Mötəbər məlumata əsasən, Fransa Ermənistandakı səfirliyinin yanında yeni hərbi attaşenin təyin olunması barədə qərar qəbul edib. Bu barədə Caliber.az saytı məlumat yayıb. Beləliklə, bir müddət bundan əvvəl Fransanın “Intelligence Online” nəşri tərəfindən yayılan məlumat öz təsdiqini tapıb.
Bu addım ilk dəfə yüksək səviyyədə 2022-ci ilin sentyabrında, Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı müzakirə olunub və indi faktiki olaraq rəsmiləşir. Bildirilir ki, fransalı hərbi attaşe Fransa ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Parisin Ermənistana ölümcül silahların tədarükü barədə hərbi-siyasi qərarına əsas dəstəyi isə şəxsən Fransa Prezidenti Emmanuel Makron göstərib.
Beləliklə, Avropa İttifaqının aparıcı ölkələrindən biri regiona ölümcül silahların tədarükündən imtina üzrə ənənəvi ümumavropa siyasətini kobud şəkildə pozub. Materialda deyilir ki, bununla da Fransa regionda hərbi potensialın Ermənistanın xeyrinə olmasına səy göstərir.
***
Fransanın bu addımı onun ermənipərəst mahiyyətindən bir addım da uzaqlaşmadığının göstəricisidir. Rəsmi Paris 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətə uğramış Ermənistanın ayağa qalxması, dirçəlməsi üçün hər vəchlə çalışır. Fransa “bacısı” adlandırdığı Ermənistana indiyədək daha çox mənəvi-siyasi, iqtisadi dəstək göstərirdi. İndi isə bu sıraya hərbi-texniki dəstək də əlavə olunur.
Aydın məsələdir ki, Ermənistan bu silahları hansısa müdafiə sərgisində nümayiş etdirmək, yaxud hərbi hissələrin silah-sursat anbarında paslanması üçün almır. Onlardan ilk növbədə özünə başlıca təhdid saydığı Azərbaycana qarşı istifadə etməyə çalışacaq. Sirr deyil ki, bu gün Ermənistanda bir çoxu revanşist hisslərlə yaşayır. Ölkənin Hindistanla hərbi-texniki əməkdaşlığı genişləndirməsinə, Dehlidən 244 milyon dollar dəyərində silah-sursat, o cümlədən “Pinaka” reaktiv yaylım atəşi sistemləri və “Svati” radarları tədarük etməsinə də bu kontekstdə yanaşılmalıdır.
Ötən ilin oktyabrında isə Ermənistan mediasında İrandan pilotsuz uçuş aparatları almasına dair məlumat yayılmışdı. Təcavüzkar ölkənin müdafiə nazirliyi bu məlumatı nə təsdiq, nə də inkar etmişdi. İndi Fransanın da Ermənistanı silahlandırması Azərbaycana qarşı məkrli niyyətlərdən, Bakı ilə İrəvan arasında hərbi tarazlığı hayların xeyrinə dəyişdirmək istəyindən xəbər verir.
Fransa BMT nizamnaməsinə görə, qurumun beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan ali orqanının – Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Nüvə silahına malik dövlətdir. Fransa 1949-cu ildə NATO-nu təsis edən 12 ölkədən, 1952-ci ildə Avropa Kömür və Polad Birliyinin (hazırkı Avropa İttifaqı) əsasını qoyan 6 dövlətdən biridir. Xüsusilə, BMT TŞ-nin daimi üzvü olması Fransanın sülhün və əmin-amanlığın qorunmasında məsuliyyət daşımasını şərtləndirir. Parisin atdığı bu addım isə onun beynəlxalq münasibətlər sistemindəki yeri və rolu ilə heç cür uzlaşmır. Bundan əlavə, Fransa uzun illər ATƏT-in Minsk qrupunun həmsədri olub. Bu gün də Bris Rokfeyl adlı diplomatın Minsk qrupunda həmsədr olduğunu iddia edir. Görünür, aşkar tərəfkeşlik edən ölkənin vasitəçi ola bilməyəcəyi barədə qızıl qaydanı Parisdə unudublar.
Onu da qeyd edək ki, Fransanın açıq ermənipərəstliyi Azərbaycanda zaman-zaman tənqid olunub. Sonuncu dəfə Milli Məclisin sədri Sahibə Qafarova mayın 11-də Fransanın ölkəmizdəki səfiri Ann Buayonla görüşərkən, bəzi Fransa rəsmilərinin və siyasətçilərinin Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə açıq şəkildə Ermənistana dəstəyini ifadə edən, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və ermənipərəst siyasətini dəstəkləyən bəyanatlarının ictimaiyyətimizin haqlı və ciddi narazılığına səbəb olduğunu xatırladıb. S.Qafarova, bu çərçivədə Fransa Senatında və Milli Assambleyada qərəzli qətnamələrin qəbul edilməsini pisləyib. O xatırladıb ki, 2022-ci ilin noyabrında Milli Məclis tərəfindən Senatda və Milli Assambleyada bu qətnamələrin qəbul edilməsini pisləyən bəyanat qəbul edilib.
Parlamentin sədri Fransanın Xarici işlər naziri Ketrin Kolonnanın regiona son səfəri, Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatlar, həmçinin Fransanın ictimai radiosuna verdiyi müsahibədə səsləndirdiyi iddiaları da qəbuledilməz adlandırıb. Onun fikrincə, bu kimi qeyri-obyektiv fikirlər göstərir ki, Fransa bu məsələdə birtərəfli, qərəzli mövqeyini davam etdirir.
***
Məsələ ilə bağlı “Xalq qəzeti”nə açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, bütün səfirliklərdə müxtəlif attaşelər, o cümlədən hərbi attaşelər fəaliyyət göstərir. Ancaq regiondakı gərginlik fonunda Fransanın Ermənistandakı səfirliyi yanında yeni hərbi attaşenin təyin olunması, təbii ki, qeyri-adi haldır: “İlk növbədə nəzərə almaq lazımdır ki, NATO 1990-cı illərdən etibarən öz üzvlərinə Ermənistan və Azərbaycana hərbi münaqişə vəziyyətində olduqları üçün silah və hərbi texnika satışına qadağa qoyub. Belə görünür ki, Paris alyansın qərarını sadəcə olaraq, tapdalayır”.
Fikrət Sadıqov qeyd edib ki, görünür, Fransa Azərbaycanın güclənməsindən və Ankara-Bakı tandeminin yaranmasından çox narahatdır: “Hesab edir ki, o, yaranmış vəziyyətdə Ermənistanın yanında olmalıdır. Ancaq biz Ermənistana heç bir təhlükə yaratmırıq. Onlar bizə qarşı təxribat törədir. Biz öz torpaqlarımızı azad etmişik və hazırda da öz torpaqlarımızdayıq. Bunu sağlam düşüncəli bütün insanlar başa düşürlər. Əgər Parisdə Ermənistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirdikdən sonra Azərbaycana qarşı hansısa addım ata biləcəklərini düşünürlərsə, demək, yanılırlar. Biz öz torpaqlarımızı müdafiə etməyə hər zaman hazırıq. Bizim güclü müttəfiqlərimiz var. Ərazi bütövlüyümüzü qorumaq, müdafiə etmək üçün imkanlarımız kifayət qədər genişdir. Hərbi attaşenin təyin olunması ilə onlar heç bir məqsədə nail ola bilməyəcəklər”.
Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşir isə bildirib ki, Fransa təkcə Azərbaycana qarşı deyil, bütövlükdə, Cənubi Qafqaz regionunun təhlükəsizliyinə ciddi təhdid yaradır və sülh prosesinə əngəl olur.
Onun sözlərinə görə, Fransanın Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin edilməsi ilə bağlı məsələnin yalnız rəsmi tərəfi qalıb: “Yeni hərbi attaşenin əsas fəaliyyət istiqaməti ondan ibarət olacaq ki, Ermənistana Fransanın müasir silahları verilsin: “Belə olanda sual ortaya çıxır ki, Fransanın məqsədi nədir? Əgər sülh prosesinə töhfə verməkdirsə, onda ümumilikdə, Avropanın mövqeyinə tam zidd mövqe sərgiləmək daha bir riyakarlığın aşkar göstəricisidir. Çünki Avropa İttifaqının yanaşması ondan ibarətdir ki, istər keçmiş, istərsə də hazırkı münaqişə bölgələrinə silahların verilməsinə məhdudiyyətlər tətbiq olunsun. Amma Fransa aşkar şəkildə Ermənistanı silahlandırmaqda marağını nümayiş etdirir, ölkəmizin ərazi bütövlüyün şübhə altına qoyur”.
***
Yazımızın girişində qeyd etdiyimiz kimi, Paris indiyədək bir çox açıq ermənipərəst addımlar atıb. Ancaq onun bu addımları Azərbaycanı heç zaman öz yolundan çəkindirə bilməyib. Çünki Azərbaycanın yolu haqq yoludur. Sonuncu dəfə 2022-ci ilin dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT TŞ-nin iclasını çağırmışdılar. Hər iki ölkə Azərbaycana qarşı növbəti ədalətsizliyi qlobal platformada legitimləşdirməyə cəhd etsə də, növbəti dəfə rüsvay oldular. Özü də Fransa BMT TŞ-nin daimi üzvü və həmin dövrdə qurumun sədri idi. On gün ərzində bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilməyən Fransa və onun yaxın müttəfiqi üzərində Azərbaycanın diplomatik-siyasi qələbələri bundan sonra da davam edəcək.
Şair RAMALDANOV, 
hərbi ekspert
– Düşünürəm ki, bu, Emmanuel Makronun auditoriyaya hesablanmış gedişidir. Onun məqsədi Fransada yaşayan 500 minə yaxın erməni mənşəli vətəndaşı seçici elektoratı kimi öz əlində saxlamaqdır. Digər tərəfdən, attaşenin səlahiyyəti çox azdır. O cümlədən, onun müqavilə imzalamaq səlahiyyəti yoxdur. Əgər Fransa Ermənistana silah verəcəksə, bu, dövlətlərarası alqı-satqı müqaviləsi əsasında olacaq. Ona görə də hərbi attaşenin orada olub-olmaması heç nəyi həll etmir. O olsa da, olmasa da silah-sursat satıla bilər.
Bundan əlavə nəzərə almalıyıq ki, Ermənistandakı silahların 90-95 faizi Rusiya istehsalıdır. Fransanın verəcəyi silahlar Rusiyanın silahları ilə adaptasiya olunaraq atəşi avtomatik idarəetmənin ümumi sisteminə uyğun gəlməyəcək. Bir hərbçi kimi deyirəm ki, burada ciddi problemlər ortaya çıxa bilər.
Fransanın Ermənistana silah satması Azərbaycana heç bir təsir göstərə, regionda hərbi balansı Ermənistanın xeyrinə dəyişdirə bilməz. Çünki Ali Baş Komandan İlham Əliyev mayın 10-da Şuşadan xalqa müracətində ordumuzun güclənməsi üçün lazım olan addımları bundan sonra da atacağımızı bildirdi. Azərbaycan Ordusu cənab İlham Əliyevin dediyi kimi dünyanın ən güclü orduları sırasındadır. Ermənistan bundan sonra illərlə silah alsa da, qarşı tərəfin cavabını vermək üçün ordumuzun gücü yetərlidir.
Səxavət HƏMİD, “Xalq qəzeti”


                                

