Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!
Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən
Şuşa, 10 may 2023-cü il
Bu sətirləri qələmə alarkən bir həmkarımızdan eşitdim ki, ulu öndərin 100 illiyinə ən layiqlı töhfələrdən biri məhz dövlət başçımızın Şuşadan xalqa müraciəti oldu. Həmin müraciətdə deyilir ki, 1993-cü ilin yayında Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha sübut etdi. Heydər Əliyev həmin ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1993-cü il seçkiləri xalqımız və dövlətimiz üçün ona görə tarixi əhəmiyyət kəsb edir ki, ulu öndər xalqın etimadından dərhal sonra ölkədə ciddi islahatlara başlamışdı. Siyasi sahədə islahatlar aparılmış, bütün azadlıqlar təmin edilmişdi. AXC – Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv olundu. Əvvəlki iqtidarın səhvləri üzündən bağlanmış sərhədlərimiz dünya ölkələrinin üzünə açılmış,ölkəmizin beynəlxalq təcridinə son qoyulmuşdu.
Prezidentin fikrincə, bu addımlar bizim üçün ona görə zəruri idi ki, torpaqlarımız işğal altında idi. Ancaq ovaxtkı hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində dünyada elə bir təsəvvür var idi ki, sanki Azərbaycan təcavüzkardır. Yəni, böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etdilər.
Dövlət başçımız xatırlatdı ki, 1993-cü ildən bəri bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri mükəmməl təfəkkürə malik gənclər ordusunun yetişdirilməsidir. Əslində, dövlət başçımız bu qəbildən olan qiymətləndirmələri dövri olaraq səsləndirir. Həm Gənclər Günü münasibətilə keçirilən tədbirlərdə, həm Silahlı Qüvvələr Günündə, həm də yeni təhsil ilinin başlanması zamanı cənab Prezidentin Azərbaycan gəncliyinə inam və etimad dolu fikirlərini dəfələrlə eşitmişik. Bu arqumentə ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşadan səsləndirilən müraciətdə də toxunulması isə daha çox diqqət çəkirdi.
Çünki həm gəncliyə dövlət qayğısı göstərilməsinin, yeni nəslin müxtəlif dövlət qurumlarında irəli çəkilməsinin, peşəkar hərbçilər yetişdirilməsinin təməlində ümummilli liderimizin siyasi kursu dayanır, həm də cənab Prezidentin xalqa müraciət etdiyi Şuşanı düşmən tapdağından məhz Azərbaycan gəncliyinin hünəri, cəsarəti və mərdliyi azad etmişdir.
Dövlət başçımız həmin müraciətində xatırlatdı ki, bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyanın ayrı-ayrı guşələrində müxtəlif meyillər, tendensiyalar müşahidə olunur, “yeni dəyərlər” meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq: “Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk”.
Bir faktı yada salmaq zərurəti var. Belə ki, müstəqilliyin ilk illərindəki gənclik haqqında söz açarkən, dərhal yada düşən tələbələr, idmançılar və əsgərlər olurdu. Çünki həmin illərdə gəncləri bu iki –üç sahədən başqa heç yerdə görə bilməzdin. İndi isə Azərbaycan gənci Prezidentin köməkçisi, nazir, deputat, diplomat, icra hakimiyyəti başçısı və həm də tələbə, idmançı və əsgərdir.
Bəli, bugünkü Azərbaycan əsgərinin, yəni Azərbaycan gəncinin İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi məharətlə təkcə dövlət başçımız yox, bütün xalq fəxr edir. Ordumuzun döyüş taktikası və strategiyası dünyanın aparıcı hərbi məktəblərinin peşəkar mütəxəssisləri tərəfindən öyrənilir.
Dövlət başçımız ötən ilin fevralında – Gənclər Gününün 25 illiyinə həsr olunmuş forumda sualları cavablandırarkən demişdi ki, Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin cənab İlham Əliyev Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır: “Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”.
Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlardan biri də məhz Azərbaycan gəncləri ilə bağlıdır. Belə ki, dövlət başçımızın da xatırlatdığı kimi, bu gün bizim qəhrəman gənclərimiz – dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz bu yolda hamı üçün nümunə olublar.
Prezident əmindir ki, səngərlərdə, döyüş meydanlarında, kəşfiyyat fəaliyyətində şücaət və perşəkarlıq göstərmiş gənclər bu nailiyyətin məsuliyyətini dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, nümunə götürsünlər: “Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar”.
Dövlət başçımız 10 may tarixli müraciətinin sonunda bir daha ulu öndərin arzu-istəklərini xatırladaraq deyir ki, bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qurub yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik: “Necə ki, ulu öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan –Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik”.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

