı kifayət eləmir. İndi o, Brüsseldə, misal üçün, deyə bilər ki, Azər­baycanın, Qarabağ da daxil olmaqla, əra­zi bütövlüyünü tanıyıram, amma Qaraba­ğın erməni sakinlərinin öz müqəddaratını təyinetmə hüququ var. Brüssel görüşündə hansısa sənədin imzalanacağını düşün­mürəm. Amma, ənənəvi olaraq, Şarl Mi­şelin görüşün nəticəsi kimi müəyyən ümu­miləşdirici açıqlama verəcəyi və həmin mətndə qarşılıqlı ərazi bütövlüyü məsələ­sinin öz əksini tapacağı gözləniləndir”. 

Böyük ehtimalla Vaşinqtonun irəli sür­düyü sülh sazişi layihəsində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü­nün tanındığı və Qarabağın erməni icma­sı üçün heç bir xüsusi statusun nəzərdə tutulmadığı qeyd olunub. 

Ordusunda “beşinci kolon”un olduğu­nu etiraf edən baş nazir, əlbəttə ki, belə taleyüklü qərarları təkbaşına verməyə çə­kinir. Hayastan hakimiyyətinin həm sülh sazişi, həm də Qarabağla bağlı utopik mülahizələr irəli sürməsi, yersiz iddialar səsləndirməsi məhz “beşinci kolon”un yaratdığı qorxu amili ilə bağlıdır. Aİ-nin timsalında Qərbin xoşməramlı və ardı­cıl sülhyaratma təşəbbüslərinə İrəvanın ikibaşlı yanaşmaları da buradan qay­naqlanır. Cənubi Qafqazı özlərinin “arxa bağçası” sayan bəzi güc mərkəzlərindən fərqli olaraq, Türkiyə və ABŞ kimi Avropa İttifaqı da bu gün bölgədə uzunmüddətli möhkəm sülhün və əmin-amanlığın, qar­şılıqlı faydalı əməkdaşlığın tərəfdarıdırlar. Bundan daha çox udan tərəfin isə Ermə­nistanın olacağı şəksizdir. 

Belçika paytaxtında bazar gününün ikinci yarısının “iks” saatında Paşinyan son vaxtlar vərdiş halını almış “ittiham­namələrini” səsləndirə bilər. Misal üçün, Azərbaycanın Laçın yolunda nəzarət-bu­raxılış məntəqəsi qurması, guya, 10 no­yabr 2020-ci il tarixli Bəyanata ziddir; şərti sərhəddə vəziyyəti məhz Azərbaycan tərəfi gərginləşdirir, bununla da delimitasi­ya prosesinə mane olur, yaxud, Qarabağ ermənilərinin müqəddaratı beynəlxalq “normalara” uyğun həll edilməlidir. Onun bu xarakterli dezinformasiya və ağ yalan­larının siyahısına Brüsseldə yenilərini də əlavə edəcəyi istisna deyil. Axı beş gün sonra onu Moskvada keçiriləcəyi ehtimal olunan toplantıdan öncə indiki görüşlə bağlı ciddi sorğu-sual gözləyir. Buna görə, proqnoz nə qədər pessimist səslənsə də, Hayastanın baş nazirinin Avropanın gö­bəyində “mən sülh sazişinə imza atıram” kimi bəyanat verməsi onun öz qətlinə fər­manı imzalaması olardı. Heç qibtəediləsi vəziyyət deyil... 

Yeganə HACIYEVA, 

politoloq

Brüssel görüşü öncəsi Ermə­nistanın şərti sərhəddə törətdiyi təxribatların hədəfləri barədə onu demək olar ki, məqsəd 14 may sülh danışıqlarını pozmaqdır. Artıq iki il yarımdır ki, üçtərəfli Bəyanatın bəndlərinin razılaşdırılması üzərin­də işlər davam edir. Bu danışıqlar­da əldə edilən yeganə siyasi razı­laşma tərəflərin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması barə­dədir. Həmin razılaşma keçən ilin oktyabrında məhz Brüsseldə əldə olunub. Moskvanın Ermənistana geniş təsir imkanlarına, Qarabağda Rusiyanın sülhyaratma hərbi kon­tingentinin yerləşməsinə baxma­yaraq, bu qərar Avropa İttifaqının vasitəçiliyi ilə qəbul edildi. Amma 14 may danışqlarından ciddi bir ra­zılaşmanı gözləmək əbəsdir, çünki, paralel aparılan sülh dialoqunda Aİ də özünün mülki, indi artıq hərbi missiyasını bölgəyə yerləşdirmək üçün müəyyən addımlar atır. İrə­van da buna qarşılıq olaraq konkret addımlara getməlidir. Bu isə onun Aİ-yə ümidlərinin gerçəkləşməsinə müəyyən əsas yaratmalıdır. Axı Aİ Ermənistana hərbi-siyasi və ma­liyyə dəstəyini təmənnasız vermir. Düşünürük ki, Brüssel danışıqla­rında sərhədin delimitasiya və de­markasiya məsələsində müəyən irəliləyiş ola bilər. Ümumilikdə, İrə­vanın şərti sərhəddə baş verən son hadisələrdə Bakını təqsirkar çıxar­mağa çalışmasının əlavə arqument kimi Aİ-nin əlində istifadəyə yararlı “təzyiq alətinə” çevrilməsi istisna edilmir. 

Əgər İrəvan yenə də gözlə gö­rünən addımlar atmasa, Bakı üçün Brüssel görüşünün heç bir əhəmiy­yəti olmayacaq.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət