“Azərbaycanla Ermənistan arasında çox vacib sülh sazişi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir”. Belə bir bəyanatla sözügedən qurumun mətbuat katibinin müavini Vedant Patel çıxış edib.
Əlbəttə, cənab Patelin bu fikirlərini Birləşmiş Ştatların Azərbaycan–Ermənistan nizamlanmasından qopmadığının təsdiqi kimi qəbul etmək mümkündür. Nəzərə alaq ki, hər iki ölkənin xarici işlər nazirlərinin Birləşmiş Ştatlarda dörd gün davam etmiş danışıqlar raundundan sonra prosesin əhəmiyyətini heçə endirməyə yönələn fikirlər səslənmişdi. Bakı bu baxımdan diplomatik münasibət ortaya qoyub təmkinli davransa da, yəni, səmərəsizlik ritorikasından uzaq dursa da, İrəvandan gələn açıqlamalar onu deməyə əsas verirdi ki, Ermənistan ABŞ vasitəçiliyinin nəinki fayda vermədiyi qənaətindədir, üstəlik, bunu ictimai rəydə gücləndirmək fikrindədir.
Baş nazir Nikol Paşinyanın administrasiyasının təmsilçiləri, elə onun özü üçün belə bir görüntü hava-su kimi lazımdır. Bir tərəfdən, fon yaratmaq ki, ölkə konstruktivdir, sülhə gəlmək üçün, necə deyərlər, alışıb-yanır, digər yandan bütün sülh təşəbbüslərini heçə endirmək və müəyyən mənada, günahı vasitəçilərdə axtarmaq, daha doğrusu, vurğunu onların bölgədəki maraqları üzərinə qoyaraq, uzlaşmanın mümkünsüzlüyü reallığını doğurmaq – rəsmi İrəvanın niyyəti budur. Əlbəttə, Ermənistan siyasəti üçün Azərbaycanın, guya, maksimalist tələblər irəli sürdüyü məntiqini qabartmaq da xarakterikdir.
Daha bir məqam. Dörd gün davam etmiş Arlinqton danışıqlarından sonra Ermənistanın hakim siyasi dairələrində belə fikir yarandı ki, Bakı ilə İrəvan arasındakı münasibətlərin yoluna qoyulmasına sistemli yanaşılması üçün Rusiyanın mövqeyi vacibdir. Mövcud xüsusda Kremlin Cənubi Qafqaz siyasi akvatoriyası ilə əlaqədar tarixi bağları üzərinə gəlindi. Bölgənin Moskvanın mənəvi orbitində olduğuna dair baxışlar da, həmçinin.
Əslində, qeyd etdiyimiz xüsus Nikol Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci il inqilabından sonra Ermənistan baxımından görünməmiş siyasi ritorika sayılmalıdır. 44 günlük müharibədən əvvəl rəsmi İrəvan, ümumiyyətlə, Rusiyanı saymırdı. Müharibədən sonra buna məcbur qaldı. Son bir ildə də Ermənistan şimal qonşusuna tam əhəmiyyətsiz yanaşmaqdadır. Sual olunur: Rusiya amili nə üçün əsas tutulur?
Cavab birmənalıdır: üfüqdə sülh perpektivi görünəndə İrəvan bu yola əl atır, siyasi manipulyasiyalara baş vurur. Sanki, anti-Rusiya mövqeyindən çıxış edib Azərbaycan-Ermənistan sərhədinin Ermənistan tərəfinə Avropa İttifaqının müşahidəçilərini gətirən, Moskvanın hakim rol oynadığı, özünün də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsinin missiyasının ölkəyə gəlişinə əngəllər törədən Paşinyan administrasiyası deyil.
Bəli, Ermənistan öz avantürizmi üçün Rusiyanı yüksək tutur, ABŞ-ın vasitəçilik missiyasını kölgələməyə cəhd göstərir. Əlbəttə, bu prosesdə Moskva da az rol oynamır. Kremlin rəsmi təmsilçiləri və ona yaxın dairələr açıqlamalarında Vaşinqtonun sülh missiyasını heçə endirmək yönümlü baxışlar səsləndirirlər. Bütün bunların fonunda Birləşmiş Ştatlardan açıqlama gəlməli idi və V.Patelin şəxsində gəldi də. Hərçənd, demək olmaz ki, bu açıqlama birbaşa ABŞ-a əks mövqe tutanlara cavab ruhundadır. Ancaq cavab hər bir halda, duyulur. Məsələn, Patel bildirir: “İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz, təbii ki, mayın əvvəlində bu iki ölkənin rəsmilərini qəbul etməkdən məmnuq idik”.
Əlbəttə, sülh yolu kifayət qədər aydındır. Yəni, həm də Vaşinqton o yolu aydın görür. V.Patel inandığını bildirir ki, ABŞ-dakı danışıqlar səmərəli olub və Brüsseldə keçiriləcək növbəti raundun davamı üçün zəmindir. Deməli, Vaşinqton kollektiv Qərb vasitəçiliyi kontekstindən çıxış etməyə üstünlük verir. Halbuki dördgünlük danışıqlar raunduna qədər və ondan az sonra belə təəssürat yox idi. Elə təsəvvür formalaşırdı ki, Birləşmiş Ştatlar Azərbaycan–Ermənistan nizamlaması üzrə özünü müstəqil oyunçu olaraq göstərmək istəyir. Ancaq yuxarıda da vurğuladıq ki, Ermənistan mətləbdən yayındı və Vaşinqtonun aydın gördüyü yolu, belə demək mümkünsə, dumanlandırdı.
Dövlət Departamentinin öz təşəbbüsünün davamını Brüsseldə axtarmaq əzmi də dumandan qurtulmaq istəyindən qaynaqlanır. Başqa sözlə desək, Ağ ev kollektiv Qərb vasitəçiliyi üzərinə gəlir. Nəzərə alaq ki, ABŞ üçün bu məntiq Rusiya vasitəçiliyindən daha yaxşıdır. Axı, Moskva Cənubi Qafqaz tənzimləməsində özünü alternativsiz tərəf kimi görməkdədir. İndiki halda Vaşinqtonun kollektiv Qərb nizamlamasından uzaqlaşması, Rusiyanın mövqeyinin güclənməsi reallığını doğura bilər. Deməli, bu reallığa qarşı çıxmaq şərtdir.
Diqqət yetirək: V.Patel deyir ki, hərbi əməliyyatlar davamlı və ləyaqətli sülhə doğru əldə olunan tərəqqiyə xələl gətirir. Ardınca Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Vaşinqton danışığını vacib müsbət addım sayır. Onu da bildirir ki, görüş zamanı tərəflər bir neçə vacib sualları müzakirə etmək, bir-birinin nəzər nöqtəsini görmək imkanı qazanıblar. Ən əsası isə: "Biz inanırıq ki, möhkəm irəliləyiş üçün hələ doğru yol var. Biz inanırıq ki, bu problemin sülh yolu ilə həlli var. Ona görə də biz dövlət katibindən başlayaraq, bu məsələ ilə bu qədər dərindən məşğul olmağa davam edirik. Lakin mən danışıqları qabaqlamaq istəmirəm”.
Qeyd edək ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin dörd gün davam etmiş danışıqları əsnasında ABŞ-dan gələn mesajların məğzində bu cəhət də dayanırdı ki, sanki, rəsmi Vaşinqton hər iki ölkə rəsmilərinin görüşmələri üçün yalnız məkan təşkil etmək kimi texniki iş həyata keçirməkdədir. Yəni, Birləşmiş Ştatlar tərəflərin birbaşa təmasının vacibliyini vurğulayırdı. İndi Patelin Vaşinqton prosesinin davamı kimi Azərbaycanın və Ermənistanın liderlərinin mayın 14-də keçiriləcək Brüssel raunduna, necə deyərlər, sərmayə yatırması onu göstərir ki, burada həlledici məqam məkan məsələsi deyil. Həqiqətən də söhbət əgər məkandan gedirsə, o zaman Gürcüstan həm neytrallıq, həm də məsafə baxımından ən münasibdir və uzun yol qət edib Vaşinqtona, Brüsselə və Moskvaya getməyə heç bir ehtiyac yoxdur. Amma aydındır ki, belə bir ehtiyac var.
Əlbəttə, haqqında söz açdığımız ehtiyacın olmadığı da yüksək səslə vurğulanır. Bu mənada son günlər səslənmiş ən tutarlı və real bəyanatın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısı Şuşada keçirilmiş beynəlxalq konfransdakı çıxışında Ermənistana birbaşa, vasitəçilərsiz danışıqlar aparmağı təklif etdi. Görünür, Azərbaycan lideri də vasitəçilik missiyalarının həm faydasızlıqlığı, eyni zamanda, ziyanlılığı məntiqini qabardır. Ölkəmizin rəhbəri, həmçinin, bu missiyaların daşıdıqları maraqları da aydın görür. Həmin maraqların kontekstində İrəvanın hansı manipulyasiyalara yol verdiyini və sülh imitasiyalarını da həmçinin.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

